Mobil versiya
“Hər bir müstəqil dövlətin öz dövlətçiliyini, torpaqlarını, ərazisini, xalqını qorumaq üçün güclü, qüdrətli ordusu olmalıdır.”
Tarix: 07-04-2023 | Saat: 10:25
Bölmə:Siyasət / Özəl | çapa göndər

“Hər bir müstəqil dövlətin öz dövlətçiliyini, torpaqlarını, ərazisini, xalqını qorumaq üçün güclü, qüdrətli ordusu olmalıdır.”

Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir və güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Bu gün artıq dünya müasir hərb sənətinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi bütün ömrünü xalqının xoşbəxt gələcəyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli liderimizin müxtəlif illərdə Vətən, xalq, ordu, Qarabağ haqqında söylədiyi fikirlər bu gün də öz ziya dolu işığıyla xalqımızı, ordumuzu şanlı qələbələrə doğru aparır. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu vardır. Bu, dövlətin və dövlətçiliyin əsas sütununu təşkil edən güclü ordunun formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ həm də Azərbaycanın nizami ordusunun formalaşdırılması kimi əlamətdar olmuşdur. Təbii ki, Sovetlər Birliyi dövründə milli ordudan söz açmaq mümkün deyildi. O dövrdə azərbaycanlı gənclərin hərb elminə marağının artırılması və bunun üçün real şəraitin yaradılması ulu öndərin gələcəyə hesablanmış uzaqgörən siyasətinin tərkib hissəsi idi. Ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması, bu mənada, mühüm əhəmiyyət daşımışdır. Bu gün Azərbaycanın Silahlı Qüvvələri Cənubi Qafqaz regionunun ən güclü ordusuna malikdirsə, bunda Ulu Öndərin misilsiz xidmətləri dayanır. Məhz ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə ordu quruculuğuna böyük önəm verdi. Ulu Öndərin bu sahəyə qayğısı sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin açılmasına, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail olundu. Bundan başqa, Ulu Öndərin rəhbərliyi ilə gənclərimiz müxtəlif respublikalarda hərbi təhsil almış, ixtisaslı hərbçi kadrlar kimi formalaşaraq, vətənə qayıtmışlar. Dahi liderin birbaşa şəxsi təşəbbüsü ilə o dövrdə hazırlanan hərbi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli milli ordusunun peşəkar komandan heyətini təşkil etmişdir. "Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının Milli Ordusu - respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır»,-deyən ümummilli liderimizin rəhbərliyi ilə qısa müddətdə ordunun qanunvericilik bazası yaradılmış, “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar qəbul edilmişdir.
Ulu öndər 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin I forumundakı çıxışında ordu quruculuğu haqqında deyirdi: "Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir". Bəli, məhz ölkə daxilində 1994-cü ilin oktyabrında və 1995-ci ilin mart ayında qanunsuz dövlət çevrilişi cəhdlərinin qarşısının alınması ulu öndər Heydər Əliyevin söylədiyi kimi: «Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir». Bəli, xalq-ordunun məqsədyönlü mövqeyi və fəaliyyəti bir daha sübut etdi ki, artıq Azərbaycan ordusu ayrı-ayrı siyasi qüvvələrin deyil, mənsub olduğu dövlətin və xalqın mənafeyini qoruyur, müdafiə edir. Məhz ulu öndər Heydər Əliyevin 1998-ci ili yanvarın 16-da “Müstəqil dövlətimizin milli ordusuna ümumxalq qayğısı və diqqətinin artırılması” mövzusunda keçirilən yığıncaqdakı nitqində dediyi “Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi müqəd-dəs vəzifəni yerinə yetirən Milli Ordu bütün xalqın övladıdır və onun formalaşmasına, inkişafına müntəzəm qayğı və diqqət göstərmək hər bir dövlət təşkilatının, yerli orqanların, özəl qurumların, hər bir Azərbaycan vətəndaşı-nın borcudur” sözləri hamı tərəfindən bir vəzifə kimi qəbul edilmişdi.
Bu gün 30 illik torpaq həsrətinə ulu öndər Heydər Əliyevin uğurlu ordu strategiyasının layiqli davamçısı Ali Baş Komandanımız, Prezident İlham Əliyev “Dəmir yumruq” siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı ilə 44 gün bəhs etdi ki, "Qarabağ Azərbaycandır!" dedik.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü ildə Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusu üçün yeni inkişaf mərhələsi başladı. Bu uzaqgörən siyasət nəticəsində ordu ilə bərabər, dövlətimiz üçün də yeni bir eranın başlanğıcı oldu. II Qarabağ Müharibəsinin böyük zəfərinin təməl daşları da elə həmin dövrdə atıldı. Ulu öndər Heydər Əliyevin qurduğu müasir Azərbaycan Ordusu zəfər salnaməsinin müjdəçisi idi. Ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan ordu sahəsində aparılan islahatlar ötən 19 ildə Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Və məhz dünyanın ən güclü orduları sırasın da 50-ci yerdə olan Güclü, Qüdrətli ordumuz dünyaya Qalib ölkənin Qalib Ordusu olduğunu bir daha göstərdi. 30 il həsrətində olduğumuz «Qarabağ Azərbaycandır!» şüarımıza 44 gün davam edən İkinci Qarabağ müharibəsindəki şanlı Zəfəri Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi ordu quruculuğu nəticəsində ordumuzun qüdrəti barədə söylənənlərin praktik təsdiqi oldu və bir daha göstərdi ki, Azərbaycan ordusu regionda ən güclü orduya malik ölkə statusuna malikdir. Dekabrın 10-da keçirilən Azərbaycan Ordusunun Zəfər Paradında Prezident, Ali Baş Komandan bununla bağlı demişdir: "Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi”. Bu Qələbə həqiqətlərə də yeni işıq saldı. Belə ki, ordumuz döyüş meydanındakı əməliyyatları ilə dünyanın hərb tarixində yeni nümunələr yaratdı. Bir çox ölkələr bu gün ordumuzun döyüş təcrübəsi ilə yaxından maraqlanmağa başlayıblar. Bununla da, Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 19 ildə İlham Əliyevin xüsusi diqqəti altında həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı. Prezident İlham Əliyev: “Ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq". Bəli, bu, bir real faktordur ki, güclü ordusu olan dövlət güclüdür. Və bu gün tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Və bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində, gündən-günə daha da möhkəmlənir və döyüş qabiliyyətini artırır.

Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon Təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024