Mobil versiya
Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin iclası keçirilib - YENİLƏNİB FOTO
Tarix: 04-07-2025 | Saat: 18:49
Bölmə:Karusel / Siyasət / Parlament | çapa göndər

Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin iclası keçirilib

İyulun 4-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclası açan spiker Sahibə Qafarova bildirib ki, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti iyunun 30-da və iyulun 1-də Özbəkistan Respublikasında işgüzar səfərdə olub. Səfərdə məqsəd Birinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda iştirak etmək idi. Səfərdə 28 deputatımız, o cümlədən Milli Məclisin sədr müavini, 7 komitə sədri, 6 komitə sədrinin müavini və müxtəlif komitələrin 13 üzvü iştirak edib. Deputatlardan 9 nəfəri qadınlar idi.
Spiker qeyd edib ki, bu tədbir Milli Məclisin hər hansı digər ölkənin qanunvericilik orqanı ilə keçirdiyi ilk forum idi. Bu gün toplantının yekunlarını da nəzərə alaraq inamla söyləmək olar ki, forum parlamentlərimiz arasında əməkdaşlığın səmərəli bir mexanizminə çevriləcək.
Spiker diqqətə çatdırıb ki, iyulun 1-də Xivə şəhərində işə başlayan forumda “Yeni üfüqlərə doğru: Dialoqdan birgə fəaliyyətə” mövzusunda müzakirələr aparılıb. Hər iki ölkənin parlament sədrləri çıxış ediblər.
Spiker Sahibə Qafarova deyib ki, o, forumdakı çıxışında dost və qardaş ölkələr olan Azərbaycanla Özbəkistan arasında münasibətlərin dərinləşməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətlərini qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin rəhbərliyi ilə ölkələrimizin hər cəhətdən müstəqil və güclü dövlətlər kimi inkişaf etdiyini vurğulayıb.
2024-cü ildə Azərbaycanla Özbəkistan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandıqdan sonra ölkələrimizin ikitərəfli münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini bildirib.
Qanunvericilik orqanları arasında əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. Qeyd edib ki, “Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Senatı arasında əməkdaşlıq haqqında Saziş”in imzalanması, “Yol xəritələri”nin həyata keçirilməsi, habelə beynəlxalq parlament strukturlarında bir-birimizə davamlı qarşılıqlı dəstək göstərilməsi əlaqələrimizin yüksək səviyyəsini nümayiş etdirir.
Forum çərçivəsində keçirilən 6 panel sessiyasında bir çox mühüm məsələlər ilə bağlı ətraflı müzakirələr aparılıb. Sessiyalarda 22 deputatımız fəal iştirak edib. Müzakirələrdə 6 deputatımız moderatorluq edib, 16 deputatımız isə fərqli mövzular üzrə çıxış ediblər.
Forumun yekununda Xivə Bəyannaməsi qəbul olunub.
Spiker qeyd edib ki, forum çərçivəsində onun Özbəkistan Ali Məclisi Senatının sədri xanım Tənzilə Narbayeva ilə görüşü olub. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında yüksək səviyyəli əlaqələrin parlament müstəvisində də uğurla davam etdirildiyi qeyd olunub. Qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Forum çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Senatı arasında “Parlamentlərarası əməkdaşlığın inkişafına dair 2025-2026-cı illər üçün praktiki tədbirlər planı” imzalanıb.
Forumun mühüm nəticələrindən biri də Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikasının Ali Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın Nizamnaməsinin imzalanması olub.
Daimi fəaliyyət göstərən bu orqan ikitərəfli əməkdaşlıq gündəliyini daha səmərəli şəkildə həyata keçirməyə kömək göstərəcək.
Hər iki sənədi parlament sədrləri imzalayıblar. 
Milli Məclisin sədri bildirib ki, Azərbaycan və Özbəkistan parlamentlərinin sədrləri Parlamentlərarası Forumla bağlı yerli mətbuata bəyanatla çıxış ediblər. Aparılan müzakirələrin ikitərəfli əməkdaşlıq əlaqələrinə müsbət təsir göstərəcəyinə inam ifadə olunub.
Spiker Özbəkistan Respublikasına işgüzar səfərin uğurlu olduğunu qeyd edib və bununla əlaqədar nümayəndə heyətinin hər bir üzvünə minnətdarlığını bildirib.
Sonra parlamentin sədri Sahibə Qafarova iclasın gündəliyinə 22 məsələnin daxil olunduğunu deyib. O, qeyd edib ki, gündəliyin birinci məsələsi qərar layihəsidir. Spiker bildirib ki, möhtərəm cənab Prezidentin təqdimatına əsasən, Milli Məclis Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi məsələsinə baxmalıdır. O, Konstitusiya Məhkəməsinin hakimliyinə namizədlərin iclasda iştirak etdiyini söyləyib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bu məsələ barədə məlumat verib. O, Azərbaycan Respublikası Prezidentinin Otari Qvaladze, Fərhad Tutayuk, Rauf Quliyev və Rəşid Rzayevin Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi məsələsinə baxılması üçün Milli Məclisə müraciət etdiyini deyib. Millət vəkili namizədlərin ikisinin icra hakimiyyətinin, digər iki nəfərin isə məhkəmə hakimiyyətinin təmsilçiləri olduğunu söyləyib, onların fəaliyyəti və iş təcrübəsi barədə məlumatı təqdim edib. Qeyd edib ki, namizədlərin uzun müddətli hüquq təcrübəsi və bilikləri əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdən ibarət olan Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinin səmərəli şəkildə, peşəkarlıqla icra olunmasını təmin edəcək.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Spiker Sahibə Qafarova nəzərə çatdırıb ki, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsinin hakimi vəzifəyə təyin edildiyi gün Milli Məclisin iclasında and içir.
Sonra Konstitusiya Məhkəməsinin yeni təyin edilmiş hakimləri Otari Qvaladze, Fərhad Tutayuk, Rauf Quliyev və Rəşid Rzayev iclasda and içiblər.
Parlamentin sədri Sahibə Qafarova növbəti məsələnin “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının qanun layihəsi (üçüncü oxunuş) olduğunu deyib. O, bu məsələ ilə əlaqədar Hökumət üzvlərinin, Hesablama Palatası rəhbərliyinin və digər vəzifəli şəxslərin iclasda iştirak etdiyini söyləyib.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələni təqdim edərək bildirib ki, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və müvafiq hesabat barədə birinci və ikinci oxunuşda geniş məlumat verilib. Komitə sədri dövlət büdcəsinin icrasının qanun şəklində təsdiq olunmasının şəffaflığın təmin edilməsi, parlamentin büdcəyə nəzarət reqlamentinin həyata keçirilməsi, dövlət büdcəsi ilə bağlı parlamentin, icra hakimiyyətinin, ali maliyyə nəzarəti qurumunun və fiskal orqanların birgə məsuliyyətinin müəyyən edilməsi, maliyyə intizamının gücləndirilməsi baxımından əhəmiyyətindən bəhs edib.
Azər Əmiraslanov bildirib ki, ötən ilin büdcəsi dövlətin mühüm sosial-iqtisadi vəzifələrinin həyata keçirilməsi, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, təhlükəsizliyin təmin edilməsi üçün etibarlı maliyyə təminatı yaradıb. O, bunları nəzərə alaraq, qanun layihəsinin üçüncü oxunuşda qəbul edilməsini məqsədəuyğun hesab edib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
İclasda çıxış edən maliyyə naziri Sahil Babayev ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı məhsuldar müzakirələrin keçirildiyini söyləyib. O, 2024-cü ilin Azərbaycan üçün uğurlu olduğunu, həm makro-iqtisadi sabitliyin, həm makro-fiskal sabitliyin qorunduğunu, önəmli dövlət proqramlarının, o cümlədən “Böyük Qayıdış Proqramı”nın uğurla icra edildiyini, ölkənin müdafiə qabiliyyətinin gücləndirildiyini, habelə sosial rifah məsələlərinin büdcədə geniş şəkildə əhatə edildiyini vurğulayıb. Nazir, ümumilikdə, 2024-cü ilin dövlət büdcəsinin həm gəlirlərinin, həm də xərclərinin icrasında müsbət dinamikanın müşahidə olunduğunu bildirib.
Spiker Sahibə Qafarova gündəliyin növbəti 2 məsələsinin möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu, hər iki qanun layihəsinin Səudiyyə Ərəbistanı Krallığı ilə müxtəlif sahələrdə Anlaşma memorandumlarının təsdiq edilməsi ilə bağlı olduğunu deyib. O, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, bu layihələrin bir oxunuşda qəbul ediləcəyini bildirib.
Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini təqdim edib.
Komitə sədri nəzərə çatdırıb ki, Anlaşma Memorandumu 2025-ci il aprelin 28-də Ər-Riyad şəhərində imzalanıb. Sənəd bitki mühafizəsi və karantini sahəsində hər iki dövlətin milli qanunvericiliyinə uyğun olaraq, fitosanitar tədbirlərin əlaqələndirilməsini təmin etmək, bərabərlik və qarşılıqlı faydalılıq prinsipləri əsasında uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq və davam etdirmək məqsədinə xidmət edir. 16 maddədən ibarət Memorandumun müddəaları karantin nəzarətində olan materiallara, o cümlədən torpağa, zərərli orqanizmlərin məskunlaşmasına və çoxalmasına şərait yaradan bütün orqanizmlərə, obyektlərə və materiallara şamil edilir.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə bu komitənin müsbət rəyini açıqlayıb.
Deputat Bəhruz Məhərrəmov məsələyə dair fikirlərini söylədikdən sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini təqdim edib.
Millət vəkili bildirib ki, Anlaşma Memorandumu 2025-ci il aprelin 28-də Ər-Riyad şəhərində imzalanıb. Memorandumun məqsədi dənizçilərin peşə hazırlığı və sertifikatlaşdırılması sahəsində qarşılıqlı etimadın təmin olunması və Konvensiyanın tələblərinə uyğun olaraq verilmiş sertifikatların tanınması üçün prosedurların müəyyən edilməsidir.
Sənədə əsasən, tərəflər dənizçi heyətinə verilmiş ixtisas, tibbi yararlılıq və digər sertifikatların qarşılıqlı tanınmasını, həmin sənədlərin autentikliyi və etibarlılığı barədə sorğuların göndərilməsini və cavablandırılmasını, eləcə də bu istiqamətdə operativ informasiya mübadiləsinin aparılmasını öhdələrinə götürürlər. Həmçinin tərəflərin nümayəndələrinin dənizçilik təhsili, təlim obyektləri və tətbiq olunan prosedurlarla tanış olması məqsədilə qarşılıqlı səfərlərin təşkili, sertifikatların tanınması, dayandırılması və ya geri çağırılması hallarının qarşı tərəfə yazılı şəkildə bildirilməsi, məlumat bazalarının yaradılması, əməkdaşlığın institusional əsasda davam etdirilməsi nəzərdə tutulur. Memorandumun qüvvəyə minməsi, müddəti, dəyişdirilməsi və ləğv olunması qaydaları da ayrıca maddələrdə göstərilib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələ ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəyini söylədikdən sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 13 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu deyib. Spiker növbəti məsələnin “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (ikinci oxunuş) olduğunu bildirib. O, bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədlinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynlinin, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovun iclasda iştirak etdiklərini deyib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli həmin qanun layihəsini təqdim edib. O, birinci oxunuşda layihə barədə geniş məlumat verildiyini və deputatların bu sənədi dəstəklədiyini söyləyib. Komitə sədri Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Azərbaycan Konstitusiyasının tərkib hissəsi olduğunu və bir sıra məsələlərin Konstitusiyaya əlavə və dəyişikliklər edilməklə öz həllini tapdığını bildirib.
Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da öz əksini tapacaq. Əlavə edilməsi nəzərdə tutulan "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi" adlı 3-1-ci maddəyə əsasən,  Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Prezidentə tabe olan Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi həyata keçirir. Digər dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər Ali Məclis sədrinin təklifləri əsasında Azərbaycan Prezidenti tərəfindən təyin ediləcək. Daha bir dəyişiklik Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçılarının Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilməsi ilə bağlıdır. Həmçinin,  Muxtar Respublikanın Nazirlər Kabineti Naxçıvan Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək. Sənəddə, habelə Azərbaycan Konstitusiyasına uyğunlaşdırma, dəqiqləşdirmə və texniki xarakterli bir sıra dəyişikliklər də nəzərdə tutulub.
Məsələ ətrafında müzakirələrdə parlamentin komitə sədri Fazil Mustafa, deputatlar Gülşən Paşayeva, Erkin Qədirli çıxış edərək, öz fikirlərini səsləndiriblər.
Konstitusiya qanununun layihəsi ikinci oxunuşda qəbul edilib.
İclasda komitə sədri Əli Hüseynli “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu layihəsi (ikinci oxunuş) barədə danışıb.
Komitə sədri bildirib ki, dəyişikliyin edilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına ediləcək dəyişikliklərdən sonra "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 2.10-cu maddəsində yarana biləcək uyğunsuzluğun aradan qaldırılmasıdır.
Konstitusiya qanununun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, layihə barədə birinci oxunuş zamanı ətraflı məlumat verildiyini, komitəyə hər hansı təklifin daxil olmadığını deyib, sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Layihə prokurorluq orqanlarında qulluq keçmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Dəyişikliyə əsasən, prokurorluq işçilərinin qulluqda olmasının yaş həddi 60 yaşdan 65 yaşa qaldırılır və bu yaş həddinin son yaş həddi olması təklif edilir.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumatı nəzərə çatdırıb. O, layihənin mütərəqqi olduğunu və barəsində birinci oxunuşda geniş məlumat verildiyini deyib. Təklif olunan dəyişikliyin polis orqanlarının fəaliyyətinin maliyyələşdirilməsində tətbiq ediləcək mexanizmlə bağlı olduğunu qeyd edib.
Dəyişikliyə əsasən, polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi və həmin orqanlar tərəfindən istintaqı aparılan cinayət işləri üzrə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın xəzinə hesabına köçürülür.
Müzakirələrdə deputatlar Vüqar Bayramov, Qüdrət Həsənquliyev, Günay Ağamalı, Aqil Abbasov məsələ barədə öz fikir və qeydlərini səsləndiriblər.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev "Müdafiə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. O, 44 günlük Vətən müharibəsinin və antiterror əməliyyatlarının nəticələrinin təhlilinin ölkəmizdə ərazi müdafiəsi məsələlərinə yenidən baxılmasına zərurət yaratdığını deyib. Təqdim edilən qanun layihəsinin ərazi müdafiəsi ilə bağlı normanın təkmilləşdirilməsi məqsədilə hazırlandığını bildirib.
Dəyişikliyə əsasən, ərazi müdafiəsi dedikdə ölkə ərazisinin, o cümlədən Azərbaycan Respublikası dövlət sərhədinin mühafizə və müdafiəsi üzrə tapşırıqların icrası üçün həyata keçirilən ümumdövlət hərbi və xüsusi tədbirlər kompleksi nəzərdə tutulur. Sənəddə, habelə ərazi müdafiəsinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən dövlət orqanları, yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirilməsi, ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydalarının Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən ediləcəyi təklif edilir. 
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Millət vəkili bildirib ki, qanun layihəsi gömrük borcunun ödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsini özündə ehtiva edir. O, layihə ilə bağlı hər hansı qeyd və iradın daxil olmadığını, komitədə dəstəklənərək ikinci oxunuşda plenar iclasa tövsiyə olunduğunu qeyd edib.
Dəyişikliyə əsasən, gömrük borcunun istənilən maraqlı şəxs tərəfindən deyil, hesablanmış gömrük ödənişləri üzrə borclu olan şəxs tərəfindən və ya bu Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilməsi nəzərdə tutulur. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə əlaqədar yarana biləcək gömrük ödənişlərinin isə sahibkarlıq subyekti olmayan fiziki şəxs, eləcə də təminat mövcud olduqda, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilməsi təklif edilir.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini təqdim edib. O, məsələ barədə birinci oxunuşda müfəssəl məlumat verildiyini, layihə ilə bağlı hər hansı təklifin daxil olmadığını, komitənin müsbət rəy verdiyini deyib və onun səsə qoyulmasını xahiş edib.
Sənədə əsasən, məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması məqsədilə "Təhsil haqqında" Qanunun 18.5-ci maddəsində məktəbəqədər təhsilin həyata keçirildiyi müəssisələrə məktəbdənkənar təhsil müəssisələrinin, "Məktəbəqədər təhsil haqqında" Qanunun 8.5-ci maddəsində məktəbəhazırlığın həyata keçirildiyi müəssisələrə məktəbdənkənar təhsil müəssisələrinin, habelə həmin Qanunun 11.4-cü maddəsi ilə müəyyən edilən məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrin növlərinə isə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələrinin əlavə edilməsi təklif olunur.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Aqrar siyasət komitəsini sədri Tahir Rzayev Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
Komitə sədri layihənin mahiyyəti barədə birinci oxunuşda ətraflı məlumatın verildiyini deyib və xatırladıb ki, təklif edilən dəyişikliklər sosialyönümlüdür, mənzil tikintisi ilə bağlı prosedurların sadələşdirilməsini özündə ehtiva edir.
Dəyişikliklərdə təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış sahələrinin həmin torpaq sahələrində tikilməsinin məqsədəuyğun hesab edilmədiyi halların dairəsinin müəyyən edilməsi, bu məqsədlə müvafiq araşdırmanın aparılmasının hüquqi prosedurunun yaradılması, yeni yaşayış sahələrinin həmin torpaq sahələrində tikintisi məqsədəuyğun hesab edilmədikdə, bu torpaq sahəsinin əvəzinə müvafiq torpaq sahələrinin ayrılmasının tənzimlənməsi nəzərdə tutulur. Habelə, yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının dövlət vəsaiti hesabına tikintisinin aparılması barədə qərarın icbari sığortası olan yaşayış sahələrinə münasibətdə qəbul edilməsinin mümkünlüyü təsbit edilir.
Bu məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov, Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov təmsil etdikləri komitələrin müsbət rəy verdiyini bildiriblər.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
İclasda İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib.
Komitə sədri layihənin birinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən qeyd və təkliflərin komitədə nəzərdən keçirildiyini, bir sıra məsələlərlə bağlı qanunvericilik təşəbbüsü subyekti ilə müzakirələrin aparıldığını söyləyib. O, sənədin birinci oxunuşda təqdim olunan variantda qalmasının məqsədə uyğun hesab edildiyini bildirib və onun növbəti dəfə dəstəklənməsini xahiş edib.
Təklif edilən dəyişikliyə əsasən, qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrdən irəli gələrək bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılması məhdudlaşdırılır. Habelə, xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən, yaxud bununla əlaqədar maliyyə vəsaiti və başqa maddi formada vəsait qəbul edilməsi müvafiq qaydada inzibati məsuliyyətə səbəb olur.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov məsələ barədə bu komitənin müsbət rəy verdiyini bildirdikdən sonra, qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Millət vəkili birinci oxunuş zamanı məsələ barədə geniş məlumat verildiyini deyib, layihə ilə bağlı hər hansı əlavə rəy və təklifin olmadığını nəzərə alaraq, onun səsə qoyulmasını xahiş edib.
Sənəddə Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsində nəzərdə tutulan "prokuror" ifadəsinin dəqiqləşdirilərək "ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror" ifadəsi ilə əvəz edilməsi təklif edilir. Analoji dəyişiklik İnzibati Xətalar Məcəlləsinin 85-ci və 114.2.3-cü maddələrində tətbiq edilir.
Cinayət-Prosessual Məcəlləsinə əlavə edilməsi nəzərdə tutulan 212.5-ci maddəyə əsasən, icraatında mülki iş, kommersiya və ya inzibati mübahisələr üzrə, yaxud inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan həmin iş üzrə şəxsin əməllərində cinayətin əlamətlərini aşkar etdikdə, bu barədə Mülki Prosessual Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq qəbul etdiyi xüsusi qərardadı və ya məhkəmədə olan materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.
İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə təklif edilən növbəti dəyişikliyə əsasən, səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayətin inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi, əlavə edilməsi nəzərdə tutulan 129.1-1-ci maddəyə əsasən isə, barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə şikayətə baxılması üçün vəsatətin verilməsi təklif edilir. Məcəlləyə, həmçinin "Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin pozulması" adlı yeni 432-1-ci maddənin əlavə edilməsi, dövlət qulluqçularının reyestr qaydalarının pozulmasına görə məsuliyyət nəzərdə tutan 600-cü maddənin də təkmilləşdirilməsi nəzərdə tutulur.
İclasda İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa sənəd barədə bu komitənin müsbət rəy verdiyini diqqətə çatdırıb.
Deputat Qüdrət Həsənquliyev öz fikir və qeydlərini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumatı nəzərə çatdırıb. O, sənədin büdcə prosesinin səmərəliliyinin artırılması, büdcə gəlirlərinin diversifikasiyası, büdcə dairəsinin təkmilləşdirilməsi kimi dəyişiklikləri özündə əks etdirdiyini bildirib.
Layihəyə əsasən, Qanuna "uzunmüddətli dövr" ifadəsi daxil edilir, həmçinin nizamnamə kapitalında dövlətin payı olan təşkilatlardan daxil olan dividendlərin dövlət büdcəsinin gəlirlərində əks etdirilməsi ilə əlaqədar "dividend" anlayışı əlavə olunur və "dividendlər" dövlət büdcəsinin gəlir mənbələrindən biri kimi tanınır. Dəyişikliklərdə məqsədli büdcə fondlarının ilin sonuna qalan istifadə olunmamış vəsaitinin vahid xəzinə hesabının sərbəst qalığına köçürülməsi, layihələrdə iştirak payı ilə bağlı xərclərin əsaslı xərclərdə əks etdirilməsi, borca xidmət üzrə xərclərin təkmilləşdirilməsi, vahid xəzinə hesabının sərbəst qalığının istifadə istiqamətlərinin dəqiqləşdirilməsi, vahid xəzinə hesabının sərbəst qalığı ilə yanaşı, vahid xəzinə hesabının qalığının da idarə edilməsi, büdcə ili ərzində büdcə artıqlığının (profisitin) bir hissəsinin Təminat Fonduna köçürülməsi təklif olunur.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Millət vəkili birinci oxunuşda layihə barədə ətraflı məlumat verildiyini, məsələ ilə bağlı komitəyə hər hansı qeyd və iradın daxil olmadığını söyləyib, sənədin dəstəklənməsini xahiş edib.
Layihə büdcə ssudalarının vaxtında dövlət büdcəsinə geri qaytarılması mexanizminin formalaşdırılması məqsədilə hazırlanıb. Sənəddə dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında bu ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılması nəzərdə tutulur.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
Komitə sədri qanun layihəsinin mahiyyətinin Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələrində sahibkarlığın inkişafı ilə bağlı olduğunu bildirib. O, birinci oxunuşda sənəd barədə ətraflı məlumat verdiyini, habelə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovun məsələnin iqtisadi tərəfləri barədə məlumat verdiyini qeyd edib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov layihə ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini söyləyib.
Sənədlə bağlı müzakirələrdə deputat Qüdrət Həsənquliyev bəzi qeyd də təkliflərini səsləndirib. Parlamentin komitə sədrləri Əli Hüseynli və Azər Əmiraslanov qaldırılan məsələyə aydınlıq gətiriblər.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son 5 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu nəzərə çatdırıb.
Sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycan Respublikasının Mülki Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Media haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Komitə sədri bildirib ki, sənədə əsasən, "Media haqqında" Qanunda "Media subyekti" anlayışı Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərini də əhatə etməsi məqsədilə genişləndirilib. Xarici media subyektlərinin filial və nümayəndəliklərinin Azərbaycanda fəaliyyət qaydasının beynəlxalq müqavilələrlə tənzimlənməsi nəzərdə tutulur, ölkəmizdə fəaliyyət göstərəcək filial və nümayəndəliyin Dövlət Vergi Xidmətində (DVX) qeydiyyatdan keçdikdən sonra Media Reyestrinə daxil edilməsi üçün müraciət etməsi tələbi gətirilir. Bununla yanaşı, "xarici jurnalistlər" ifadəsi "xarici media nümayəndələri" ifadəsi ilə əvəzlənir.
Layihədə, həmçinin saxta məlumatların dərci və yayımını qadağan edən norma müəyyən edilir. İnformasiya agentliklərinə münasibətdə xarici ölkələrdə akkreditasiyadan keçmiş jurnalistlər və digər subyektlərlə informasiya əldə edilməsi (verilməsi) barədə müqavilələr üzrə minimum say müəyyənləşdirilir, həmçinin istehsal etdikləri informasiyanın minimum nisbətinə dair tələblər təsbit olunur.
Media subyektlərinin (redaksiyalarının) adlarının digər media subyektlərinin adları ilə eyni və ya oxşar olmaması, onların adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməsinə dair norma əlavə edilir. Media Reyestrində olmayan, şantaj, böhtan xarakterli, qərəzli materiallar, saxta məlumatlar dərc edən qəzetlərin fəaliyyətinin qarşısının alınması məqsədilə onların nəşri və yayımı qadağan olunur. Media Reyestrində olmadan həyata keçirilən media fəaliyyətinin qanunsuzluğu birbaşa təsbit edilir.
Xarici media subyektlərinin filial və nümayəndəlikləri də daxil olmaqla, bütün media subyektlərinin onlayn resurslarına münasibətdə mediada dərci və yayımı qadağan olunan materiallar üzrə tədbirlərin görülməsinin Medianın İnkişafı Agentliyinin səlahiyyətlərinə aid edilməsinə dair dəyişiklik edilir.
Qeyd edilib ki, Mülki Məcəllədəki dəyişiklikdə Medianın İnkişafı Agentliyinin müraciəti əsasında DVX tərəfindən bu Məcəllənin 59 - 61-ci maddələrində hüquqi şəxsin ləğv edilməsi ilə bağlı qaydalar tətbiq edilmədən Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinin ləğv olunaraq hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmasının təmin edilməsi nəzərdə tutulur.
İnzibati Xətalar Məcəlləsində Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinin çap mediası məhsulunun həmin subyekt, nəşriyyat və ya yayıcı tərəfindən nəşri və ya yayımına görə inzibati məsuliyyət müəyyən edilir.
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunda isə xarici media subyektinin filial və nümayəndəliyinin beynəlxalq müqavilədə nəzərdə tutulmadan və ya Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərməsi, habelə Media Reyestrindən çıxarılması DVX tərəfindən onun ləğvi üçün əsas kimi müəyyənləşdirilir.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev qanun layihəsinin xarici media subyektlərinin filial və nümayəndəliklərinin Azərbaycan Respublikasında fəaliyyət qaydasının beynəlxalq müqavilələrlə tənzimlənməsini nəzərdə tutduğunu qeyd edib və təmsil etdiyi komitənin məsələyə dair müsbət rəyini səsləndirib.
Müzakirələr zamanı Milli Məclis sədrinin müavini Musa Qasımlı, komitə sədri Sadiq Qurbanov, deputatlar Qüdrət Həsənquliyev, Elnarə Akimova, Sevil Mikayılova məsələ barədə öz fikir və qeydlərini açıqlayıblar.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, növbəti iki məsələ möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-biri ilə bağlıdır. Ona görə də layihələrin təqdimatları və müzakirəsi birlikdə aparılıb.
Gündəliyin 19-cu məsələsi olan "Xüsusi icra məmurları haqqında" qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənəd icra sisteminin səmərəliliyinin artırılması məqsədi ilə hazırlanıb. Komitə sədri layihədə təklif olunan xüsusi icra institutunun yaradılmasının əsasları, yeni institutun funksiyaları, səlahiyyətləri, fəaliyyət istiqamətləri barədə məlumat verib. Qanun layihəsinin hazırlanması zamanı öyrənilən beynəlxalq təcrübədən danışan Əli Hüseynli icra sisteminə əlavə dəstək kimi yaradılan xüsusi icra institutunun qərarların icrasının sürətləndirilməsinə və effektivliyinin artırılmasına xidmət edəcəyini vurğulayıb.
Əli Hüseynli gündəliyin 20-ci məsələsi olan Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Rəqabət Məcəlləsində, "Sosial sığorta haqqında", "Polis haqqında", "Tibbi sığorta haqqında", "Notariat haqqında", "İcra məmurları haqqında", "İcra haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "İnzibati icraat haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Nağdsız hesablaşmalar haqqında" və "Siyasi partiyalar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirib ki, sənəd hal-hazırda Milli Məclisin müzakirəsinə təqdim edilmiş "Xüsusi icra məmurları haqqında" qanun layihəsinə uyğunlaşdırmaq məqsədilə hazırlanıb.
Sonra 20-ci məsələ ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa rəhbərlik etdikləri komitələrin qanun layihəsi barədə müsbət rəylərini diqqətə çatdırıblar.
Sənədin müzakirəsində komitə sədrləri Fazil Mustafa və Zahid Oruc çıxış ediblər, fikirlərini bildiriblər.
Sonra ədliyyə nazirinin müavini Toğrul Hüseynov çıxış edərək, xüsusi icra məmurlarının seçilməsi prosedurları, hazırlığı, onların fəaliyyətinə nəzarət və digər məsələlərlə bağlı layihədə təsbit olunan mexanizmləri şərh edib.
Sonra hər iki qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Gündəliyin 21-ci məsələsi - "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, sənəddə şəxsiyyət vəsiqəsində olan məlumatların dairəsində dəyişiklik edilməsi təklif olunub. Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə edilir.
Təklif olunan digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sistemi vasitəsilə saxlanılacaq. Bundan başqa, qanun layihəsində vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər təklif olunur. Vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Gündəliyin sonuncu məsələsi olan Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Mənzil Məcəlləsində, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Notariat haqqında", "İcra haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "İpoteka haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. Bildirilib ki, layihə icra sənədinə əsasən satılmalı olan əmlakın, borclunun üzərinə həbs qoyulmuş əmlakının və ipoteka predmetinin satılması ilə bağlı kompleks tənzimləməni nəzərdə tutur. Belə ki, borclulara şərait yaradılır ki, əmlakı özləri satışa çıxarsınlar. Komitə sədri bu məqsədlə layihədə təsbit olunan mexanizmləri diqqətə çatdırıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məsələyə dair rəhbərlik etdikləri komitələrin müsbət rəylərini bildirəndən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-07-2025