Mobil versiya
Azərbaycan-Qazaxıstan münasibətlərinin  yeni mərhələsi
Tarix: 13-04-2023 | Saat: 16:07
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycan-Qazaxıstan münasibətlərinin  yeni mərhələsi

Türk dövlətləri arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Onları birləşdirən ortaq dəyərlər ölkələrimizin qarşılıqlı fəaliyyətinin əsasını təşkil edir. Son 20 ildə cənab İlham Əliyev Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir. Azərbaycanın Qazaxıstanla münasibətlərinin ildən-ilə inkişaf etməsi buna əyani misaldır.
Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərməkdədir. İki dövlət arasında ən müxtəlif sahələrə dair imzalanmış mühüm sazişlər əməkdaşlığın yüksək dinamizmlə inkişaf etdirilməsinə zəmin yaratmışdır. Ortaq tarixə, mədəniyyətə malik olan türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi böyük perspektivlərdən xəbər verir.
Siyasi münasibətlərin daha da möhkəmləndirilməsi bilavasitə iqtisadi münasibətlərin dinamik inkişaf zərurəti ilə şərtlənir. Ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş ciddi nailiyyətlər ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir. Qazaxıstanın iqtisadi cəhətdən inkişaf etməsi, dünya miqyasında artan nüfuzu, eyni zamanda, Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması kimi ümumi oxşarlıqlar əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır. Ümumiyyətlə, Azərbaycan-Qazaxıstan əlaqələri son illərdə daha da inkişaf etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə üçün tarixi və strateji cəhətdən böyük əhəmiyyət daşıyır. Səfər zamanı imzalanmış sənədlər, onların məzmunu, həmçinin, “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol”, “Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” Qeyri-Kommersiya Səhmdar Cəmiyyəti arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”, “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma Memorandumu”, “Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qazaxıstan Respublikasının “Otandastar Fondu” arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında anlaşma və əməkdaşlıq haqqında Memorandum”, hər iki liderin bəyanatları Azərbaycan-Qazaxıstan münasibətlərinin gələcəkdə daha da güclənəcəyini, tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə çatacağını göstərir. Bu, eyni zamanda qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməlinin təsdiqidir.  
Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri Ümummilli lider Heydər Əliyevin 100 illiyinə təsadüf edir. Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi, Qazaxıstan prezidentinin Ulu öndər barədə fikirləri həqiqətən də qardaş ölkədə Azərbaycan xalqının Ümummilli liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir.
Qazaxıstan Qarabağ məsələsində də ilk gündən Azərbaycanın yanında olub, ölkəmizin haqlı mövqeyini beynəlxalq platformalarda dəstəkləyib. Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü də iki xalq arasında əsl dostluğun, qardaşlığın rəmzidir. Bunların hamısı onu göstərir ki, Türkiyədən sonra bizə yaxın olan türk dövlətləri arasında Qazaxıstanın xüsusi yeri var və gələcəkdə əlaqələrimiz daha da möhkəmlənəcək, Azərbaycanla Qazaxıstan arasında inkişafa doğru böyük bir addım atılacaqdır.

İlhamə Xudazarova,
Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllimi, YAP fəalı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024