Mobil versiya
Xalqımıza qarşı törədilən soyqırımı və hərbi cinayətlər bütün dünyanın gözü qarşısında baş verirdi
Tarix: 27-03-2023 | Saat: 18:34
Bölmə:Siyasət | çapa göndər

Xalqımıza qarşı törədilən soyqırımı və hərbi cinayətlər bütün dünyanın gözü qarşısında baş verirdi

2007-ci ilin aprel ayında Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri zamanı kütləvi məzarlığın aşkarlanması erməni faşizminin qadir olduğu vəhşiliklərin həqiqətən də həddi-hüdudu olmadığının növbəti danılmaz sübutu kimi qiymətləndirilir. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində aparılan tibbi ekspertiza və antropoloji araşdırmalar, həmçinin 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara məxsus olan 500-dək insan kəlləsinin təhqiqi nəticəsində bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdikləri soyqırımı qurbanları olduqları sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır.

Ötən iki əsr ərzində ermənilər Azərbaycana qarşı irəli sürdükləri əsassız ərazi iddiaları zəminində davamlı olaraq xalqımıza qarşı ağır və kütləvi cinayət əməlləri törədiblər. Hər zaman kütləvi qırğınlar və deportasiyalarla müşayiət olunan belə cinayətlərdən biri də məhz 1918-ci ildə törədilmiş mart qırğınlarıdır. Həmin qırğınlarda qətlə yetirilənlərin sayı on minlərlə ölçülür. O dövrdə Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdular. Həmçinin soyqırımının gedişində on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar da erməni daşnakları tərəfindən qılıncdan, süngüdən keçirilərək diri-diri yandırmışdılar. Bütün bu hadisələrdə əlbəttə ki, “Daşnaksutyun” partiyasının iştirakı danılmazdır.

Aydındır ki, 1918-ci ilin mart-aprel soyqırımları istər amansızlığına, istərsə də miqyasına görə dünya tarixində məlum olan ən qəddar qətliamlardan biri kimi qiymətləndirilməlidir. Faciənin miqyasını təsəvvür etmək üçün Bakı qırğınları ilə yanaşı Şamaxı və Quba qətliamlarının da ciddi şəkildə araşdırılması tələb olunur. Çünki, Şamaxı hadisələri ilə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi məhv olduğu üçün bu istiqamətdə tədqiqat işləri hələ də davam etdirilir və bu səbəbdən erməni cinayətlərinin tam mənzərəsi hələ də formalaşmayıb. Ekspertlərin ilkin rəyinə əsasən Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürdüyü bildirilir. Daha sonrakı araşdırmalar nəticəsində isə müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, şəhərin 40 kənd və obasında isə daha 6-8 min nəfər qətlə yetiriblər. Həmçinin Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur.

Qeyd olunmalıdır ki, Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və bu xüsusda əsl həqiqətlərin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. Bu baxımdan 1998-ci il martın 26-da Ulu Öndərin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla martın 31-nin “Azərbaycanlıların Soyqırımı Günü” elan edilməsi, həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev tərəfindən təsdiq edilən 30 mart 1999-cu il tarixli tədbirlər planı müstəsna tarixi əhəmiyyət kəsb edən sənədlərdir. Ulu Öndər Heydər Əliyev 31 mart – “Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.

Həmçinin torpaqlarımızın otuz ilə yaxın müddət ərzində işğal altında qaldığı dövrdə də Ermənistan xalqımıza qarşı olmazın cinayətlər törətməkdə davam edib. Bu cinayətlər arasında etnik təmizləmə siyasəti və nəticə olaraq yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarından didərgin salınması, qaçqın, köçkün vəziyyətinə düşməsi, xalqımıza qarşı törədilən soyqırımı və hərbi cinayətlər bütün dünyanın gözü qarşısında baş verirdi. Lakin artıq XX əsrin deyil, XXI əsrin əvvəlləri olmasına baxmayaraq, aparıcı dünya dövlətləri, hətta dünya siyasətini yönəltməyə iddialı olan bəzi beynəlxalq təşkilatlar yenə də 1918-ci ildə olduğu kimi, bütün bu haqsızlıqlara göz yummuş, səssiz qalmışdılar. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilər məsələni həll etmək üçün yox, dondurmaq üçün səylər göstərirdilər. Halbuki, möhtərəm dövlət başçımız işğal dövründə dəfələrlə bəyan edirdi ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, Azərbaycan müharibə yolu ilə öz torpaqlarını işğalçılardan azad edəcək. Nəhayət belə də oldu. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində, cəmi 44 günə rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə mənfur düşməni torpaqlarımızdan qovdu və Qarabağda Azərbaycan Bayrağını ucaltdı. Azərbaycan döyüş meydanında öz şəhidlərinin qisasını aldı və bu gün azad edilmiş ərazilərini yenidən qurur, həyatı yenidən həmin torpaqlara qaytarır. Məğlub Ermənistan isə Azərbaycan xalqının erməni vəhşiliklərini heç zaman unutmayacağını yaxşı bilməli və bundan sonrakı taleyi barədə düşünərkən bütün bu tarixi faktları ən ciddi şəkildə nəzrə almalıdır.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə