Mobil versiya
Etibar Niftəliyev: “ Ulu Öndər Heydər Əliyev Vətənini və millətini hədsiz məhəbbətlə sevən bir insan kimi, çətin anlarda hər zaman xalqının yanında olmağı bacaran şəriksiz və alternativsiz liderdi”
Tarix: 12-04-2023 | Saat: 15:36
Bölmə:Siyasət | çapa göndər

Etibar Niftəliyev: “ Ulu Öndər Heydər Əliyev Vətənini və millətini hədsiz məhəbbətlə sevən bir insan kimi, çətin anlarda hər zaman xalqının yanında olmağı bacaran şəriksiz və alternativsiz liderdi”

Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması sözsüz ki, dövlətimizin və xalqın tarixində silinməz iz buraxacaq ən əlamətdar hadisələrdən biridir. Ulu Öndər Heydər Əliyevin ölkənin ümumi inkişafı, xalqımızın rifah yüksəlişi, dövlətimizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi baxımından müstəsna xidmətləri olub. Bugünkü buraxılışımızda ölkəmizin təhsil sisteminin yenidən qurulması istiqamətində Ümummilli Liderimizin atdığı taleyüklü addımlar və Azərbaycan ictimaiyyətini maraqlandıran digər məsələlər barədə AİA.az-ın suallarını ATİAHİ Zərdab rayon komitəsinin sədri Etibar Niftəliyev cavablandırır.

- Etibar müəllim, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrü hansı vacib tarixi məqamlarla xarakterizə edə bilərsiz?

- Heydər Əliyev fenomen şəxsiyyətdir. Həyatın hansı üzündən baxsan o böyük şəxsiyyətin rolunu, müsbət obrazını görmək olar. Bu adam elə bir şəxsiyyətdir ki, bütün ömrünü xalqa, Vətənə həsr edə bildi. Özünün dediyi kimi azərbaycanlı olmağı ilə fəxr edə bilmək keyfiyyəti onu bir xalqın, bir millətin taleyində həlledici şəxsə, xilaskara çevirdi. Azərbaycan tarixinin Heydər Əliyev dövrü taleyüklü məqamları, dövlətçilik uğrunda gərgin mübarizə və s. ilə öz tutumuna, kütləsinə görə bütöv bir mərhələ, epoxadır. Zaman etibarilə bizlərə çox yaxın olduğu üçün bu gün həmin dövrün tarixi qiymətini, dəyərini bəlkə də düzgün ifadə etmək bir qədər çətindir. Ancaq heç şübhəsiz, dövlətçilik, idarəetmə, regional siyasət, elm, təhsil, mədəniyyət, idman və s. haqqında yazılacaq nüfuzlu kitablar məhz Heydər Əliyev irsindən qaynaqlanacaq, xalqımızın bu dahi oğlunun fəaliyyəti elmi və elmi-pedaqoji cəhətdən daha mükəmməl öyrəniləcəkdır. Təbii ki, bu kitablarda ümummilli lider Heydər Əliyev bir hakimiyyət ustadı kimi, qətiyyətli dövlət başçısı kimi, müdrik siyasətçi, məsuliyyətli vətəndaş kimi, cəsur və tədbirli sərkərdə, Vətənini və millətini hədsiz məhəbbətlə sevən bir insan kimi, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran şəriksiz və alternativsiz lider kimi hərtərəfli öyrənilməlidir. Bütün bunlar gənc nəsil üçün xüsusilə vacibdir.
Bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu konteksdən yanaşdıqda, Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ölkəyə rəhbərliyin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Ulu öndərin öz sözləri ilə desək: “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”.

- Heydər Əliyevin müəllifi olduğu daxili siyasət startegiyasının Azərbaycanın təhsil sisteminin inkişafında rolu barədə nə deyə bilərsiz?

- Milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi bu nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. Tərəqqiyə gedən yolda uğurlar qazanmaq isə dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılması, sosial-iqtisadi, mədəni, elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması zəruridir. Bunun üçün də xüsusilə strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdir. Bu mənada ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci dönəmində reallaşdırılan təhsil siyasətinin müxtəlif aspektlərini araşdırmaq üçün bu strateji əhəmiyyətli sahənin dünəninə və bugününə diqqət yetirmək kifayətdir.

- Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycanda elm sahəsində aparılan fundamental tədqiqatların səmərəliliyini necə qiymətləndirirsiz?

- İnkişaf etmiş ölkələrin təcrübəsi də sübut edir ki, fundamental tədqiqatlar aparılmayan ölkələrdə yüksək keyfiyyətə malik təhsil haqqında danışmaq mənasızdır. Eyni zamanda, harada ki baza rolunu oynayan keyfiyyətli orta təhsil yoxdursa, orada geniş əhatəli fundamental tədqiqatlar aparılması qeyri-mümkündür. Ümumiyyətlə, dövlətin iqtisadi qüdrətini, onun elm tutumlu və rəqabətə davamlı məhsulunun istehsalını elmi tədqiqatların, xüsusən fundamental tədqiqatların səviyyəsi, əhatəliliyi və yüksək ixtisasa malik milli kadrlar müəyyən edir. Başqa sözlə desək, müasir dünya gerçəkliklərinə yaxından bələd olan, müasir texnika və texnologiyanı mənimsəyən kadrlar yetişdirmədən, eləcə də ölkədə həyata keçirilən islahatları elmi baxımdan əsaslandırmadan mövcud təbii-iqtisadi resurslardan tam və səmərəli istifadə etmək və arzu edilən iqtisadi inkişaf səviyyəsinə nail olmaq qeyri-mümkündür. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyası ölkənin texniki-texnoloji, eləcə də sosial-iqtisadi inkişafının avanqardına çevrilməlidir. Məhz bu reallığı nəzərə alan ulu öndər Heydər Əliyevin “Milli Elmlər Akademiyası sistemində yüksək ixtisaslı elmi kadrlar hazırlayan təhsil qurumlarının, respublikada prioritet istiqamətlərdə müstəqil fəaliyyət göstərən dövlət elm-təhsil mərkəzlərinin işi daim gücləndirilməli və zənginləşdirilməlidir” fikri də akademiyanın potensialının və texniki bazasının gücləndirilməsinə, ölkədə fundamental elmi tədqiqatların aparılmasına yönəlmişdir.

- Məlumdur ki, Ümummilli Lider Heydər Əliyev gənc nəslin təlim-tərbiyə məsələsini hər zaman xüsusi diqqət mərkəzində saxlayırdı. Bu baxımdan ölkəmizdə həyata keçirilən gənclər siyasəti, eləcə də elm və təhsil siyasəti barədə hansı fikirlərinizlə paylaşmaq istərdiniz?

- Ulu Öndər Heydər Əliyevin ölkəmizdə təməlini qoyduğu elm və təhsillə bağlı siyasəti bu gün real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Belə ki, Ulu Öndər bu sahələrə xüsusi həssaslıqla yanaşmış və daim qayğı göstərmişdir. Ümummilli Lider öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd etmişdir ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Bu mənada onun böyüklüyünü dərk etmək kifayət qədər düşüncə tələb edir. Bəli, o böyük şəxsiyyət sanki bizim Qarabağ uğrunda mücadiləmizdə qələbə çalacağımızın anonsunu verirdi. Onun yuxarıda səsləndirdiyim fikri bu gün real həqiqətə çevrilib. Həmin dövrdə məktəb partası arxasında əyləşən uşaqlar ikinci Qarabağ savaşında tarix yazdılar. Çünki onlar o təhsili aldılar, o elmi öyrəndilər ki, onun mahiyyətində Vətənə məhəbbət, xalqa və topağa sədaqət var, millət sevgisi var. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ən əhəmiyyətli nəticələrindən biri də azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, vətənpərvərlik hisslərinin güclənməsi olmuşdur. Öz vətənini və xalqını son dərəcə böyük məhəbbətlə sevən, Azərbaycan dövləti və milləti üçün sonsuz qürur hissi keçirən Heydər Əliyev "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” söyləməklə, əslində, ölkəmizdə milli tərbiyə konsepsiyasını bəyan etmişdir. "Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir, biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməliyik” deməklə Heydər Əliyev "azərbaycançılığı” milli ideologiyanın əsası kimi müəyyənləşdirmişdir. Azərbaycanda müstəqilliyin ilk illərindən latın qrafikalı əlifbaya keçilməsi qərara alınsa da, bu proses Heydər Əliyevin səyləri nəticəsində 2001-ci il avqustun 1-də tam başa çatmış, təhsil sistemində latın qrafikalı əlifbaya tam keçid təmin edilmişdir. 2002-ci ildən hər il avqustun 1-i "Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” bayram kimi qeyd edilir. Bu gün qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsi, şərəfli həyat və fəaliyyəti gənc nəslin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması üçün ən dəyərli mənbədir.

- Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Bu baxımdan cari ildə yəqin ki, respublikanın bütün təhsil ocaqlarında da əhatəli maarifləndirici keçirilməsi planlaşdırılır...

- Bəli, doğru fikirləşirsiniz. “Heydər Əliyev İli” müstəqil Azərbaycan dövlətinin Heydər Əliyevin ideallarının işığında qazandığı parlaq nailiyyətlərin bütün dünya qarşısında möhtəşəm hesabatı ili olacaqdır. Bütün təhsil ocaqlarında dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin ömür və mübarizə yolunun dərslərini, müstəqil dövlətçilik və azərbaycançılıq ideallarını dərindən və əsaslı şəkildə öyrədilməsi nəzərdə tutulur. Bu proses bir tədbirlər, bir müzakirə ilə yekunlaşmayacaqdır. Bütün tədbirlərin mahiyyətini də ilk öncə Azərbaycan xalqı üçün böyük xidmətləri olmuş Azərbaycan xalqına xoşbəxtlik bəxş etmiş, faktiki olaraq müasir Azərbaycanın memarı olan dahi siyasət adamı olan Heydər Əliyev irsinin gənclərə öyrədilməsi, Vətənə xidmətin Heydər Əliyev timsalı duracaqdır.


- Etibar müəllim, səmimi və ətraflı müsahibənizə görə Sizə təşəkkür edirəm. Sağ olun.

- Siz də sağ olun.

Söhbətləşdi:
Sənan Hacıyev
Akif Səlimov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024