Mobil versiya
Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünyanın ən güclü orduları sırasındadır
Tarix: 07-04-2023 | Saat: 18:51
Bölmə:Siyasət / Özəl | çapa göndər

Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünyanın ən güclü orduları sırasındadır

Müstəqilliyin ilk illərində ölkədəki mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətin mənfi təsiri ordu quruculuğundan da yan keçmədi. Könüllülərdən yaradılan ordu istər struktur, istərsə də güc baxımından mövcud şəraitin tələblərinə cavab vermir, yerli özünümüdafiə batalyonları məhəlli xarakter daşıyırdı. Vahid komandanlığın olmaması nəticəsində silahlı dəstələr müxtəlif şəxslərin əlində cəmlənmişdi və onların əmrlərini yerinə yetirirdi. Digər tərəfdən, Azərbaycana xarici müdaxilə, Ermənistanın ərazi iddiaları ordu quruculuğunun normal, elmi əsaslarla aparılmasına mane olurdu. Məhz bu vəziyyəti yaradan səriştəsizlik ucbatından, müstəqilliyini yenicə bərpa etmiş respublikada ordu quruculuğu arzulanan səviyyədə getmirdi. Yaranmış vəziyyət dövlət çevrilişi həddinə çatmışdı. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Ulu Öndər vahid nizami Silahlı Qüvvələrin yaradılması və daha da möhkəmlənməsi, ordumuz üçün hərbi kadrlar hazırlayan hərbi təhsil sisteminin modernləşməsi üçün strateji xarakterli tədbirlər həyata keçirdi. Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı respublikanı labüd süqutdan xilas etdi və bununla da Azərbaycanda ordu quruculuğunun yeni mərhələsi başlandı. Dahi şəxsiyyətin 1999-cu il fevralın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması, 2001-ci il avqustun 20-də respublikamızda fəaliyyət göstərən hərbi məktəblərin statusunun artırılması və nəhayət, 2002-ci il avqustun 17-də Silahlı Qüvvələrə Yardım Fondunun yaradılması haqqında imzaladığı fərmanlar, heç şübhəsiz, bu istiqamətdə əsaslı dönüş yaratdı. Qısa müddət ərzində ordu quruculuğunun qanunvericilik bazası yaradıldı, “Silahlı Qüvvələr haqqında“, “Hərbi xidmət haqqında”, “Müdafiə haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” və bunun kimi digər əhəmiyyətli qanunlar qəbul edildi. Ordu quruculuğuna böyük önəm verən Ulu öndər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 5-ci ildönümü münasibətilə keçirilən təntənəli yığıncaqda demişdir: - “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər.”
Heydər Əliyev orduda nizam-intizamı yükəsk qiymətləndirir, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə, müasir silahla təchizata ciddi fikir verirdi. Azərbaycanda ordu quruculuğunun yeni əsaslar üzərinə qoyulmasının və qısa müddət ərzində yeni ordunun formalaşdırılmasının başlıca şərtlərindən biri də məhz Heydər Əliyev tərəfindən bütün xalqın bu prosesə cəlb edilməsi idi. Ölkədə mövcud olan ən müxtəlif mürəkkəbliklər arasından Heydər Əliyevin müstəsna fəaliyyəti ilə respublikanın siyasi böhran və girdabdan çıxarılması adi baxışdan inanılması bir qədər çətin olan bir möcüzəyə oxşayırsa, ordunun böhrandan çıxarılması həmin möcüzənin təkrarı idi. Bu sahədə mövcud olan problemlər son dərəcə çoxşaxəli idi və müəyyən hallarda qeyri-adekvat tədbirlərin həyata keçirilməsi zərurəti də son dərəcə aktual idi. Lakin bu problemlər də həll edildi. Heydər Əliyev bu sahədə də bir möcüzə yaratdı, Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi, qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yaratdı, ordu quruculuğuna münasibətdə yeni bir baxış formalaşdırdı və Azərbaycan Ordusunu da Azərbaycanın müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirdi.
Nəticədə, xalqın mübarizlik, dönməzlik əzmi orduya da sirayət etdi, şəxsi heyətin mənəvi əhval-ruhiyyəsi kifayət qədər sağlamlaşdırıldı, yeni-yeni ehtiyat hissələr təşkil edilərək cəbhəyə göndərildi, döyüşçülərin və onların ailələrinin sosial qayğı ilə əhatə edilməsində canlanma yarandı.
Azərbaycan dövlətinin rəhbəri kimi Heydər Əliyevin müstəsna fəaliyyətinin təhlili göstərir ki, respublikanın hərbi təhlükəsizliyinin təmin edilməsində ölkənin xarici siyasətinin məzmunu böyük əhəmiyyət kəsb edir. Ona görə idi ki, xalqın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan ətrafında yaranmış informasiya blokadasının aradan qaldırılması, Azərbaycana qarşı hərbi təcavüzün cilovlanması və Azərbaycanın haqlı mövqeyinin dünya miqyasında dəstəklənməsi üçün Heydər Əliyev yeni xarici siyasət formalaşdırdı. Əvvəlki dövrlərdən fərqli olaraq izlənilən yeni xarici siyasət xalqın və dövlətin mənafeyinə tabe etdirildi, əsassız birtərəfliliyə son qoyuldu, bölgədə maraqları kəsişən böyük dövlətlərin maraqlarının yaxınlaşdırılmasına cəhd göstərildi, Ermənistanın təcavüzkarlığı barədə müfəssəl məlumatlar ən yüksək kürsülərdən dünya ictimaiyyətinə çatdırıldı. Bunun nəticəsi idi ki, dünyanın böyük dövlətlərində, nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyinə dəstək əməli xarakter aldı.
Ulu Öndər hərb sənətinə, hərbçilərə daim diqqət və qayğı göstərir və çıxışlarında daim vurğulayırdı ki, “Orduda xidmət etmək hər bir azərbaycanlının şərəfli borcudur. Orduda xidmət edən, əsgərlik borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.”
Bu gün o böyük şəxsiyyətin vaxtilə söylədikləri reallaşıb. Azərbaycan xalqı müzəffər ordumuzla, onun Ali baş Komandanı ilə fəxr edir. Bu gün artıq dünya müasir hərb sənətinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi bütün ömrünü xalqının xoşbəxt gələcəyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır.
44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər əsası Ulu Öndər tərəfindən qoyulmuş Milli Ordu tərəfindən təmin edilmişdir. Mahir sərkərdə olan cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət də məhz Heydər Əlyev siyasətinin davamıdır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir. Təsadüfi deyil ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünyanın ən güclü orduları sırasında özünə yer alıb və Azərbaycanın ərazi bütövlüyünü təmin etmişdir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024