Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan özünün iqtisadi və hərbi qüdrətini artırmaqla getdikcə daha çox müttəfiqliyi arzuolunan dövlətlərdən birinə çevrilməkdədir”
Tarix: 05-05-2023 | Saat: 14:07
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan özünün iqtisadi və hərbi qüdrətini artırmaqla getdikcə daha çox müttəfiqliyi arzuolunan dövlətlərdən birinə çevrilməkdədir”

“Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirildi. Artıq ənənəvi hal almış bu mötəbər tədbirdə Asiya, Avropa və Amerikanın aparıcı beyin mərkəzlərinin ən nüfuzlu ekspertləri iştirak ediblər. İlk növbədə qeyd olunmalıdır ki, beynəlxalq konfrans yeni dünya düzəninin formalaşdığı, həm də bu prosesin kifayət qədər ağrılı formada davam etdiyi bir dövrdə Avrasiyanın üzləşdiyi risk və təhdidlərə, yeni çağırışlarla həsr olunmaqla çox böyük əhəmiyyət kəsb edir. Təbii ki, Avrasiya məkanının tam mərkəzində yerləşən Cənubi Qafqaz regionunda cərəyan edən hadisələr, xüsusilə də 2020-ci ildən sonra yaranmış yeni geosiyasi reallıqlar da beynəlxalq konfransın əsas müzakirə mövzularından oldu. Tədbir iştirakçılarının konfransda iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladıqları çoxsaylı suallar da məhz bu mövzunun kifayət qədər aktual olduğundan xəbər verir. Hər zaman olduğu kimi, cənab Prezident ona verilən sualları cavablandırarkən mövcud reallıqların və perspektivlərin ətraflı təhlilinə əsaslanan açıqlamalar təqdim edib.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat qeyd edib ki, bu gün Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsində son dərəcə destruktiv mövqe nümayiş etdirməsi dünya ictimaiyyətinin, o cümlədən siyasi dairələrin getdikcə daha çox diqqətini cəlb edir: “Azərbaycan 2020-ci ildə Qarabağ münaqişəsini birdəfəlik həll etdi. 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq ölkəmiz özünün ərazi bütövlüyünü bərpa edib və bu gün artıq azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işləri geniş vüsətlə davam edir, həmin ərazilərə bir vaxtlar öz tarixi yurd yerlərindən qovulmuş insanların geri qayıdışı həyata keçirilir. Lakin faktiki olaraq Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin hələ də imzalanmaması hər an yenidən hərbi əməliyyatların başlanma ehtimalının yüksək olmasını göstərir. Bu isə ümumilikdə Cənubi Qafqazda dayanıqlı sülhün və inkişafın mövcudluğuna birbaşa təhdiddir. Əlbəttə ki, Azərbaycan hadisələrin məhz bu məcrada inkişafını qətiyyən istəmir və bunun baş verməməsi üçün əlindən gələni edir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, sülh sazişi haqqında danışıqların başlanılmasını ilk təklif edən və təşəbbüs göstərərək, inteqrasiya olunmuş Cənub Qafqaz, regional əməkdaşlıq, münasibətlərin normallaşması üçün gələcəyə baxışı konsepsiyası ilə çıxış edən məhz Azərbaycan olmuşdur. Lakin Ermənistan bu çağırışlara səssiz qaldı. Bir müddət sonra Azərbaycan tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsipi irəli sürdü. Ermənistan yalnız qeyri-konstruktiv davranışını pərdələmək üçün bu prinsipləri qəbul etdi. Lakin bunun məntiqi davamı kimi başlanmalı olan ciddi danışıqlarda iştirak etmək istəmədi. Növbəti dəfə Azərbaycan qarşı tərəfə sülh sazişinin layihə variantının dörd nüsxəsini, dörd yeni variantını göndərdi. Lakin Ermənistan bu variantlara verdiyi şərhlərdə yenə də Azərbaycana qarşı ərazi iddiaları irəli sürür. Dövlətimizin başçısı ABŞ və Avropa İttifaqının rəsmiləri ilə çoxsaylı danışıqlarında Ermənistana və bütün digər tərəflərə tamamilə aydın şəkildə bildirmişdi ki, bu məsələdə yalnız ikiistiqamətli yanaşma olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar. Buna görə də sülh sazişinin mətninə mövcud olmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nı salınması tamamilə mümkünsüzdür və bu kimi cəhdlər sadəcə vaxt uzadılmasına hesablanıb. Maraqlıdır ki, Ermənistanın vaxtı uzatmaq cəhdləri də özü-özlüyündə tamamilə anlaşılmaz bir faktor kimi çıxış edir. Çünki indi zaman Ermənistanın əleyhinə işləyir. Sülh müqaviləsini imzalamaqdan çəkinməklə rəsmi İrəvan heç nə əldə edə bilməz. Amma bu ölkənin əhalisi çox şey itirir. Ermənistan sülh sazişini imzalamadıqca kommunikasiyalar açılmayacaq. Bu isə o deməkdir ki, onların təcrid olunmuş vəziyyətləri davam edəcək. Ermənistan xarici bazarlara çıxış əldə edə bilməyəcək, heç bir regional layihəyə qoşula bilməyəcək. Sözsüz ki, Azərbaycan bu səhifənin bağlanmasını, sülh müqaviləsinin imzalanmasını istəyir. Lakin bunun əksinin də ölkəmiz üçün hansısa böyük problemlər yaradacağı qətiyyən real deyil. Azərbaycan öz məqsədlərinə artıq nail olub. Ermənistandan fərqli olaraq Azərbaycanın yeni qlobal geosiyasi konfiqurasiyada öz yeri var və ölkəmizin beynəlxalq mövqeləri getdikcə möhkəmlənir.”

Öz fikirlərini davam etdirən N.Aslanov belə bir maraqlı məqamı da diqqət mərkəzinə çəkib ki, konfrans iştirakçılarının Prezident İlham Əliyevə ünvanladığı suallarda Azərbaycanın tərəfdaş və ya hətta müttəfiq kimi müxtəlif təşkilat və alyanslara cəlb olunması istəklərinin getdikcə artdığı özünü aşkar şəkildə büruzə verir: “Ölkəmizin beynəlxalq nüfuzunun getdikcə artması bu gün sadəcə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, və yaxud da qlobal transmilli enerji və nəqliyyat layihələrində iştirakı ilə müəyyən edilmir. Azərbaycan davamlı olaraq özünün həm iqtisadi, həm də hərbi qüdrətini artırmaqla getdikcə daha çox müttəfiqliyi arzuolunan dövlətlərdən birinə çevrilməkdədir. ABŞ-ın Ceymstaun Fondunu təmsil edən Vladimir Sokorun Azərbaycanın NATO-ya üzv ölkə və regional güc olan Türkiyə ilə NATO çərçivəsindən kənar ikitərəfli müttəfiqlik qurmasını təkrarolunmaz nailiyyət adlandıraraq, bu müttəfiqlyin bir çox strateji tərəfdaşlıqlardan daha da olduğunu vurğulaması, xüsusilə də işlətdiyi “Bir çoxlarımız bu müttəfiqliyin Türkiyədə seçkilərin nəticəsindən asılı olmayaraq davam etməsinə və daimi xarakter almasına əmin olmaq istəyirik” ifadəsi, ölkəmizin qlobal geosiyasi proseslərə təsir imkanlarının getdikcə artmasının aparıcı dünya gücləri tərəfindən etiraf olunduğunu bir daha deməyə əsas verir. Aydındır ki, Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişaf perspektivlərinin beynəlxalq siyasi araşdırma mərkəzlərinin diqqətində saxlanması və onlar tərəfindən ciddi təhlil olunması da məhz ölkəmizin yarana biləcək müxtəlif böhranlı vəziyyətlərdə tutacağı mövqeyə verilən önəmdən irəli gəlir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regional inkişafın önəmli amilidir. Digər tərəfdən isə, Azərbaycanın Türkiyə ilə hərbi müttəfiq olması, dolayı olaraq ölkəmizi NATO-nun hərbi müttəfiqinə çevrir. Bir məqamı xüsusi olaraq qeyd etmək istərdim ki, möhtərəm dövlət başçımız bu məsələ barədə fikirlərini səsləndirərkən, keçmiş Sovetlər İttifaqına daxil olan bəzi ölkələrdə hətta NATO və ya Avropa İttifaqına inteqrasiyaya dair müəyyən koseptual proqramların da hazırlandığını vurğuladı. Lakin Azərbaycan rəsmi olaraq heç bir razılaşmaya daxil olmadı. Həmçinin ölkəmiz “Şərq tərəfdaşlığı” Proqramına üzv olan bəzi dövlətlərdən fərqli olaraq Avropa İttifaqı ilə Assosiasiya sazişinə də imza atmadı. Dövlətimizin başçısı hər zaman olduğu kimi, bu məsələdə də Azərbaycanın prinsipial mövqeyini birmənalı şəkildə ortaya qoydu. Məsələ bundadır ki, Avropa İttifaqı ilə Assosiasiya əslində sadəcə həmin formata qoşulan ölkələrə təqdim olunmuş təlimatlar toplusudur. Azərbaycanın isə, müstəqil siyasət yürüdən ölkə olaraq heç bir beynəlxalq təşkilatın təlimatlarına ehtiyacı yoxdur. Azərbaycan beynəlxalq əməkdaşlıq üçün fərqli və daha effektiv yol seçib. Bu gün ölkəmiz cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu müstəqil xarici siyasət kursu nəticəsində Avropa İttifaqına üzv olan doqquz dövlət ilə strateji tərəfdaşlıq sazişini və bəyannaməsini imzalayıb. Əlbəttə ki, strateji tərəfdaşlıq haqqında imzalanmış və ya qəbul edilmiş bəyannamələr assosiasiya sazişindən daha böyük dəyərə malikdir. Eyni vəziyyət NATO-ya üzvlük məsələsində də müşhidə olunur. “Şərq tərəfdaşlığı” Proqramına üzv olan bəzi ölkələr artıq uzun illərdir ki, Şimali Atlantika alyansına üzv olmaq hədəfini elan ediblər. Lakin bu hədəfə doğu indiyədək heç bir addım atılmayıb. Azərbaycan isə ordusunun gücü baxımından NATO-nun ikinci dövləti ilə saziş imzalayıb. Əlbəttə ki, bu, çox ciddi bir məqamdır. Azərbaycanla Türkiyə arasındakı gələcək münasibətlərə gəlincə isə, cənab Prezident İlham Əliyev iki ölkə arasında mövcud müttəfiqlik formatının getdikcə daha da gücləndiriləcəyinə əmin olduğunu vurğuladı və bildirdi ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024