Mobil versiya
Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri əldə olunan bütün uğurların əsasında durur
Tarix: 15-06-2023 | Saat: 07:11
Bölmə:Siyasət / Özəl | çapa göndər

Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri əldə olunan bütün uğurların əsasında durur

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən az müddət sonra, iyun ayının 12-13-də Azərbaycana səfər etməsi ölkələrimiz arasında olan birlik və qardaşlığın bütün regionda sabitlik, inkişaf və sülhə xidmət edən çox mühüm beynəlxalq amil olduğunu və bu amilin mahiyyətini bir daha qabarıq şəkildə bütün dünyaya nümayiş etdirir. İki ölkənin dövlət başçılarının görüşündən sonra cənab Prezident İlham Əliyev mətbuata verdiyi açıqlamasında xüsusi olaraq qeyd etdi ki, 20 ildən çox müddət ərzində Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dövləti və xalqı böyük və şərəfli inkişaf yolu keçmişdir. Əlbəttə ki, Türkiyə Prezidentinin seçkilərdə bu dəfəki qələbəsi də qardaş ölkədə aparılan siyasətin xalq tərəfindən yüksək qiymətləndirildiyini və dəstəkləndiyini bir daha bariz şəkildə təsdiq edir. Bu gün Türkiyə şübhəsiz, dünya miqyasında böyük güc mərkəzlərindən biri kimi özünü təsdiq edib. Eyni zamanda da bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni perspektivlər açılıb. Azərbaycan və Türkiyə Prezidentlərinin həm təkbətək, həm də geniş tərkibdə keçirdikləri danışıqların gedişində bir daha ölkələrimizin ortaq niyyəti ifadə olundu, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələrinin durduğu vurğulandı.

Qeyd olunmalıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Bu mühüm tarixi əhəmiyyət kəsb edən sənədin icrası ilk növbədə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir. Şuşa Bəyannaməsi ölkələrimiz arasındakı müttəfiqlik əlaqələrini yeni səviyyəyə qaldırmaqla regionda sülhə və inteqrasiyaya yol açır. Həmçinin ölkəmizin təşəbbüskarı olduğu beynəlxalq nəqliyyat layihələri bütün Avrasiya məkanı ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan artıq reallığa çevrilmək üzrə olan Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Müasir dünyada, xüsusən də son illər formalaşmış geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan ərazisindən, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqır. Bütün bunlar isə Zəngəzur dəhlizinin açılmasını qaçılmaz edir. Bu məqsədlə Azərbaycan və Türkiyə bu istiqamətdə birgə səylərini daha da artıracaqlar.

Azərbaycan və Türkiyə Prezidentləri arasında keçirilən təkbətək və geniş tərkibli görüşlərdə gələcək işbirliyi proqramı müzakirə olunub, iki qardaş ölkənin bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəkləri vurğulanıb. Çünki məhz bu amil, xarici siyasətlə əlaqədar Türkiyə və Azərbaycanın dövlət başçılarının apardıqları birgə fəaliyyət bölgədə sülhün və sabitliyin təmin olunması baxımından çox böyük önəm daşıyır. Təbii ki, ölkələrimiz arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq çox vacibdir. Azərbaycan Ordusu bu gün Türkiyə modeli əsasında inkişaf edir və bu, dövlətimizin gücünü, qüdrətini daha da artırır. Dövlət başçımızın dediyi kimi, bu gün dünyada güc amili getdikcə daha çox ön plana çıxır, beynəlxalq hüquq isə çalışmır. Ona görə də birgə fəaliyyət istiqamətində aparılacaq işlər ölkələrimizin gücünü həm bölgədə, həm dünyada daha da artıracaq.

Həmçinin Azərbaycan-Türkiyə əmkdaşlıq əlaqələri bu gün xüsusilə enerji sahəsində sürətlə inkişaf edir. Məlumdur ki, bu gün Azərbaycandan Türkiyəyə təbii qazın ixracı ildən-ilə artır. Bundan başqa Türkiyə ərazisindən Avropa ölkələrinə ixrac edilən Azərbaycan təbii qazının da həcmi artmaqdadır. Lakin dövlət başçımızın dediyi kimi, hazırda ölkələrimiz arasında bərpaolunan enerji növləri üzrə əməkdaşlığın da böyük perspektivləri var. Azərbaycanın nəhəng bərpa olunan enerji ehtiyatları bu perspektivləri daha da genişləndirir.

Dövlət başçılarının görüşü zamanı müzakirə olunan önəmli məsələlərdən biri də təhsil sahəsi ilə bağlı oldu. Qeyd olundu ki, Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqlar indi son mərhələdədir. Universitetin yaradılması ilə azərbaycanlı gənclərin Türkiyəyə rahatlıqla gedə bildikləri kimi, türk gəncləri də eyni qaydada Azərbaycandakı universitetdə oxumaq şansı əldə edəcəklər. Bu layihənin reallaşması Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə daha bir önəmli töhfə verəcək.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-01-2025