Mobil versiya
Azərbaycanın müstəqilliyi əbədidir,sarsılmazdır,dönməzdir.
Tarix: 22-05-2023 | Saat: 17:20
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Azərbaycanın müstəqilliyi  əbədidir,sarsılmazdır,dönməzdir.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatında böyük tarixi hadisə olmuşdur. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb və milli dövlətçilik ənənələrimizin zənginləşməsində mühüm rol oynayıb. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlament tipli respublika idi. Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Azərbaycanın dövlət sərhədləri müəyyənləşdirilib, dövlət bayrağı, himni və gerbi qəbul edilib, ana dilimiz dövlət dili elan edilib, ordu quruculuğu sahəsində ciddi tədbirlər reallaşdırılıb, elm və təhsilin, mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib. Xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək  bərabərsizliyi ortadan qaldırdı. Hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin  mahiyyətini əyani şəkildə səciyyələndirir.
Lakin çox təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti xarici hərbi müdaxilə nəticəsində süquta uğradı. İlk cümhuriyyətimizin yarandığı dövr  tarixin keçməkeşli anına təsadüf edirdi.  Müxtəlif maraqlarla ölkəyə yürüş edən xarici hərbi qüvvələrin çoxsaylı təzyiqləri nəticəsində gənc dövlətin parlamenti 1920-ci il aprelin 27-də hökuməti təhvil verdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq şərəfli ömrünə son qoyuldu.
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Ruhu azad olan bir milləti heç kəs köləlikdə saxlaya bilməz.  1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri və himni bərpa olundu.  1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinəşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. 
1993-cü il müasir tariximizdə dönüş nöqtəsi idi. Məhz 1993-cü ildən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, Azərbaycanda sabitlik təmin edildi və ölkə inamla irəliyə getməyə başladı. Ulu öndər Heydər Əliyevin xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. 1993-cü ilə qədər müstəqilliyimiz formal xarakter daşıyırdı, ölkəmiz müstəqil siyasət apara bilmirdi. Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də o idi ki, Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanmışdır. Nizami ordu yaradılmışdır, ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başlamışdır, dövlətçiliyin əsasları qoyulmuşdur, azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edilmişdir. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi. Bu gün Azərbaycan bu strateji inkişaf istiqamətlərini əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır. Bu gün ölkəmiz müstəqil siyasət apararaq, milli maraqların təmin olunmasında çox böyük addımlar atıb, çox böyük uğurlar qazanıb. 2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir. Əlbəttə ki, o vaxtdan bu günə qədər çox böyük işlər görülüb, ancaq, eyni zamanda, dünya da, bölgə də dəyişib. Dünyada, bölgədə yeni təhlükə mənbələri üzə çıxır, yeni çağırışlar meydana gəlir. Əlbəttə, biz həmişə çalışırıq və çalışmalıyıq ki, ölkəmizi mümkün olan risklərdən qoruya bilək. Son illərin təcrübəsi onu göstərir ki, biz buna müvəffəq ola bilmişik.
Müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir deyən ulu öndər Heydər Əliyevin gərgin əməyi və mübarizəsi sayəsində əsrin sonunda Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün oldu.
Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlandı. Uzaqgörən liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Milli Ordu formalaşdırıldı, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin mayında həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
Həmçinin beynəlxalq aləmdə Azərbaycana qarşı artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyev tərəfindən hazırlanmış müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının parlaq təzahürüdür.
Cümhuriyyətin adının özünə qaytarılması da ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər dəfələrlə bildirmişdir ki, “Biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. İlk demokratik cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır”. Bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi və Ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Müasir dövrümüzdə Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçiliyimiz tarixindəki rolu həmişə xatırlanır. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirən Ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dəfələrlə bəyan edib. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.

Zahir Qəhrəmanov,
YAP Şirvan şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024