Mobil versiya
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz hədəflərinə doğru inamlı addımlarla irəliləyir
Tarix: 28-04-2023 | Saat: 09:22
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz hədəflərinə doğru inamlı addımlarla irəliləyir

Bu gün Azərbaycan özünün Avropa ölkələri ilə əlaqələrini həm ikitərəfli, həm də çoxtərəfli formatlarda inkişaf etdirir. Artıq bir çox Avropa ölkələri ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hazırda Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var. O cümlədən uzun müddətdir ki, Azərbaycanla dostluq münasibətləri olan ölkələrdən biri də Bolqarıstandır. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ölkələrimiz arasında əməkdaşlığın davamlılığını təmin edib. Ötən müddət ərzində Azərbaycan-Bolqarıstan əlaqələri daha yüksək səviyyəyə qalxmış və bu gün sözün əsl mənasında strateji tərəfdaşlıq səviyyəsindədir. Əlbəttə ki, iki ölkə arasında siyasi münasibətlərin xarakterini Azərbaycan və Bolqarıstan Prezidentlərinin təmasları əsasında da müəyyən etmək olar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin altı ay bundan əvvəl Sofiyaya rəsmi səfəri, eləcə də Bolqarıstan Prezidenti cənab Radevin bir öncə Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında yüksək səviyyədə siyasi dialoqun mövcud olduğunu bir daha isbatlayır.
Ötən ilin oktyabr ayında Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edərkən, cənab Prezident İlham Əliyev öz çıxışında bu layihənin böyük tarixi əhəmiyyətə malik olduğunu xüsusi vurğulamışdı. Artıq cari ilin aprel ayının 15-də isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında “Anlaşma Memorandumu”nun imzalanma mərasimində iştirak ediblər. Cənab Prezident İlham Əliyev “Anlaşma Memorandumu”nun imzalanmasını enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından yüksək qiymətləndirib. Memorandum icra olunduqdan sonra Avropanın enerji təhlükəsizliyi birmənalı olaraq daha təkmil və gücləndirilmiş şəkildə təmin ediləcək. Bu layihə Azərbaycana daha çox Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət yaradacaq. Məlum olduğu kimi, ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd əsasında Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. Hazırda Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya ixrac olunan Azərbaycan qazı, əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən Macarıstana və Slovakiyaya da çatdırılacaq. Beləliklə də “Həmrəylik Halqası”nın üzvü kimi, yaxın vaxtlarda Slovakiya da enerji sahəsində Azərbaycanın tərəfdaşına çevriləcək. Bununla da ölkəmizin qaz təchizatının coğrafiyası 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndiriləcək.
Lakin təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. İyirmi ildən artıqdır ki, ölkəmiz xam nefti ixrac edən iri təchizatçı kimi etibarlı tərəfdaşdır. Neft-kimya məhsulları və elektrik enerjisi də ixracımızın bir hissəsidir. Möhtərəm dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra üç ildən az müddətdə, 1994-cü ildə müqavilə imzaladı. Sonradan həmin müqavilə “XX əsrin müqaviləsi” adlandırıldı. Ölkəmiz ilk dəfə olaraq Xəzər dənizində nefti hasil və ixrac etmək məqsədilə xarici neft şirkətlərini dəvət etdi. Bu gün isə Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq XXI əsrin layihəsini həyata keçirir və onun miqyası durmadan genişlənir. Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımları atmaqda davam edir. Hazırda ölkəmizdə Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışmalar aparılır. Məlum olduğu kimi, Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Artıq 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsalı məqsədilə bərpaolunan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərlə müqavilələr və anlaşma memorandumları imzalanıb və ilk külək və günəş enerjisi stansiyalarının tikintisinə start verilib. Yaxın gələcəkdə baş tutacaq yaşıl enerjinin Avropaya ixracı Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirəcək.

Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024