Mobil versiya
Paşa Hadıyev: 2023-cü il tariximizə xüsusi bir il kimi yazılacaq
Tarix: 08-05-2023 | Saat: 17:25
Bölmə:Seçki 2024 | çapa göndər

Paşa Hadıyev: 2023-cü il tariximizə xüsusi bir il kimi yazılacaq

Heç şübhəsiz ki, 2023-cü il müstəqil Azərbaycanın tarixinə “Heydər Əliyev İli” kimi yazılacaq. Bu gün biz həyatımızın hər bir sahəsində Ümummilli Liderin ideyalarının ölməzliyini, əbədiliyini yaşayırıq və hiss edirik. Ölkəmizdə və xaricdə müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş çoxsaylı yığıncaqlar, beynəlxalq konfranslar təşkil edilir və bu istiqamətdə silsilə tədbirlər həyata keçirilərək Ulu Öndərin 100 illik yubileyi böyük hörmətlə, ehtiramla qeyd olunur.
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Türk dünyasının mədəniyyət paytaxtı Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans da belə tədbirlərdən biri oldu.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetinin təşkil etdiyi bir çox tədbirlərdə olduğunu qeyd edərək, Bakıda beynəlxalq ekspertlərlə, ictimai xadimlərlə görüşdüyünu qeyd etdi. Burada belə bir beynəlxalq konfransın ilk dəfə keçirildiyini bildirərək ümidvar olduğunu söylədi ki, ıştirakçılar Azərbaycana ziyarətlərindən, Şuşaya səfərlərindən məmnun qalacaqlar. Prezidentimiz bildirdi ki: ”Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var. İndi isə Şuşa demək olar ki, sıfırdan yenidən qurulur. Bu il Ulu Öndərimizin yüzillik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib. İl ərzində biz müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil edirik. Biz Heydər Əliyevin 100 illik yubileyini, sadəcə, rəsmi xarakter daşıyan tədbirlərin keçirilməsi ilə qeyd etmək istəmirik. Biz bunu xüsusi diqqət tələb edən real məsələlərin müzakirəsi ilə qeyd etmək istəyirik, çünki regiondakı geosiyasət dəyişib və konfransın mövzusu da bu məsələni əhatə edir.”
Prezidentimiz öz çıxışında ölkənin xarici siyasətinə, qonşu ölkələrlə münasibətlərinə, həmçinin Qarabağ nizamlanmasına dair bir çox məsələlərə də toxundu. Son zamanlar hədsiz gərgin olan İran-Azərbaycan münasibətlərindən də danışaraq qeyd etdi ki. Azərbaycan hər hansı ölkə ilə münasibətlərinin korlanmasında maraqlı deyil, xüsusən də qonşuları ilə, çünki qarşıda Qarabağın bərpa edilməsi kimi böyük bir məsələ durur:“Biz hər zaman bu əlaqələri inkişaf etdirməyə çalışmışıq və demək olar ki, 20 il ərzində Prezident olaraq mən dəfələrlə İranda rəsmi səfərdə olmuşam. İranın əvvəlki prezidentləri dəfələrlə Azərbaycana səfər edib. Bizim çox fəal ticarət əlaqələrimiz olub. Biz nəqliyyatla bağlı məsələlərdə, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı fəal işləmişik və düşünürdük ki, bu əlaqələrin böyük potensialı var.” Ölkə Başçımız iki ölkə arasındakı münasibətləri hədsiz gərginləşdirən olayların xronologiyasını da sadaladı.
Analitiklər hesab edir ki, budəfəki beynəlxalq konfransın Şuşada keçirilməsi erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətli oldu. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar, irəli sürülən təşəbbüslər , regionda kommunikasiyanın açılması ilə bağlı mühüm məsələlərin müzakirə olunduğu bu beynəlxalq konfrans, eyni zamanda, sülh gündəliyinin nəzərdən keçirilməsi baxımından da əhəmiyyətli platforma kimi qiymətləndirilır. Əminliklə söyləmək olar ki, 2023-cü il tariximizə xüsusi bir il kimi düşəcək.

Paşa Hadıyev
YAP Qazax rayon təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024