Mobil versiya
Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası milli dövlətçilik məfkurəmizin əsasında durur
Tarix: 14-04-2023 | Saat: 09:59
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası milli dövlətçilik məfkurəmizin əsasında durur

XX əsr Azərbaycan tarixinin ən görkəmli siması olan Heydər Əliyev bu tarixin həm də ən şərəfli səhifələrinin müəlliflidir. Ulu Öndər dövlət idarəçiliyinin hər bir mərhələsində vətəninə, xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə yanaşıb, milli ideallara qırılmaz tellərlə bağlı olub. Ümummilli Lider Heydər Əliyev unikal bir siyasi məktəbin, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi, milli inkişafı şərtləndirən strategiyanın müəllifi kimi Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq qazanıb.

Bu il bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük tənənə ilə qeyd edəcək. Bu münasibətlə Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunmuşdur. Əlbəttə ki, bu qərar ilk növbədə xalqın iradəsinin ifadəsi və öz xilaskar oğluna olan əbədi sevgisinin, Ulu Öndərin əziz xatirəsinə sonsuz ehtiramın ən bariz təcəssümüdür.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illər iki fərqli tarixi dövrə təsadüf edir. Həm də bu dövrlərin fərqliliyi təkcə zaman kəsiyi səbəbilə deyil, eyni zamanda da ölkənin mövcud olduğu müxtəlif, daha dəqiq desək antoqonist ictimai-siyasi formasiyaların mahiyyətlərindəki ziddiyyətlər əsasında formalaşmışdı. Bununla belə, Ulu Öndər Heydər Əliyevin fəaliyyəti hər iki dövrdə bilavasitə Azərbaycan xalqının maraqlarına xidmət etmiş və nəticə etibarı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurulması üçün dayanıqlı əsasların yaradılmasını təmin etmişdir. 1969-cu ilin iyul ayında keçirilmiş Azərbaycan KP MK-nin plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Əslində həmin plenumu tarixi önəm kəsb edən hadisə kimi dəyərləndirmək lazımdır. Çünki məhz o gündən sonra Azərbaycan SSR yeni, iqtisadiyyatının bütün sahələrində dinamik inkişafın müşahidə olunduğu bir dövrə qədəm qoydu. Respublikada iqtisadi inkişafa doğru ciddi dönüş əldə edildi, elmi, texniki və ədəbi-mədəni intibahın əsası qoyuldu. Məhz həmin dövrdən başlayaraq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün əsaslı zəmin hazırladı. Beləliklə, hələ sovet dönəmində Azərbaycanda milli müstəqilliyə etibarlı bünövrə formalaşdıran Ulu Öndər əlverişli sosial-iqtisadi, hüquqi və mənəvi-intellektual mühit yaradaraq, bu möhkəm bünövrə üzərində xalqın illər sonra azadlıq, istiqlaliyyət və müstəqillik ideallarına qovuşmasını təmin etdi. Birmənalı olaraq vurğulamaq lazımdır ki, məhz 1969-1982-ci illər respublikada ictimai-siyasi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklərin miqyasına görə Azərbaycanın şanlı inkişaf və quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir.

Əlbəttə ki, müstəqillik ideyasının əsasında duran vacib hərəkətverici qüvvələrdən biri də milli ideologiya amilidir. Bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktor olan Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, Ulu Öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan Ümummilli Lider Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Ulu öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın deyi, həm də dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə ən yüksək dəyəri verən Ulu Öndər deyirdi: “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”. Məhz bu mənada 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Ulu Öndərin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu.

Hər hansı ölkənin öz müstəqilliyini qoruyub saxlaya bilməsi üçün güclü ordunun varlığını müstəsna amil kimi dəyərləndirən Ulu Öndər öz çıxışlarının birində demişdir: “Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir”. Ümummilli Lider Heydər Əliyev ordu quruculuğu üçün baza hazırlanması istiqamətində hələ sovet dönəmində atdığı addımlarla bugünkü silahlı qüvvələrimizin əsasını qoyub. Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə öz xalqına misilsiz xidmətlər göstərmiş Ulu Öndər qarşıya çıxan bütün çətinlik və maneələrə rəğmən 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olmaqla, bugünkü qüdrətli ordumuzun formalaşmasına əvəzsiz töhfə vermiş oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına yol açdı. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndər hərbi xidmətin hər bir azərbaycanlı gəncin ən şərəfli vəzifəsi olduğunu daim diqqət mərkəzinə çəkirdi: “Mən arzu edirəm ki, hər bir Azərbaycan gənci Azərbaycan ordusunda xidmət etməyi özünün müqəddəs vəzifəsi kimi qəbul etsin. Orduda xidmət etməyən gənc cəmiyyətdə böyük hörmət qazana bilməz. Cəmiyyətdə, gələcək həyatda hörmət qazanmaq istəyən gənc gərək mütləq, mütləq əsgərlik borcunu yerinə yetirsin. Əsgərlik borcunu yerinə yetirmək hər bir azərbaycanlı gəncin müqəddəs vəzifəsidir”. Məhz Ulu Öndərin səyləri nəticəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə qəbulu, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün olmuşdu.

Artıq uzun müddətdir ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bu gün həm də dünya ölkələri arasnda nüfuzlu söz sahiblərindən birinə çevrilib. Əlbəttə ki, bu nailiyyətin əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və 2003-cü ildən bəri Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilən praqmatik xarici siyasət strategiyası durur. Məlum olduğu kimi, Azərbaycanın özünün dövlət müstəqilliyini bərpa etdiyi ilk illər ərzində ölkəmizin üzləşdiyi daxili və xarici təhdidlər və bu səbəbdən xalqımızın illər boyu həsrətində olduğu müstəqilliyi itirmək təhlükəsi bir daha sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. 1991-1992-ci illərdə ölkədə yaranmış vəziyyət elə bir böhran həddinə çatmışdı ki, artıq dünyanın aparıcı beynəlxalq şərhçilərinin qeydlərində belə Azərbaycan dövlətçiliyini itirmək üzrə olan ölkə kimi xarakterizə olunurdu. Ən pisi də bu idi ki, həmin proqnozların reallaşması üçün ölkədə həqiqətən də son dərəcə təhlükəli bir zəmin artıq tam olaraq formalaşmışdı. Bu vəziyyətin yaranmasında əsas rol oynayan amillərdən danışarkən əlbəttə ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və ölkə ərazisinin 20 faizinin işğalını, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köşkün vəziyyətinə düşməsini və bu səbəbdən ölkəmizin üzləşdiyi humanitar fəlakəti xüsusi qeyd etmək lazımdır. Eyni zamanda da məhz bu amillərin həmin illərdə ölkəyə rəhbərlik edən siyasi hakimiyyətin yarıtmazlığı, yürüdülən daxili və xarici siyasətin yararsızlığı və Azərbaycanın vətəndaş müharibəsi astanasına gətirilməsi nəticəsində formalaşdıqları danılmaz tarixi faktdır. Dünya ölkələrinin təcrübəsi göstərir ki, belə çətin tarixi dövrlərdə, həmin dövrü yaşayan xalqların və dövlətlərin üzləşdikləri sınaqdan uğurla çıxa bilmələri üçün müstəsna liderlik keyfiyyətlərinə malik olan şəxsiyyətin mövcudluğu zəruri şərtdir. Ölkəmizdə ictimai-siyasi gərginliyin böhran həddinə çatdığı 1993-cü ildə də Azərbaycanın taleyində xilaskarlıq missiyasını öz üzərinə götürə bilən yeganə dahi lider şəxsiyyət məhz Heydər Əliyev idi. Həmin vaxt bunu hamıdan da gözəl bilən Azərbaycan xalqı öz müdrikliyini və iradəsini nümayiş etdirərək Ulu Öndərin ölkədə siyasi hakimiyyətə qayıdışını tələb etdi. Xalqın səsinə səs verərək ölkənin rəhbərliyinə qayıdan Ümummilli Lider qısa zaman ərzində ölkədə başlanmaq üzrə olan vətəndaş müharibəsinin qarşısını aldı, ilk vaxtlarda bir qədər kövrək də olsa ictimai-siyasi sabitliyə nail oldu, milli həmrəyliyi təmin etdi. Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edən şəxslərin yol verdikləri ciddi nöqsanlar Azərbaycanda ordu quruculuğu işini də dərin böhrana salmışdı. 1993-cü ildə Ulu öndər Heydər Əliyev Bakıya dəvət olunanda Azərbaycan Ordusu da bütün digər strukturlar kimi, ağır böhran içində idi. Orduya səriştəsiz, dövlət tərəfindən təyin edilməmiş şəxslərin rəhbərlik etməsi, ordu quruculuğu ilə bağlı dövlətin aydın proqramının olmaması, faktiki olaraq dövlət və ordunun bir-birindən ayrı düşməsi və ordunun ayrı-ayrı qruplaşmaların maraqlarını ifadə edən siyasi işlərə cəlb edilməsi bu böhranı şərtləndirən əsas amillər idi. Ulu öndər ordunun ümumi döyüş qabiliyyətinin ayrı-ayrılıqda götürülmüş hər bir əsgər və zabitin şəxsi keyfiyyətlərindən birbaşa asılı olduğunu daim vurğulayırdı. Öz çıxışlarının birində ümummilli lider demişdi: “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər”. Ölkə rəhbərliyinə qayıtdıqdan dərhal sonra Ulu Öndər nizami ordu yaradılması istiqamətində təcili və qətiyyətli addımlar ataraq, cəbhədə vəziyyəti dəyişdirdi, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə endirdiyi sarsıdıcı zərbələrin təsiri altında Ermənistan atəşkəsə vadar edildi. Bundan dərhal sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanın yerləşdiyi ərazinin geostrateji əhəmiyyətini, mövcud geosiyasi amilləri, tarazlaşdırılmış və çoxqütblü xarici siyasətə olan zərurəti, ölkəmizin zəngin enerji resurslarına və nəqliyyat imkanlarına malik olmasını və bir çox digər təsiredici məqamları nəzərə alaraq həmin dövrün çağırışlarına cavab verən yeni xarici siyasət strategiyasını müəyyən etdi. Ulu Öndər Dünya Azərbaycanlılarının 10 noyabr 2001-ci il tarixində keçirilmiş I Qurultayında söylədiyi nitqində demişdir: “Azərbaycan heç vaxt öz müstəqil siyasətindən geri çəkilməyəcəkdir. Onun müstəqil xarici siyasəti Azərbaycanın müstəqilliyinin əsas rəmzidir, əsas göstəricisidir”. Heydər Əliyev dühasının müəyyən etdiyi çoxqütblü və tarazlaşdırılmış xarici siyasət strategiyası tarix boyu yalnız milli dövlətçiliyimizin itirilməsinə və Azərbaycanın böyük güclərin döyüş və siyasi rəqabət meydanına çevrilməsinə səbəb olan əsas amilləri, ilk növbədə geosiyasət və neft amillərini müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edən başlıca faktorlara çevirdi.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq ideologiyası bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici amilə çevrilib. Bu mükəmməl idelogiyanın əsasını qoymaqla, Ulu Öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, xalqın milli dövlətçilik məfkurəsinin formalaşması üçün möhkəm zəmin yaratmışdır. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz 21 noyabr 1998-ci il tarixində keçirilmiş və Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda söylədiyi tarixi nitqində demişdir: “Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır.” Ulu Öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edir, mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət hissi ilə yanaşırdı. Ulu Öndər Azərbaycançılıq məfkurəsinin prinsiplərini bəyan etməklə ölkəmizin inkişafı və tərəqqisi üçün işıqlı yolun təməlini qoydu.

1993-2003-cü illər ərzində Ulu Öndər tərəfindən görülmüş və əsası qoyulmuş işlər hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Möhtərəm dövlət başçımızın Azərbaycanda hakimiyyətə gəldiyi 2003-cü ildən keçən dövr ərzində ölkədə dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olmuşdur. Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu durmadan artan, beynəlxalq mövqeləri getdikcə möhkəmlənən Azərbaycan hər gün yeni zirvələr fəth edir, Ulu Öndərin ideyaları əsasında dinamik inkişaf edir. Heydər Əliyev siyasi strategiyasının ölkəmizdə son 20 il ərzində cənab Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə və uğurla inkişaf etdirilməsi bu gün dövlətimiz və xalqımız qarşısında uzun illərdən bəri duran ən vacib problemin həllini - işğal olunmuş torpaqlarımızın azad edilməsini təmin etmişdir.

Xüsusi olaraq bir məqamı da vurğulamaq istədim ki, mən özüm 2003-cü ilin Prezident seçkiləri ilə bağlı gedən proseslərin ölkə ictimaiyyətinin bir təmsilçisi olaraq bilavasitə yaxından iştirakçısı olmuşam. Belə ki, mən həmin seçkilərdə ilk öncə Ulu Öndər Heydər Əliyevin Prezidentliyə namizəd kimi vəkillərindən biri idim. Ümummilli Liderimizin öz namizədliyini geri götürdükdən sonra isə, biz də artıq komanda olaraq Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevin vəkilləri olduq. Bu gün mən sonsuz qürur və fəxarət hissi yaşayıram ki, 19 il bundan öncə seçki kampaniyasında vəkili olduğum möhtərəm Prezidentimiz zamanı gəlincə Müzəffər sərkərdəyə, sözün əsl mənasında Azərbaycan xalqının tarix yazan qəhrəmanına çevrildi.

Ümummilli lider 26 fevral 1999-cu il tarixində Prezident iqamətgahında Xocalının erməni işğalçılarından müdafiəsində iştirak etmiş, şəhid olmuş milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə “Qızıl ulduz” medalları, “Azərbaycan bayrağı” ordenlərini təqdimetmə mərasimində etdiyi çıxışında demişdir: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur”. Ulu Öndərin bu tarixi vəsiyyətinə Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2020-ci ildə əməl etdi. 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanan Azərbaycan artıq yeni reallıqlar yaradan ölkədir və bu reallıqlar xalqımızın daha firavan yaşamasına, dövlətimizin daha qüdrətli olmasına xidmət edəcək. Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması da tariximizin ən çətin və keşməkeşli dönəmlərində Azərbaycanın nicatı və xoşbəxt gələcəyi naminə böyük siyasət meydanına atılan Ulu Öndərimiz Heydər Əliyevin ideyalarının xalqımızın qəlbində, gələcək nəsillərin qan yaddaşında əbədi olaraq yaşayacağının daha bir sübutudur.

Novruzəli Aslanov,
Azərbaycan Respublikasının
Milli Məclisinin deputatı
"Respublika" qəzeti




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024