Mobil versiya
Zərifə xanım Əliyeva-bütün mənalı ömrünü insanların sağlamlığına həsr etmiş alim, sədaqətli həyat yoldaşı, müzəffər bir sərkərdənin anası
Tarix: 15-04-2023 | Saat: 15:09
Bölmə:Siyasət / Özəl | çapa göndər

Zərifə xanım  Əliyeva-bütün mənalı ömrünü insanların sağlamlığına həsr etmiş alim, sədaqətli həyat yoldaşı, müzəffər bir sərkərdənin anası

Dünya təbabətində özünəməxsus yeri, Azərbaycan tibb elminin təşkilatçılarından biri, fitri istedada malik alim, eyni zamanda, Allahın Azərbaycan xalqına bəxş etdiyi heyrətamiz dərəcədə pak və nadir şəxsiyyət lərdən biri də akademik Zərifə Əliyevadır. Anadan olmasının 100-cü ildönümünü qeyd etdiyimiz bu günlərdə Zərifə xanımın sönməz ziyası onu əziz tutan insanları bir daha öz işığına toplayır, öz nuruna qərq edir.
Zərifə xanım Əliyeva 923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, dövrünün görkəmli dövlət xadimi, mahir səhiyyə təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açmışdı. Atası Əziz Əliyev rektor, nazir, Mərkəzi Komitənin katibi, Baş nazirin müavini kimi yüksək vəzifələrdə çalışmış, dərin intellekti və təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanmışdı. Onun enişli-yoxuşlu həyatının bütün mərhələləri əslində övladları üçün həyat məktəbi idi. Belə bir ailədə böyüyən Zərifə xanım təbii ki, səmimiyyəti, insanlara sevgisi ilə başqalarından seçilirdi. Bu nəslə və ailəyə məxsus ziyalılıq, əməksevərlik, doğma ocağa, xalqa və vətənə bağlılıq kimi nəcib xüsusiyyətlər onun həyatında öz təcəssümünü tapmışdı. Atasının yolunu davam etdirməyi, gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə həmin institutu əla qiymətlərlə bitirir. Oftalmologiya peşəsinə yiyələnmək arzusu isə gənc mütəxəssisi Moskva şəhərinə aparıb çıxarır və o, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisasartırma kursu keçərək həkim-oftalmoloq ixtisasına yiyələnir.
1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir. 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir. Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Z.Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Z.Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Qeyd edək ki, Zərifə xanım bu mükafatı almış ilk qadın olmuşdur.
Alim gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları – Üzeyir Hacıbəyov, Müslim Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə boya-başa çatan Zərifə xanım zaman keçdikcə özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirirdi.
Zərifə xanım, eyni zamanda, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım, eyni zamanda, qayğıkeş ana idi. İncə təbiətli, bu kövrək qadın öz zərif çiyinlərində dünya şöhrətli siyasətçinin inam və etibarını hər addımda doğrultmuşdu. Ən ağır və təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını bir an belə tək qoymamış, onun dayağına çevrilmişdi.
Onun öz ailəsi üçün necə əvəzsiz dəyər kəsb etdiyini həyat yoldaşı - Ulu Öndər Heydər Əliyev özü də dəfələrlə söyləyib. “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar”.
Cəmiyyətin həyatında fəal rol oynayan Zərifə xanım ailəsinə son dərəcə bağlı bir qadın, gözəl ana idi. Öz analıq missiyasını sevdiyi peşəsi ilə birləşdirən bu xanımı bir qadın, bir alim və həkim kimi cəmiyyətin inkişafına xidmət edən ailəsindən ayrı düşünmək olmazdı. Zərifə xanım analıq vəzifəsinin öhdəsindən də çox gözəl gəlmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu nadir şəxsiyyəti belə xarakterizıə edir: ““Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O bizə tez-tez deyərdi ki, uşaqlıq - insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq - insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı.”
Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir insan kimi yaratdığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Tibb aləmində bir çox yeniliklərə imza atmış, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan, yüksək intellekt sahibi, yorulmaz alim, akademik, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir, onun yazıb-yaratdığı monumental əsərləri, qoyub-getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, mədəni irsi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərlərinin mövzusuna çevrilir.
Neçə-neçə yüz illər keçəcək. Tarixin yaddaşında isə bəşəri ideyalarla yaşayıb insanlığa xidmət edən şəxslər qalacaq. Belə şəxsiyyətlərdən biri olan Zərifə xanım Əliyevanın ömrü də tarix qədər olacaq və tarixin qızıl səhifələrində öz yerini saxlayacaq. Bütün mənalı ömrünü insanların sağlamlığına həsr etmiş alim, sədaqətli həyat yoldaşı, müzəffər bir sərkərdənin anası kimi...

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024