Mobil versiya
10 iyun Qabil Nurizadənin doğum günüdür
Tarix: 10-06-2023 | Saat: 11:41
Bölmə:Özəl | çapa göndər

10 iyun Qabil Nurizadənin doğum günüdür

Vətənin adına şərəf gətirən Lənkəranın igid oğlu Qabil

Artıq 30 il həsrətini çəkdiyimiz Azərbaycanın əzəli torpaqları olan Qarabağımız düşmən tapdağından azad nəfəs alır. Bu sevinci öz canı, qanı bahasına xalqına yaşadan minlərlə igidlərin sırasında 1986-cı ildə Lənkəran rayonu, Gəgiran kəndində təvəllüd tapan Qabil Habil oğlu Nurizadənin adı da böyük məhəbbətlə çəkilir. Vətənin haqq savaşında misilsiz hünər göstərərək şəhidlik zirvəsinə ucalan ər igid Lənkəran elinin ən ləyaqətli, şanlı oğlu sayılır və cismən həyatda olmasa da, harada bir Günəş müqəddəsliyi var sorağı oradan gəlir. Qabil durduğu zirvədə də nurlu görünür, millətə məhəbbəti, Vətənə, torpağa sədaqəti ilahi bir sevgi olaraq ləyaqətlə yaşamaq üçün insanların ürəyinə hərarət gətirir.
Vətən, xalq yolunda cavan canını fəda edən Qabilin əsgərlik həyatı Tərtərdə keçir. O, erməni dığalarına sonsuz nifrət bəsləyir, doğma Azərbaycanın keşiyində mətin dayanır. Cəbhə xəttində təxribat törətmək eşqinə düşən hər dığanın qulağını məqamında kəsir. Mərdliyini, sədaqətini görən əsgər yoldaşları Qabili özlərinə qürur , iftixar yeri bilirlər.
Əsgərlikdən sonra üzüağ evinə qayıdan Qabil qurub-yaratmaqla məşğul olur. Yurduna qəlbən bağlılığı, nəcib, xeyirxah əməlləri ona el-obanın sevgisini qazandırır. Qəlbi sevdalı olduğuna görə, gördükləri gözəl alınır, cəmiyyətə fayda gətirir. Vətən müharibəsi başlanan kimi könüllü döyüşə yollanır. Füzuli, Zəngilan, Şuşa ərazilərində mərdliklə vuruşur, bir-birindən çətin döyüş əməliyyatlarında erməni dığalarına od vurur. Hər dəfə odun-alovun içinə ”Təki Vətən yaşasın”, deyib atılır. Məhv etdiyi dığaların sayı bilinmir. Daşaltı kəndində bir daha yağı düşməndən qisasını alıb şəhadətə qovuşur.
Şəhidin atası Habil Nuriyev deyir:- Oğlum Qabil öz Vətənini çox sevirdi. Tanrı elə onu Vətən yolunda şəhid olmaq üçün yaratmışdı. Elin başını uca etməklə arzusuna çatdı. Mərd insana şan-şöhrət yaraşır. İndi böyük bir xalq oğlumla fəxr edir. Dövlət də Qabilin qəhrəmanlığına yüksək dəyər verdi. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edildi. Həmin aldığı təltiflər bizə təsəllidir. O da heç vaxt yadımdan çıxmaz ki, hər dəfə danışanda deyərdi ki, inşallah, Qarabağı azad etdikdən sonra anamı da götürüb gələrsən bu torpaqlara. Mütləq gəlib oğlunun qəhrəman kimi döyüşdüyü yerləri görərsən...

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024