Mobil versiya
Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses, qoruyub saxlamaq isə çətin və məsuliyyətli bir işdir
Tarix: 25-05-2023 | Saat: 11:53
Bölmə:Siyasət | çapa göndər

Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses, qoruyub saxlamaq isə çətin və məsuliyyətli bir işdir

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatında böyük tarixi, ictimai-siyasi hadisəyə çevrildi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. AXC Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr və sazişlər bağlamışdı.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olunmuşdur. Milli ordu qurulmuş və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edilmişdir. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur.

Ümummilli lider Heydər Əliyev 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 80-ci ildönümü münasibətilə Azərbaycan xalqına müraciətində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından keçən dövrü 4 mərhələyə ayırmışdı. Birinci dövr, 1918-1920-ci illər, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illər; ikinci dövr 1920-1922-ci illər, Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin hakim olduğu illər; üçüncü dövr 1922-1991-ci illər, Azərbaycanın totalitar rejim, kommunist ideologiyası şəraitində yaşadığı dövr, Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin İttifaqında başqa müttəfiq respublikalarla birgə fəaliyyət göstərdiyi dövrdür. Dördüncü dövr isə 1991-ci ilin sonundan, dekabrından başlayır, Sovetlər İttifaqının dağılması ilə əlaqədar Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi günündən indiyədək keçən illərdir.

Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Müstəqillik haqqında Konstitusiya Aktı” nda qeyd olunur ki, 1920-ci ildə itirilmiş müstəqilliyimiz bərpa olunur. Xalq Cümhuriyyətinin siyasi varisi olmaqla Azərbaycan Respublikası onun bayrağını, gerbini, himnini qəbul etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hazırda Müstəqillik Günü kimi qeyd olunur.

AXC-nin yaranmasını böyük tarixi hadisə kimi qiymətləndirən cənab Prezident İlham Əliyev demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur.”

XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr isə digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.

Bu gün Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisi kimi 1918-1920-ci illərdə əsası qoyulmuş demokratiya, demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir. Müasir Azərbaycan Respublikası beynəlxalq birliyin etibarlı üzvü kimi qəbul olunmuş, dünya birliyinə sürətli inteqrasiya yolunu uğurla keçmişdir. Əsası Ulu Öndər tərəfindən qoyulmuş milli inkişaf strategiyası yeni çalarlarla bu günümüzə tətbiq olunur. AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolu isə daim xatırlanır, Cümhuriyyət rəhbərlərinin xatirəsi əziz tutulur. Azərbaycan Xalq Cümhuriyyətinin 80, 90, 100 illiyi Azərbaycanda və ölkə hüdudlarından kənarda yüksək səviyyədə qeyd olunmuş, hər il də qeyd olunmaqdadır. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yüksək yeri və onun qurucularının əvəzsiz xidmətləri hər bir azərbaycanlının qəlbində yaşayır və yaşayacaq.

Dövlət başçısı İlham Əliyevin 2013-cü ildə AXC yaradıcılarından, Azərbaycan ictimai-siyasi fikrinin görkəmli nümayəndələrindən biri olan Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin respublika miqyasında keçirilməsi ilə bağlı Sərəncamı, həmçinin 2017-ci il 16 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında imzalanmış Sərəncamı bu prinsipin bariz sübutudur. Bununla Azərbaycan yeniləşən strategiyasının özülündə tarixiliyin, varisliyin dayandığını nümayiş etdirir.

Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurur. Prezident İlham Əliyevin səyləri nəticəsində xarici dövlətlərlə hərtərəfli beynəlxalq münasibətlər inkişaf etdirilib, balanslaşdırılmış siyasət nəticəsində Cənubi Qafqazda sabitlik təmin olunub, Azərbaycan Avropanın əsas enerji təchizatçılarından birinə çevrilib. Azərbaycanın ərazi bütövlyünün bərpası, işğaldan azad olunmuş ərazilərimizdə aparılan nəhəng tikinti-quruculuq işləri məhz cənab Prezidentin böyük sərkərdəlik məharəti, Heydər Əliyev siyasətinin uğurlu davam etdirilməsi sahəsində əzmi və dövlətçilik ənənələrinə sədaqətinin nəticəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.

Babalarımızın 105 il bundan əvvəl qurduğu dövlət, ucaltdıqları üçrəngli bayraq bu gün etibarlı əllərdədir, mahir sərkərdə və diplomatın idarəçiliyi ilə davam etməkdədir.

Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024