Mobil versiya
Cənab İlham Əliyev türk dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsinin və inkişafının zəruri olduğunu diqqətə çatdırdı
Tarix: 30-03-2023 | Saat: 09:08
Bölmə:Siyasət / Özəl | çapa göndər

Cənab İlham Əliyev türk dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsinin və inkişafının  zəruri olduğunu diqqətə çatdırdı

Təxminən 150 milyon nəfərin yaşadığı coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatı (TDT) müasir dünyanın aparıcı çoxtərəfli platformalarından birinə çevrilib. Xüsusilə də son dövrlərin qlobal geosiyasi və iqtisadi trendləri türk dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsini və inkişafını zəruri edir. Hazırda dünyanın aparıcı beynəlxalq təşkilatlarının müxtəlif ölkələrin maraqlarının toqquşması nəticəsində öz üzərinə düşən vəzifəni yerinə yetirə bilməməsi sirr deyil. Bu baxımdan ortaq tarixi, mədəniyyəti, ənənələri paylaşan və təbii müttəfiqlər olan ölkələrin formalaşdırdığı TDT-nin unikal üstünlükləri var. Belə ki, üzv ölkələrin yuxarıda sadalanan ortaq cəhətləri təşkilat daxilində həmrəyliyin güclənməsinə xidmət etməklə yanaşı, qarşılıqlı inam və dəstəyə, geniş əməkdaşlığa şərait yaradır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə cari ilin martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü də bu qəbildən olan mühüm toplantılardan biridir. Sammitin açılışında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən zəlzələdən sonra “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək dedi: “Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlərimi bildirirəm”.
Fevralın 6-da Türkiyənin bir sıra vilayətlərində baş verən dağıdıcı zəlzələyə və onun törətdiyi fəsadlara toxunan cənab İlham Əliyev bu kədərin tək Türkiyənin yox, bütün türk dünyasının kədəri olduğunu qeyd etdi və o ağır günlərdə qardaş Azərbaycan xalqının Türkiyə xalqının yanında olduğunu qeyd etdi: “Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır.
Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq.”
Daha sonra Türkiyənin də daim Azərbaycanla bir yerdə olduğunu vurğulayan ölkə başçısı bildirdi ki, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Eyni zamanda, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir.
Türk xalqlarının birliyinin möhkəmlənməsində əvəzsiz xidməti olan Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın fəaliyyətini yüksək qiymətləndirən cənab Prezident İlham Əliyev 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsini yüksək qiymətləndirdi və bildirdi ki, bu mükafat onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir. Cənab Prezident Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəyini əminliklə qeyd etdi.
Ermənistanın Azərbaycan torpaqlarını işğal edərək viran qoyası faktına toxunan ölkə başçısı bildirdi ki, 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır. Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər “Qafqazın Hirosiması” adlandırırlar. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib.Təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub.Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüşdür. Onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib. Torpaqlarımız azad edildikdən sonra bir neçə yerdə kütləvi məzarlıq aşkar etmişik. Ermənistan hələ də azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır.” Lakin tarix həmişə ədalətlidir. Bu gün biz qazandığımız zəfərdən sonra qardaş türk dövlətlərinin də qatqısı ilə dağılmış əraziləri bərpa edir, tikib yaradırıq. İndi hamı anlayır ki, ermənilərin uydurmasına baxmayaraq bu torpaqlar əbədi və əzəli türk torpaqlarıdır.
Qardaş Türkiyənin, Qazaxıstan və Özbəkistanın quruculuq işlərində verdiyi dəstək də önəmlidir.
Zirvə toplantısındakı nitqi ilə cənab İlham Əliyev türk dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsinin və inkişafının zəruri olduğunu diqqətə çatdırdı.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-05-2024