Mobil versiya
Qüdrət rəmzi
Tarix: 13-04-2023 | Saat: 15:28
Bölmə:Manşet / Siyasət | çapa göndər

Qüdrət rəmzi

Müasir inkişaf mərhələsində olan dünyanın nizamı sürətlə dəyişməkdədir. Baş verən qlobal proseslərlə yanaşı, həm də hər bir xalqın gələcək taleyi ilə bağlı məsələlər müəyyənləşməkdədir.
İndi artıq hər bir ölkənin gücü, qüdrəti, imkanları təkcə onun əhalisinin sayı, ərazisinin
böyük-kiçikliyi ilə deyil, həm də liderlərinin fəaliyyəti, onların öz ölkəsinin daxili potensialının hərəkətə gətirməsi ilə müəyyən olunur. Bu mövqedən yanaşdıqda xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin bu tarixi dövrdə öz xalqı üçün kim olduğu barədə daha aydın fikrə gəlmək olar.
XX əsrdə xalqımızın başına ağlasığmas müsibətlər gəlmişdir. Xalqımız Sovet imperiyasının bütün dəhşətlərini görmüş, görkəmli, ağıllı zəkalı insanlarının əksəriyyəti məhv edilmiş, çox böyük sayda əhali öz dogma ata-baba yurdlarından deportasiya olunmuş, onların böyük əksəriyyəti yollarda, yeni, uyğunsuz şəraitdə məhv olmuşdur. Amma bununla yanaşı, Allah bizə həm də elm, incəsənət, ədəbiyyat sahəsində milli təfəkkürlü, görkəmli insanların da yetişməsinə kömək etmişdir. Allah bizə həm də Heydər Əliyev səviyyəsində görkəmli bir sərkərdənin, dahi bir insanın da yetişməsinə kömək olmuşdur. Məhz, belə bir liderin yetişməsi Azərbaycanı bir çox bəlalardan xilas etmişdir.
Dost da, düşmən də, hətta ermənilər də hər zaman Heydər Əliyevin böyük bir şəxsiyyət, öz dövründə yer üzünün ən ağıllı, zəkalı, iradəli, bacarıqlı liderləərindən biri olduğunu təsdiq edir.
Öz qabiliyyəti ilə hər zaman seçilən ulu öndərimiz hələ uşaqlıqdan, hər zaman öz istedadı, fərasəti, bacarığı, çalışqanlığı, dediyi sözlərlə, bir sözlə, öz liderlik keyfiyyətləri ilə hamının diqqətini cəlb edib. Bunu mən dəfələrlə onun həmyaşıdı olan ağsaqqal adamlardan eşitmişəm, yazılan xatirələrdən oxumuşam. Həmin asaqqallardan biri, bir dəfə danışırdı ki, biz 9-10 yaşında uşaq ikən müxtəlif oyunlar oynayanda, Heydər hər zaman başçı rolunda olurdu. Biz artıq buna adət etmişdik. Biz öz uşaq arzularımızdan danışanda o tez-tez hansısa səlahiyyətli bir şəxs olub, ətrafımızdakı hansısa problemləri həll etmək istədiyindən danışırdı. Bizi təəcübləndirirdi. Hətta Naxçıvan şəhərindəki Pionerlər Evindəki dərnəklərdə belə o hər zaman aparıcı rolda olur, öz istedadı ilə seçilirdi. Gənclik illərində, Naxçıvanda güc strukturlarında işləyəndə, öz arzularına doğru irəliləyəndə də, öz qəddi-qaməti, geyiminin səliqəliliyi, sözləri, hərəkətləri ilə də seçilir, hələlik kiçik rütbəsi olsa da bütün Naxçıvanda tanınırdı.
Gələcəyin dünya şöhrətli bu gənci, 1949- 1950 – ci illərdə Dövlət Təhlükəsizlik Komitəsinin Leninqrad şəhərində yerləşən Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil alarkən də öz qabiliyyəti, biliyi ilə tez bir zamanda seçildi, diqqəti cəlb etdi, məktəbi əla qiymətlərlə bitirdi. Azərbaycana qayıdıb Dövlət Təhlükəsizlik Komitəsində işə başlarkən də hər zaman öz nümunəvi davranışı, insanpərvərliyi, dərin analitik təfəkkürü ilə böyük nüfuz qazandı. Milli şüurun ölkəmizdə inkişaf etməsinə çalışan istedadlı insanları bir çox ciddi təhlükələrdən qorudu. Həmin orqanda ən yüksək vəzifəyə qədər yüksəldi.
1969-cu ildə, o ölkəmizin başçısı olcaq, hər kəs dərhal böyük dəyişiklərin baş verdiyinin şahidi oldular. Qısa bir zamanda bir çox qanunsuzluqların qarşısı alındı, ölkənin sosial problemləri həll olunmağa başlandı. Bütün məmurlar öz işlərinə daha məsuliyyətlə yanaşmağa başladılar. Tezliklə mədəniyyət, sənaye, tikinti, kənd təsərrüfatı sahələrində çox böyük miqyaslı, dünyaya səs salan islahatlar baş verdi. İndi Əhmədli, Günəşli kimi tanınan yeni bir şəhər boyda yaşayış massivləri yarandı, Bakının su təminatı xeyli yaxşılaşdı, SSRİ üçün nüfuzlu bir sənaye obyekti olan, bütün dünyaya səs salan Kondisionerlər zavodu Bakıda tikildi, neft emalı ilə bağlı müasir tələblərə cavab verən yeni zavodlar işə salındı. Hər il gənclərin böyük bir hissəsi təhsil almaq üçün SSRİ – nin ən qabaqcıl ali məktəblərinə göndərildi. Qısa bir zamanda Azərbaycan kəndlərinin siması dəyişdi. Palçıqdan tikilmiş evləri mişar daşlarından tikilmiş, müasir tipli evlər əvəz etdi. Əhalinin əməkhaqqı xeyli yüksəldi. Ölkədə hər bir sahədə, eyni zamanda təhlükəsizlik orqanlarında milli kadrlar artdı. Elmimiz sürətlə inkişaf etdi. Azərbaycanın bir sıra elmi mərkəzləri öz sahələri üzrə SSRİ elm məkanının aparıcı təşkilatı oldu. Əhalidə sabaha inam hissi xeyli yüksəldi. Belə uğurların sayı saydıqca qurtarmaz. Bu uğurlar həm bu dahi insanın bacarığı, həm də Ümumittifaq səviyyəsində böyük nüfuzu hesabına mümkün olurdu. Onun hələ o zaman Sov. İKP – nin Siyasi Bürosuna üzvlüyünə namizəd seçilməsi də bunu bir daha təsdiq edir.
Xalqımızın lideri 1982-ci ildə, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü seçildi. 5 il bu vəzifədə çalışan ulu öndərimiz SSRİ-nin ziyalıları, əhalisi arasında, bütün dünyada böyük nüfuz qazandı. Bunu həmin illər onunla işləmiş insanlar, çox məşhur insanlar da təsdiq edir. Təsadüfi deyildi ki, Sov. İKP – nin baş katibi Y. Andropovun vəfatından sonra həm SSRİ məkanında, həm də xarici ölkələrdə bir çoxları onu məhz bu dahi insanın əvəzləyəcəyini gözləyirdi. Bu ümumxalq rəyi idi, insanların ona olan sevgisi, onun qabiliyyətinə olan inamın nəticəsi idi. Bunu həm də ürəkdən istəyənlər çox idi. Bunlar sağlam məntiq, ədalət tərəfdarı olan insanlar idi. Eyni zamanda Andropovun vəfatından sonra onun Baş katib olmasına şovinist hisslər altında bərk qısqananlar da az deyildi. Məhz belə insanların xisləti hesabına 1987 – ci ildə SSRİ məkanında, yer üzündə böyük mütərəqqi dəyişikliklər etməyə qadir olan bu insan öz vəzifələrindən getməyə məcbur oldu. Bununla da xalqımıza qarşı məkrli planları həyata keçirmək istəyənlər hərəkətə başladı.
Xalqımızın ümid yeri olan liderimiz, 1993-cü ildə, xalqın arzusu, tələbi ilə bir xilaskar kimi yenidən hakimiyyətə qayıdıb ölkəmizə rəhbərlik etməyə başladı. Bu həm onun özünün şəxsi taleyi, həm də xalqımızın taleyi üçün olduqca mühüm hadisə oldu. Artıq 70 yaşı olmasına baxmayaraq böyük bir enerji, gənclik həvəsi ilə, öz xalqına məhəbbətlə işə başlayan rəhbərimiz az bir zamanda ölkəmizi bir çox bəlalardan xilas etdi; Bu fəaliyyətində də onun qabiliyyətinin, dahiliyinin yeni tərəfləri üzə çıxdı. İndi xalqımız onun hakimiyyətə qayıtması gününü bir qurtuluş günü kimi qeyd edir. Bu həqiqətən də belədir. Həmin tarixi dövrlərdə yaşayan, həmin vaxtda nələrin baş verdiyini təhlil edə bilən insanlar yaxşı bilir ki, o zaman dünyanın güc mərkəzləri, Cənubu Qafqazda, Azərbaycanda marağı olan qüvvələrin hər biri ölkəmizə başçılıq edən təcrübəsiz insanlardan necə istifadə edə bilmək üçün planlar qurur, bu planları həyata keçiridilər. Nəticədə, ölkəmiz qan burulğanları arasında itib-batmaqda idi. Heydər Əliyevin hakimiyyətə gəlməyi həmin güc mərkəzlərinin, ölkəmizə iştahla baxanların arzusunu ürəklərində qoydu. Artıq onların qabağında təcrübəsiz ölkə rəhbərləri yox, “dünyanın altını da, üstünü də yaxşı bilən” bir dahi insan vardı. Artıq onlar öz planlarını quranda bu insanın məharətini nəzərə almağa məcbur idilər. Bu isə Azərbaycanın hiyləgər siyasətlərdən qurtuluşu idi.
Tezliklə müharibə dayandı, əhalidə sabahına inam hissləri gücləndi, xarici siyasət xalqımızın mənafeyinə uyğun olaraq formalaşdı. Ölkədə quruculuq işləri vüsət aldı. Neft sənayesi sürətlə inkişaf etdi, xarici ölkələrlə xalqımızın gələcəyində mühüm rol oynayan neft kontraktları bağlandı. İqtisadiyyatımız, ordumuz formalaşmağa başladı... Artıq yeni nəslə də məlum olan bu işlər böyük Heydər Əliyevin nə qədər əvəzsiz bir insan olduğunu bir daha təsdiq etdi.
Heydər Əliyev kimi bir şəxsiyyətin təkcə varlığı belə ölkəmizin nüfuzunu xeyli qaldırır, xalqımızın necə böyük bir potensiala malik olduğu barədə təsəvvür yaradır. Hər kəsə aydən olur ki, bir vaxtlar, qədim dövrlərdə Dədə Qorqud, Nizami, Bəhmənyar, Sührəverdi, N. Tusi, Nəsimi, Füzuli, Şah İsmayıl, Nadir şah kimi, XX əsrdə onlarca dahi şəxsiyyətlər yetirən bir xalq həm də Heydər Əliyev kimi dünya liderlərlərinin yekdil səslə yüksək qiymət verdiyi bir dahi şəxsiyyət də yetirmişdir. Mən hərdən həmin liderlərin bu qüdrətli insan haqda dedikləri fikirləri nəzərdən keçirirəm, ətrafımdakı insanlara, xüsusi ilə gənclərə göstərirəm. Həmin fikirlərdən bir neçəsini yada salmaq istəyirəm: “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən liderdir”(R. T. Ərdoğan);  “Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və natiqlik istedadına valehəm!” (C. Buş); “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir”( Zbiqnev Bjezinski); ““Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır” (J. Şirak); “Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir”(Ç. Aytmatov); “ Qafqazın müstəqilliyi və azadlığı işində Heydər Əliyev fenomeninin indinin özündə nə qədər böyük rol oynadığını xalq hələ sonra biləcək” (E. Şvernadze).

Habil Qurbanov , AMEA Azad Həmkarlar İttifaqının sədri, h.ü.e.d., professor





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024