Mobil versiya
Şahin Məhərrəmov: “Heydər Əliyev qətiyyətli dövlət başçısı və müdrik siyasətçi kimi, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran alternativsiz lider olmuşdur”
Tarix: 09-04-2023 | Saat: 17:43
Bölmə:Siyasət | çapa göndər

Şahin Məhərrəmov: “Heydər Əliyev qətiyyətli dövlət başçısı və müdrik siyasətçi kimi, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran alternativsiz lider olmuşdur”

“Ulu Öndər Heydər Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, şərəfli tarixi olan müstəqil Azərbaycanın siyasi, iqtisadi, hüquqi, sosial-mədəni əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyətdir. Azərbaycan tarixinin Heydər Əliyev dövrü taleyüklü məqamları, dövlətçilik uğrunda gərgin mübarizə və s. ilə öz tutumuna, kütləsinə görə bütöv bir mərhələ, epoxadır. Zaman etibarilə bizlərə çox yaxın olduğu üçün bu gün həmin dövrün tarixi qiymətini, dəyərini bəlkə də düzgün ifadə etmək bir qədər çətindir. Ancaq heç şübhəsiz, dövlətçilik, idarəetmə, regional siyasət, elm, təhsil, mədəniyyət, idman və s. haqqında yazılacaq nüfuzlu kitablar məhz Heydər Əliyev irsindən qaynaqlanacaq, xalqımızın bu dahi oğlunun fəaliyyəti elmi və elmi-pedaqoji cəhətdən daha mükəmməl öyrəniləcəkdır. Təbii ki, bu kitablarda Ümummilli Lider Heydər Əliyev bir hakimiyyət ustadı kimi, qətiyyətli dövlət başçısı kimi, müdrik siyasətçi, məsuliyyətli vətəndaş kimi, cəsur və tədbirli sərkərdə, Vətənini və millətini hədsiz məhəbbətlə sevən bir insan kimi, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran şəriksiz və alternativsiz lider kimi hərtərəfli öyrənilməlidir. Bütün bunlar gənc nəsil üçün xüsusilə vacibdir. Bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu konteksdən yanaşdıqda, Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ölkəyə rəhbərliyin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şahin Məhərrəmov deyib.

Müsahibimiz xüsusi olaraq qeyd edib ki, milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır: “Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi bu nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. Tərəqqiyə gedən yolda uğurlar qazanmaq isə dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılması, sosial-iqtisadi, mədəni, elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması zəruridir. Bunun üçün də xüsusilə strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdir. Bu mənada Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci dönəmində reallaşdırılan təhsil siyasətinin müxtəlif aspektlərini araşdırmaq üçün bu strateji əhəmiyyətli sahənin dünəninə və bugününə diqqət yetirmək kifayətdir.”

Həmçinin Ş.Məhərrəmov Ümummilli Lider Heydər Əliyevin gənc nəslin təlim-tərbiyə məsələsini hər zaman xüsusi diqqət mərkəzində saxladığını vurğulayaraq bunları deyib: “Ulu Öndər Heydər Əliyevin ölkəmizdə təməlini qoyduğu elm və təhsillə bağlı siyasəti bu gün real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Belə ki, Ulu Öndər bu sahələrə xüsusi həssaslıqla yanaşmış və daim qayğı göstərmişdir. Ümummilli Lider öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd etmişdir ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Bu mənada onun böyüklüyünü dərk etmək kifayət qədər düşüncə tələb edir. Bəli, o böyük şəxsiyyət sanki bizim Qarabağ uğrunda mücadiləmizdə qələbə çalacağımızın anonsunu verirdi. Onun yuxarıda səsləndirdiyim fikri bu gün real həqiqətə çevrilib. Həmin dövrdə məktəb partası arxasında əyləşən uşaqlar ikinci Qarabağ savaşında tarix yazdılar. Çünki onlar o təhsili aldılar, o elmi öyrəndilər ki, onun mahiyyətində Vətənə məhəbbət, xalqa və topağa sədaqət var, millət sevgisi var. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ən əhəmiyyətli nəticələrindən biri də azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, vətənpərvərlik hisslərinin güclənməsi olmuşdur. Öz vətənini və xalqını son dərəcə böyük məhəbbətlə sevən, Azərbaycan dövləti və milləti üçün sonsuz qürur hissi keçirən Heydər Əliyev “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” söyləməklə, əslində, ölkəmizdə milli tərbiyə konsepsiyasını bəyan etmişdir. “Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir, biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməliyik”, - deməklə Heydər Əliyev “azərbaycançılığı” milli ideologiyanın əsası kimi müəyyənləşdirmişdir. Azərbaycanda müstəqilliyin ilk illərindən latın qrafikalı əlifbaya keçilməsi qərara alınsa da, bu proses Heydər Əliyevin səyləri nəticəsində 2001-ci il avqustun 1-də tam başa çatmış, təhsil sistemində latın qrafikalı əlifbaya tam keçid təmin edilmişdir. 2002-ci ildən hər il avqustun 1-i “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” bayram kimi qeyd edilir. Bu gün qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsi, şərəfli həyat və fəaliyyəti gənc nəslin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması üçün ən dəyərli mənbədir.”

Daha sonra müsahibimiz Azərbaycanın təhsil sistemində peşə təhsilinin önəmli yer tutduğunu və bu sahəyə istər Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi dövrlərdə, istərsə də bu günümüzdə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğının göstərildiyini vuğulayaraq bunları deyib: “Rrespublikamızada peşə təhsili sisteminin inkişafının əsas yüksəliş dövrü məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsinə təsadüf edir. Həmin illərdə Azərbaycanda həm peşə məktəblərinin, həm də bu müəssisələrdə təhsilalanların sayı nəzərəçarpacaq dərəcədə artmışdı. Ümummilli Liderimizin təşəbbüsü ilə 1971-1975-ci illər üçün texniki peşə təhsilinin təkmilləşdirilməsi və inkişafı üzrə strategiya müəyyənləşdirilmiş, həmin illərdə əllidən artıq yeni texniki peşə təhsili müəssisəsi fəaliyyətə başlamışdır. Qeyd olunmalıdır ki, ölkənin sosial-iqtisadi inkişafına təkan verən, gənclər arasında məşğulluğun təmin edilməsinə xidmət edən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən aparıcı təhsil pilləsi olduğu nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən peşə təhsilinin inkişafına hər zaman xüsusi diqqət yetirilir. İqtisadiyyatın şaxələndirilməsi şəraitində peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi məqsədilə 2016-cı ildə Prezidentin fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmışdır. Mövcud peşə təhsili sisteminin dövlət-biznes partnyorluğuna əsaslanan sistemə transformasiyası, ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatının ödənilməsini təmin edən, müasir iqtisadi çağırışlara çevik reaksiya vermək qabiliyyəti olan, icbari ümumi orta təhsil səviyyəsini bitirən çoxminli məzunları qəbul etməyə hazır olan peşə təhsili sisteminin yaradılması məqsədilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafı üzrə Strateji Yol Xəritəsi” təsdiq edilmiş və icrasına başlanmışdır. Strateji Yol Xəritəsinə uyğun olaraq peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, daha çox məzunun bu təhsil pilləsinə cəlb edilməsi, qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması, məzmunun yenilənməsi, mühəndis-pedaqoji heyətin fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, peşəkarlığının artırılması istiqamətində tədbirlər hazırda davam etdirilməkdədir.

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Bu baxımdan cari ildə əlbəttə ki, respublikanın bütün təhsil ocaqlarında da əhatəli maarifləndirici tədbirlərin keçirilməsi planlaşdırılır. “Heydər Əliyev İli” müstəqil Azərbaycan dövlətinin Heydər Əliyevin ideallarının işığında qazandığı parlaq nailiyyətlərin bütün dünya qarşısında möhtəşəm hesabatı ili olacaqdır. Bütün təhsil ocaqlarında dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin ömür və mübarizə yolunun dərslərini, müstəqil dövlətçilik və azərbaycançılıq ideallarını dərindən və əsaslı şəkildə öyrədilməsi nəzərdə tutulur. Bu proses bir tədbirlər, bir müzakirə ilə yekunlaşmayacaqdır. Bütün tədbirlərin mahiyyətində də ilk öncə Azərbaycan xalqı üçün böyük xidmətləri olmuş Azərbaycan xalqına xoşbəxtlik bəxş etmiş, faktiki olaraq müasir Azərbaycanın memarı olan, dahi siyasətçi Heydər Əliyev irsinin gənclərə öyrədilməsi, Vətənə xidmətin Heydər Əliyev timsalı duracaqdır”, - deyə Şahin Məhərrəmov öz fikirlərini tamamlayıb.
 
 
 
 
 
 
 
 



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024