Mobil versiya
QARANLIĞA NUR SACAN İŞIQ
Tarix: 10-04-2023 | Saat: 12:21
Bölmə:Siyasət | çapa göndər

QARANLIĞA  NUR  SACAN  İŞIQ

Akademik Zərifə xanım Əliyevanın
100 illik yubileyinə həsr olunur

Bu il Azərbaycan xalqı ücün ən dəyərli, ən uğurlu ildir. Bu il, xalqımızın tarixində özünə məxsus zəngin tarixi hadisələri ilə yadda qalandır. Xalqımız ulu öndərimiz Heydər Əliyevin və dünya şöhrətli alim, ulu öndərimizin sirdaşı və ömür – gün yoldaşı, xalqımıza nur paylayan və özünə əbədi şöhrət qazanan Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyini, təntənə qeyd edir.
Tarix bəşəriyyətə nadir hallarda görkəmli sərkərdələr, müdrik siyasətçilər, görkəmli dövlət xadimləri və dahilər bəxş edir. Əgər Heydər Əliyev XX əsrdə xalqın yaddaşında müdrik siyasətçi və dövlət xadimi, eyni zamanda qayğıkeş və mehriban ailə başçısı kimi daxil olmuşsa, dahi oftalmoloq, akademik Zərifə xanım Əliyeva özünün xeyirxahlığı və humanistliyi, insanlara nur paylayan, onları işığa çıxaran nura qənşər uzanan bir yol göstərən ziyalı olmuşdur. Heydər Əliyev bütün mənalı həyatını öz xalqının tərəqqisi, tanınması və dünya birliyində layiqli yer tutması uğrunda mübarizəyə həsr etmişdir. Heydər Əliyev sübut etdi ki, Azərbaycan müstəqil bir dövlət, sivill bir millət kimi dünyada öz yerini tutmağa layiqdir. Çünki azərbaycanlılar dünyanın ən qədim və ən zəngin dövlətçilik ənənələrinə, Milli və mənəvi dəyərlərə malik bir xalqıdır. Deməli, Milli-mənəvi dəyərlərimiz millətimizin və dövlətçiliyimizin qorunub saxlanılması üçün mühüm şərtdir. Heydər Əliyevin əhalinin sağlamlığına göstərdiyi qayğı, təbabətimizin inkişafı naminə gördüyü işlər ölçüyəgəlməzdir. Bu işlərin mahiyyətini, qədir-qiymətini Azərbaycan xalqı hələ çox sonralar dərk edib anlayacaqdır.
Ümumiyyətlə, zaman – zaman Heydər Əliyev Fenomeninə qayıdış cox olacaqdır. Çünki iki əsrin qovşağında yaşayıb – yaratmış və öz xalqını dəfələrlə fəlakətlərdən çıxarmış bu güclü şəxsiyyət canlı, amma xalq tərəfindən tam oxunmamış bir tarixdir.
İstər ulu öndərimiz, istərsə də görkəmli alim, xeyirxah insan olan Zərifə Əliyeva , hər şeydən əvvəl , xalqımıza möhtərəm prezidentimiz İlham Əliyev kimi bir oğul bəxş edən valideynlər kimi yaddaşlara qızıl hərflərlə həkk olunmuşlar.
Elə insanlar var ki, onların xeyirxahlığı və humanistliyi dillər əzbəri olur. Əsil Azərbaycan ziyalısının canlı rəmzi olan Zərifə xanım Əliyevanın işıqlı xatirəsi insanların qəlbində əbədi yaşayır. Çünki o insanları zülmət pəncərəsindən qoparıb nura qovuşduran görkəmli simalardandır.
Azərbaycanın taleyidir, Zərifə xanımın taleyi. Onun bütün varlığı ilə cəmiyyətimizin yüksəlişinə daima can atması , bütün insanlara böyük qayğı və diqqətlə yanaşması bir tərəfdən hər bir qadına xas olan analıq yanğısından irəli gəlir, digər tərəfdən isə onun mənəvi ucalığından xəbər verirdi.
Zərifə xanımın həyat fəlsəfəsinin ilkin qaynaqları hər şeydən əvvəl , onun uşaqlıq illəri ilə , böyüyüb boya-başa çatdığı ailə tərbiyəsi ilə bağlı idi. İnsanlara münasibətdə diqqətli və xeyirxah olmaq Əziz Əliyevin övladlarına verdiyi Ən böyük Milli dəyərlər idi. Zərifə xanım Əliyevanın atası gözəl alim və görkəmli siyasi xadim Əziz Əliyev haqqında deyirdilər ki, “o ayrı-ayrı insanların yox, bütövlükdə cəmiyyətin həkimidir”. Bu sözlər eynilə Zərifə xanıma da aiddir. Çox nadir hallarda insanların şəxsi həyatı tarixi hadisələrlə belə sıx bağlı olur. Ola bilsin ki, yaşadığı dövrdə baş verən bəzi hadisələrdə Zərifə xanım şəxsən iştirak etməyib, lakin həmin illərin olayları onun bioqrafiyasının bir hissəsidir. Harada olmasından, hansı vəzifədə işləməsindən aslı olmayaraq Əziz Əliyev bütün ömrü boyu əhatə edənlərin dərin hörmətini qazanmışdır. Dövrünün partiya və dövlət xadimləri arasında o özünün siyası və mədəni dünyagörüşü ilə seçilir, ən çıxılmaz hallarda belə çıxış yolu tapa bilirdi. Bu mənada atasının keçdiyi ömür yolu Zərifə xanım üçün xalqının tarixinin bir hissəsi idi. Zərifə xanım qeyri adi ömür gun yoldaşı və gözəl bir ana idi. O, xalqı ilə qırılmaz tellərlə bağlı olan, xalqı ilə fəxr edən, onun Milli mənəvi dəyərlərinə hörmətlə yanaşan və onları inkişaf etdirən ulu öndərimiz Heydər Əliyevin eyni zamanda ömür-gün yoldaşı olmuşdur. Bu baxmdan Heydər Əliyev həyat salnaməsi, xalqımızın tarixinin bir hissəsi olduğu üçün eyni zamanda Zərifə xanımın da həyatının bir hissəsidir. XX əsrin görkəmli siyasətçilərindən, Ən istedadlı öndərlərindən birinin başçılıq etdiyi ailəyə ağbirçəklik etmək hər qadının işi deyil - ər qadının işidir. Zərifə xanım bu nəhəng yükü çəkməkdə, böyük bir millətə başçılıq etməkdə, bu milləti zamanın keşməkəşlərindən çıxartmaqda həyat yoldaşı ilə çiyin-çiyinə vermiş, həyatını fədakarcasna xalqına həsr etmiş bu böyük insanı yaşayıb-yaratmağa, mübarizəyə ruhlandırmışdr. İcazənizlə Zərifə xanımn həyat yolu haqqında qısa məlumat vermək yerinə düşər.
Zərifə Əziz qızı Əliyeva 1923-cü ildə Naxçıvanda Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açıb. O, 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə profilaktika fakültəsinə daxil olub. 1947-ci ildə oranı bitirdikdən sonra Moskva şəhərində Mərkəzi Həkimləri təkmilləşdirmə institutunda ixtisaslaşdırma kursu keçib.
Azərbaycan oftalmologiyasının inkişafında akademik Zərifə Əliyevanın da müstəsna xidmətləri olmuşdur. Elmi tədqiqatlara olan sonsuz marağı onu Azərbaycan Oftalmologiya institutuna gətirib çıxartmış, 1949-cu ildə orada ordinator kimi əmək fəaliyyətinə başlayan Zərifə Əliyeva 18 il ərzində çətin və şərəfli bir ömür yolu keçmişdir. 1950-ci ildə aspiranturaya daxil olmuş, aspiranturanı bitirdikdən sonra institutda elmi işçi olmuşdur.
Hələ 40-50-ci illərdə Respublikanın bir sıra rayonlarında geniş yayılmış traxoma xəstəliyinə qarşı, aparılan bütün işlərdə yaxından iştirak etmişdir. Dəfələrlə ona həvalə edilmiş Əli Bayramlı rayonunun kəndlərini gəzmiş və həmin kəndlərdə traxomaya qarşı nəzərdə tutulmuş tədbirlər kompleksini uğurla yerinə yetirmişdir. Konkret müalicə təcrübəsindən başqa o, həkim oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Bu qlobal praktiki iş Zərifə Əliyevanın gələcəkdə bir sıra əsərlərinin əsasını təşkil etmişdir. Beləliklə Zərifə xanımın ilk elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirdi. Əldə etdiyi zəngin material əsasında Zərifə xanım 1959-cu ildə “Traxomanın sintomisin ilə və ona uyğunlaşdırılmış digər terapevtik üsüllarla müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Namizədlik dissertasiyasını Şamaxı rayon xəstəxanasının materialları əsasında işləmişdi. Gənc alim İnstitutun böyük elmi işçisi seçildi və bu vəzifədə 1967-ci ilədək işlədi. 1963-cü ildə SSRI ali attestasiya komissiyası ona “Oftalmologiya” ixtisasi üzrə böyük elmi işçi adı vermişdi.
O, 1970-ci illərin əvvəllərində elmi tədqiqatlarını yeni bir istiqamətə yönəltmişdir. Uzunmüddətli klinik və eksperimental tədqiqatlar nəticəsində peşə zərərlərini görmək üzvünə təsirini mühüm qanunauyğunluqlarını aşkar etmək mümkün olmuşdur. Bu tədqiqatlar zəhərlərin potogen təsirini biokimyəvi mexanizmini bir cox tərəflərini araşdırmağa imkan vermişdir. O, 1976-cı ildə “Azərbaycanda kimya sənayesinin bəzi müəssisələrində işçilərin görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyası Moskva Helmhols adına Elimi-Tədqiqat Göz xəstəlikləri institutunda mudafiə etmişdir.
Akademik Zərifə Əliyevanın oftalmologiya ilə əlaqədar xidmətlərinin miqyasını yalnız bununla məhdudlaşdırmaq olmaz. 1979-cu ildə biləvasitə onun şəxsi təşəbbüsü və iştirakı ilə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya institutunda gormə üzvünün fiziologiyasi və peşə patologiyasi üzrə problem laboratoriyası yaradılmışdır. Burada müxtəlif kimyəvi maddəlıərin, istehsal tullantılarının görmək üzvünə və onun əlavə aparatına xronik təsirinin mexanizmlərinin öyrənilməsi, bu təsirə qarışıb profilaktik tədbirlərin işlənməsi və tətbiqi ilə əlaqədar qiymətli elmi nəticələr əldə etmişdir. Onun sonrakı elmi işləri oftalmologiyanı aktual problemləri sayılan sosial- professional oftalmologiyaya - gözün virus patologiyasına, şəkərli diabet nəticəsində göz dibində olan dəyişiklik və digər problemlərə həsr olunmuşdur.
Professor Zərifə Əliyevanın elmi fəaliyəti tibb elminin əməli işlə neçə sıx şəkildə bağlılığına parlaq nümunədir. O Respublikanın tibbi ehtiyaclarını diqqətlə öyrənirdi. Məsələn Bakıda yod sənayəsi sürətlə inkişaf edirdi. Odur ki həmin sahədə çalışanların görmə orqanına yod istehsalı şəraitini toksiki təsirinin aşkarlanması üçün aparılan tədqiqatlar daha çox əməli əhəmiyyət daşıyırdı. Yenə də Zərifə Əliyevanın iş günü kabinetdə yox, istehsalatdan başlanır. Bakı yod zavodunun istehsal parosesinin sanitar – gigiyenik xüsusiyyətlərinin, fəhlələrin iş şəraitinin, müxtəlif iş stajina malik peşə sahiblərinin sağlamlığının ümumi vəziyyətini ciddi şəkildə araşdırmaq lazım gəlir. Peşə xəstəlikləri üzərində apardığı bir sıra elmi axtarışlar və əldə etdiyi elmi nəticələrə görə Zərifə Əliyeva SSRİ elmlər akademiyasının Averbax adına mükafatına layiq görülmüşdür. Qeyd olunmalıdır ki, Zərifə xanım Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi. Araşdırma fəaliyyətinin yekunu kimi İridodoaqnostika və iridoterapiya problemləri ilə əlaqədar onun tədqiqatları “İridodiaqnostika” və “İrridodiaqnostikanın əsasları” adlı nadir monoqrafiyalarında öz əksini tapmışdır. Gözün peşə patologiyasına dair bu möhtəşəm əsərlər morfoloji tədqiqatlarla zəngindir. 1980-ci ildə Lazer Cərrahiyyəsi mərkəzinin yaradılması məhz onun təşəbbüsüdür.
1983-cü ildə Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institunun oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi. Onun pedaqoji ustalığının zirvəsi isə onun iştirakı ilə 1985-ci ildə Moskvada nəşr olunmuş fundamental “Terapevtik oftalmoligiya” kitabıdır.Burada dünya oftalmoloji təcrübənin yenilikləri öz əksini tapmışdir.Bu kitab indi hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır.
Zərifə xanımı həkim etikası və tibbi deontologiya məsələləri həmişə düşündürmüşdür. O, gənc həkimlərin davranışına, onların peşə fəaliyyətləri ilə bağlı problemlərin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Özünün zəngin tibbi təcrübəsinə və həyat müdrikliyinə əsaslanan Zərifə Əziz qızı Əliyeva həkimin xəstə ilə necə davranmasına aid tövsiyyələr verir . Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələlərə həsr olunmuş “Yüksək etimad ” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfədir. O, göstərir ki, həkim xəstənin bir başa əlaqəsi , müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, onun orqanizminin xəstəliyə qarşı müqavimətini artırır, bəzən dava dərmandan da güclü təsir göstərir.
Əksinə həkimin səhv, düşünülməmiş davranışı, ünsiyyətli, xəstəni həyəcanlandırır, ruh düşkünlüyü yaradır, onu ümüdsizliyə qapılmağa vadar edir. Xəstənin müalicəsində bir çox ixtisas həkimləri iştirak edə bilər, lakin əsas məsuliyyət müalicə həkiminin üzərinə düşür. Həkimlər qrupunun , əsasən də cərrahları qrup halında məsuliyyət daşıması məsuliyyətsizliyə gətirib cıxarır. Zərifə xanım öz məruzələrində həkim və xəstənin qarşılıqlı münasibətinin qaydalarını tərtib etdi. Müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərir, bütün tibb işçilərində təkcə təhsilin yox, həm də tərbiyyənin vacibliyini ön plana çəkir. Həmin məruzələrin materialları həm ali məktəblərdə, həm də təkmilləşdirmə institutlarında geniş istifadə edilir. Özünün deontologiyaya həsr olunmuş qiymətli elmi əsərinin sonunda ürək yanğısı ilə Hippokrat andının sonuncu cümləsinə istinad edir. “Bütün ömrüm boyu bu həkim andına sadiq qalacağam”. Həqiqətən də Zərifə Əliyeva Hipokrat andına sona qədər sadiq qaldı.
Zərifə xanım səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir.
Onun birbaşa rəhbərliyi altında nüfuzlu elmi məktəbin əsasını təşkil edən bütöv bir istedadlı, gənc alimlərin və həkim oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə oftalmologiyanın sirləri ilə yanaşı zəngin həyat təcrübəsi də öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Onun həkim kimi fədakarlığı, yüksək vətəndaşlq məsuliyyəti, səmimiyyəti və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi, ona həmkarlarının,yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.
Böyük xidmətləri və çoxillik elmi tədqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.
Akademik Zərifə xanım Əliyeva ömrü boyu ictimai iş aparmış, uzun illər boyunca keçmiş SSRİ-nin sülhü müdafiə komitəsinin üzvü, Azərbaycan Sülhü müdafiə komitəsinin sədrinin müavini, «Bilik» cəmiyyəti idarə heyətinin üzvü və keçmiş ittifaqın Oftalmoloqları İdarə heyətinin üzvü olmuşdur. O həm də «Oftalmologiya xəbərləri» jurnalının redaksiya heyətinin üzvü idi.
Z.Ə.Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır. O, 200-dək elmi məqalənin, 10-dan çox monoqrafiyanın və bir çox səmərələşdirici təkliflərin müəllifidir.
Günəş də, işıq da onun anlamında xeyrin təcəssümü idi. O, bizdən ayrılsa da, qoyub getdiyi yadigar işıq öz aydınlığını bircə damla da azaltmayıb. Bu işıq hər an bizimlədir, o nur bizə yol göstərir, şöləsinə üz tutur, istisinə isinirik. Onun ziyası qəlbimizə xoş bir ovqat bəxş edir. Əslində bu işıq yenidən onun günəşi görmək imkanının qaytardığı adamlarda, onunla bağlı kövrək xatirələrdə əbədiləşib, onun övladlarında, nəvələrində yaşayır. Bu işıq onun öz həyatından çox sevdiyi bir İNSANDA yaşayır. Bu insan bizim hörmətli prezidentimiz və 2013-cü il prezident seçkilərində hamılıqla səs verəcəyimiz İlham Əliyevdir.
XXI əsrin gəlişi ilə dünyada yeni eranın başlanğıcı qoyulmuşdur. Hər bir sahədə olduğu kimi tibb sahəsində də yeniləşmə prosesinin reallığa çevriləcəyi şəksizdir. Şübhə yoxdur ki, bütün sınaqlardan uğurla çıxan Azərbaycan Səhiyyəsi ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni eranın sınaqlarından da üzü ağ çıxacaqdır.
Ötən günlərə nəzər salanda biz bir daha adi bir həqiqəti bütün çılpaqlığı ilə dərk edirik: Zərifə xanım həyatı boyu sonsuz bir sədaqətlə bəşəri ideallara xidmət etmişdir. Zərifə xanım bütün həyatı və fəaliyyəti çoxşaxəliliyi ilə fərqlənmiş, başqaları üçün nümunə olmuşdur. Zərifə xanımın Adı həm alim, pedaqoq, həkim, ictimai xadim, həm də bənzərsiz ürək saflığının təcəssümü olan bir insan kimi hər bir adamın qəlbində əbədi yaşacaqdır.
İstərdim ki, insanlara mavi səmanı sevməyə, yaşıl çəməni, pəncərələrimizdə işığı görməyə imkan yaratmış gözəl bir alim, hamımız üçün hədsiz dərəcədə əziz olan bu insan barədə çıxışımı xalq şairi S.Vurğunun misraları ilə bitirim :

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər
Şirin bir xatirədək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.

İqbal Əmənullayev
YAP Lənkəran rayon təşkilatının sədri,
tibb üzrə fəlsəfə doktoru, dosent.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024