Mobil versiya
Sahibə Abdullayeva: “Azərbaycanda müasir təhsil sisteminin formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”
Tarix: 12-04-2023 | Saat: 12:37
Bölmə:Özəl | çapa göndər

Sahibə Abdullayeva: “Azərbaycanda müasir təhsil sisteminin formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”

Azərbaycan xalqının xilaskar oğlu, dünya azərbaycanlılarının Ümummilli Lideri, müasir, müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin respublikamızın ümumi inkişafı, xalqımızın rifah yüksəlişi, dövlətimizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi baxımından müstəsna xidmətləri olub. Məhz bütün bunlara görə, heç bir şübhəyə yol vermədən deyə bilərik ki, Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması birmənalı olaraq bütün xalqımızın iradəsinin ifadəsidir. Bugünkü buraxılışımızda ölkəmizin təhsil sisteminin yenidən qurulmasında Ulu Öndərin misilsiz xidmətləri və Azərbaycan ictimaiyyətini maraqlandıran digər məsələlər barədə AİA.az-ın suallarını Gəncə şəhər Əhməd Cavad adına 2 saylı tam orta məktəbin direktoru Sahibə Abdullayeva cavablandırır.

- Sahibə xanım, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi tarixi dövrün hər iki mərhələsində ölkəmizdə elm və təhsil sahələrinin inkişafı yönümündə atılan addımları necə xarakterizə edə bilərsiz?

- Heydər Əliyev fenomen şəxsiyyətdir. Həyatın hansı üzündən baxsan o böyük şəxsiyyətin rolunu, müsbət obrazını görmək olar. Bu adam elə bir şəxsiyyətdir ki, bütün ömrünü xalqa, Vətənə həsr edə bildi. Özünün dediyi kimi azərbaycanlı olmağı ilə fəxr edə bilmək keyfiyyəti onu bir xalqın, bir millətin taleyində həlledici şəxsə, xilaskara çevirdi. Azərbaycan tarixinin Heydər Əliyev dövrü taleyüklü məqamları, dövlətçilik uğrunda gərgin mübarizə və s. ilə öz tutumuna, kütləsinə görə bütöv bir mərhələ, epoxadır. Zaman etibarilə bizlərə çox yaxın olduğu üçün bu gün həmin dövrün tarixi qiymətini, dəyərini bəlkə də düzgün ifadə etmək bir qədər çətindir. Ancaq heç şübhəsiz, dövlətçilik, idarəetmə, regional siyasət, elm, təhsil, mədəniyyət, idman və s. haqqında yazılacaq nüfuzlu kitablar məhz Heydər Əliyev irsindən qaynaqlanacaq, xalqımızın bu dahi oğlunun fəaliyyəti elmi və elmi-pedaqoji cəhətdən daha mükəmməl öyrəniləcəkdır. Təbii ki, bu kitablarda ümummilli lider Heydər Əliyev bir hakimiyyət ustadı kimi, qətiyyətli dövlət başçısı kimi, müdrik siyasətçi, məsuliyyətli vətəndaş kimi, cəsur və tədbirli sərkərdə, Vətənini və millətini hədsiz məhəbbətlə sevən bir insan kimi, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran şəriksiz və alternativsiz lider kimi hərtərəfli öyrənilməlidir. Bütün bunlar gənc nəsil üçün xüsusilə vacibdir.

Bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu konteksdən yanaşdıqda, Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ölkəyə rəhbərliyin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Ulu öndərin öz sözləri ilə desək: “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”.

- Strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatların aparılması baxımından Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş təhsil siyasətinin mahiyyətində duran baza prinsipləri barədə nə deyə bilərsiz?

- Milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi bu nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. Tərəqqiyə gedən yolda uğurlar qazanmaq isə dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılması, sosial-iqtisadi, mədəni, elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması zəruridir. Bunun üçün də xüsusilə strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdir. Bu mənada ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci dönəmində reallaşdırılan təhsil siyasətinin müxtəlif aspektlərini araşdırmaq üçün bu strateji əhəmiyyətli sahənin dünəninə və bugününə diqqət yetirmək kifayətdir.

- Sahibə xanım, sizcə bu gün respublikamızda müasir dünya gerçəkliklərinə yaxından bələd olan yeni kadrların yetişdirilməsi üçün mövcud elmi-iqtisadi resurslardan tam və səmərəli istifadə olunurmu?

- İnkişaf etmiş ölkələrin təcrübəsi də sübut edir ki, fundamental tədqiqatlar aparılmayan ölkələrdə yüksək keyfiyyətə malik təhsil haqqında danışmaq mənasızdır. Eyni zamanda, harada ki baza rolunu oynayan keyfiyyətli orta təhsil yoxdursa, orada geniş əhatəli fundamental tədqiqatlar aparılması qeyri-mümkündür. Ümumiyyətlə, dövlətin iqtisadi qüdrətini, onun elm tutumlu və rəqabətə davamlı məhsulunun istehsalını elmi tədqiqatların, xüsusən fundamental tədqiqatların səviyyəsi, əhatəliliyi və yüksək ixtisasa malik milli kadrlar müəyyən edir. Başqa sözlə desək, müasir dünya gerçəkliklərinə yaxından bələd olan, müasir texnika və texnologiyanı mənimsəyən kadrlar yetişdirmədən, eləcə də ölkədə həyata keçirilən islahatları elmi baxımdan əsaslandırmadan mövcud təbii-iqtisadi resurslardan tam və səmərəli istifadə etmək və arzu edilən iqtisadi inkişaf səviyyəsinə nail olmaq qeyri-mümkündür. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyası ölkənin texniki-texnoloji, eləcə də sosial-iqtisadi inkişafının avanqardına çevrilməlidir. Məhz bu reallığı nəzərə alan ulu öndər Heydər Əliyevin “Milli Elmlər Akademiyası sistemində yüksək ixtisaslı elmi kadrlar hazırlayan təhsil qurumlarının, respublikada prioritet istiqamətlərdə müstəqil fəaliyyət göstərən dövlət elm-təhsil mərkəzlərinin işi daim gücləndirilməli və zənginləşdirilməlidir” fikri də akademiyanın potensialının və texniki bazasının gücləndirilməsinə, ölkədə fundamental elmi tədqiqatların aparılmasına yönəlmişdir.

- Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ən əhəmiyyətli nəticələrindən biri kimi azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, vətənpərvərlik hisslərinin güclənməsi barədə hansı fikirlərinizlə paylaşmaq istərdiniz?

- Ulu Öndər Heydər Əliyevin ölkəmizdə təməlini qoyduğu elm və təhsillə bağlı siyasəti bu gün real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Belə ki, Ulu Öndər bu sahələrə xüsusi həssaslıqla yanaşmış və daim qayğı göstərmişdir. Ümummilli Lider öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd etmişdir ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Bu mənada onun böyüklüyünü dərk etmək kifayət qədər düşüncə tələb edir. Bəli, o böyük şəxsiyyət sanki bizim Qarabağ uğrunda mücadiləmizdə qələbə çalacağımızın anonsunu verirdi. Onun yuxarıda səsləndirdiyim fikri bu gün real həqiqətə çevrilib. Həmin dövrdə məktəb partası arxasında əyləşən uşaqlar ikinci Qarabağ savaşında tarix yazdılar. Çünki onlar o təhsili aldılar, o elmi öyrəndilər ki, onun mahiyyətində Vətənə məhəbbət, xalqa və topağa sədaqət var, millət sevgisi var. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ən əhəmiyyətli nəticələrindən biri də azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, vətənpərvərlik hisslərinin güclənməsi olmuşdur. Öz vətənini və xalqını son dərəcə böyük məhəbbətlə sevən, Azərbaycan dövləti və milləti üçün sonsuz qürur hissi keçirən Ulu Öndər Heydər Əliyev: “Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir, biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməliyik”, - deməklə “azərbaycançılığı” milli ideologiyanın əsası kimi müəyyənləşdirmişdir. Azərbaycanda müstəqilliyin ilk illərindən latın qrafikalı əlifbaya keçilməsi qərara alınsa da, bu proses Heydər Əliyevin səyləri nəticəsində 2001-ci il avqustun 1-də tam başa çatmış, təhsil sistemində latın qrafikalı əlifbaya tam keçid təmin edilmişdir. 2002-ci ildən hər il avqustun 1-i “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” bayram kimi qeyd edilir. Bu gün qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsi, şərəfli həyat və fəaliyyəti gənc nəslin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması üçün ən dəyərli mənbədir.

- Sahibə xanım, səmimi və ətraflı müsahibənizə görə Sizə təşəkkür edirəm. Sağ olun.

- Siz də sağ olun.

Söhbətləşdi:
Elman Hüseynov
Elbrus Bağırov

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024