Mobil versiya
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV ÖLKƏ İQTİSADİYYATINI BÖHRANDAN ÇIXARDI
Tarix: 26-04-2023 | Saat: 18:43
Bölmə:Seçki 2024 | çapa göndər

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV ÖLKƏ İQTİSADİYYATINI  BÖHRANDAN ÇIXARDI

Azərbaycan xalqının və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən məhz Ulu öndər Heydər Əliyev olmuşdur. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür.
Hər bir dövlət güclü iqtisadiyyatı ilə inkişaf edir və beynəlxalq müstəvidə böyük nüfuza sahib olur. Bu baxımdan, Ulu öndər Heydər Əliyevin bu fikri daim öz aktuallığını qoruyub saxlayır: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyatın inkişafını xüsusilə diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, hələ sovetlər dönəmində sosial-iqtisadi cəhətdən geridə qalmış Azərbaycan məhz 1969-cu ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə özünün intibah və tərəqqi dövrünə qədəm qoydu. Mühüm məqam ondan ibarətdir ki, sovetlər dönəmində Ulu öndərimizin yaratdığı iqtisadi potensial Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin inkişafında müstəsna rol oynadı.
Müstəqilliyimizin ilk illərində iqtisadiyyatımız tənəzzül etsə də, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev qısa müddətdə ölkəmizi təhlükələrdən xilas etdikdən, ictimai-siyasi sabitliyi bərqərar etdikdən sonra iqtisadiyyatın inkişafı istiqamətində mühüm addımlar atmağa başladı. Beləliklə, Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə yeni iqtisadi yüksəliş başlandı, Azərbaycan iqtisadiyyatına xarici investisiyalar yatırıldı, bu mərhələdə ilk növbədə gələcək müstəqil və güclü iqtisadi siyasətin zəminləri yaradıldı. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil edib. Görülən işlər nəticəsində ölkəmizin iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək olub.
Digər bir nüansı da xüsusilə qeyd etmək istəyirəm. 1994-cü ilin sentyabr ayında “Əsrin müqaviləsi” imzalanmaqla yeni neft strategiyasının əsası qoyuldu. Ulu öndər Heydər Əliyevin qətiyyəti, güclü iradəsi nəticəsində imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın gələcək sosial-iqtisadi inkişafının nüvəsi oldu. Bu prosesdən sonra isə Ulu öndərimizin rəhbərliyi ilə iqtisadiyyatımızın bütün sahələri üzrə sistemli şəkildə islahatlar həyata keçirilməyə başlandı.
Bu gün müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi kimi, qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib. Ümummilli liderimizin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır. 

Mələknaz Cəfər qızı
YAP Qaradağ rayon təşkilatının fəalı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024