Mobil versiya
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV – GÜCLÜ AZƏRBAYCAN İQTİSADİYYATININ BANİSİ!
Tarix: 25-04-2023 | Saat: 09:39
Bölmə:Özəl | çapa göndər

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV – GÜCLÜ AZƏRBAYCAN İQTİSADİYYATININ BANİSİ!

Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dövlətimiz mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlətdir. Müasir Azərbaycan dövlətinin banisi Ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə yenidən qayıdandan sonra müstəqil dövlətimizin yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirdi, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərdi. Ulu öndər Heydər Əliyev bu dövrdən başlayaraq ölkədə baş verən proseslərin və həyata keçirilən islahatların bütün istiqamətlərinin təşkilatçısı olmuşdur. İslahatların həyata keçirilməsində hər bir sahəyə məxsus olan spesifik xüsusiyyətləri nəzərə alan Ümummilli lider bu islahatların son nəticə etibarilə sosialyönümlü olmasının hədəf kimi seçilməsini xüsusilə zəruri hesab edirdi və iqtisadi islahatların həyata keçirilməsi istiqamətində baxışlarını səciyyələndirən ən vacib xüsusiyyət-islahatların həyata keçirilməsinin istiqamətlərini düzgün proqnozlaşdırmaqdan ibarət idi. Ulu öndər Heydər Əliyev iqtisadi platformasında iqtisadi islahatlar dedikdə, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin  fəaliyyətini genişləndirmək və özəlləşdirməni həyata keçirmək, sahibkarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etmək nəzərdə tutulurdu. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında müqavilə imzalandı.
Müqavilə neft sahəsində Ulu öndər Heydər Əliyevin qazandığı uğurların hələ başlanğıcı idi. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. Ümummilli lider Heydər Əliyevin özünün də vurğuladığı kimi, “Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər - təkcə neft sahəsində deyil, Azərbaycan iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır”. “Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarılıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi. Ulu öndər Azərbaycan neft kəmərinin çoxvariantlılığı ideyası ilə çıxış edərək Bakı-Supsa kəmərinin işə salınmasına, eyni zamanda "Əsrin müqaviləsi" çərçivəsində hasil olunacaq əsas neftin nəqli üçün "Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin inşa edilməsi üzrə danışıqların intensivləşdirilməsinə nail olur. 1999-cu ilin noyabrında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzalanmışdır. Ümummilli lider Heydər Əliyev həm də, Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulan və regionun kifayət qədər əhəmiyyətli layihəsi hesab olunan  Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də təməlini qoydu, eyni zamanda neft gəlirlərinin şəffaf xərclənməsi və gələcək nəsillərə saxlanılması məqsədi ilə Dövlət Neft Fondunun yaradılması kimi xidmətləri ilə də yadda qalıb. 
1999-cu il dekabrın 29-da  “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında”  Fərman imzaladı. Məhz Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamı kimi Azərbaycan yeni inkişaf mərhələsinə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə demokratik dövlət quruculuğu modelini, öz iqtisadi inkişaf strategiyasını düşünülmüş surətdə həyata keçirmək əzmi ilə qədəm qoydu. Bu gün əminliklə demək olar ki, müstəqil Azərbaycanın hazırkı böyük və həlledici uğurları bünövrəsini 1993-cü ilin 15 iyun tarixindən götürür. Dövlətimiz Ümummilli lider Heydər Əliyevin dövlətçilik və siyasi idarəçilik konsepsiyasına istinad edərək yeni nailiyyətlərə doğru inamla irəliləyir. 2003-cü ildən ölkəyə inamla rəhbərlik edən cənab Prezident İlham Əliyev mütərəqqi inkişaf strategiyasını davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun olaraq onları zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına uğurla çalışmaqdadır. 

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024