Mobil versiya
Prezident İlham Əliyevin Almaniyaya səfəri dövlətimizin həm iqtisadi, həm də beynəlxalq qüdrətini Avropada nümayiş etdirmiş oldu
Tarix: 27-03-2023 | Saat: 14:13
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyevin Almaniyaya səfəri dövlətimizin həm iqtisadi, həm də beynəlxalq qüdrətini Avropada nümayiş etdirmiş oldu

Prezident İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə Almaniya Federativ Respublikasına işgüzar səfəri ölkəmizin bütövlükdə Avropa İttifaqı ilə və ayrılıqda Almaniya ilə əməkdaşlığına impuls verən növbəti uğurlu səfərdir. Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Prezidenti və Kansleri ilə görüşləri və aparılan müzakirələr iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu göstərir. Avropa İttifaqının aparıcı ölkəsi kimi Almaniya ilə ikitərəfli əlaqələrimizin daha da dərinləşdirilməsi, ölkəmizin həm siyasi və həm də iqtisadi maraqlarına uyğundur. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin daxili işinə qarışmamaq prinsipləri əsasında qurulur. Ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Bu əminlikdə ifadə edilir ki, bundan sonra da bu istiqamətdə ardıcıl siyasət aparacağıq.
Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədin mövcudluğu onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir. Prezident İlham Əliyevin martın 13-də Almaniya Federativ Respublikasına işgüzar səfəri, səfər çərçivəsində keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər, səsləndirilən fikirlər də deyilənlərin təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer, eyni zamanda, Almaniya Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri, səfərin mahiyyətini, iki ölkə arasında əlaqələrin gələcək inkişafını açıqlayan mətbuata bəyanatları diplomatik münasibətlərinin 30 ilini arxada qoyan Azərbaycan-Almaniya əlaqələrinin hazırkı inkişaf səviyyəsinə aydınlıq gətirir. Hər bir Avropa dövləti kimi, Almaniya da Asiya qitəsi ilə iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi məhz Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olunması ilə birbaşa bağlıdır. Bu bağlılığı şərtləndirən əsas səbəb isə Azərbaycanın bölgədəki geostrateji mövqeyi və regional əhəmiyyətli layihələri ilə qarşılıqlı faydalı əməkdaşlığa verdiyi mühüm töhfələrdir. “Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olunması ilə bağlı Almaniya hökumətinin Azərbaycanın ədalətli mövqeyinə adekvat münasibəti və ölkəmizin ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləməsi də diqqətəlayiqdir və bu dəstək Kansler Olaf Şolts tərəfindən verilən bəyanatlarda bir daha öz əksini tapıb. Dövlətimizin başçısı Almaniyanın Federal Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında vurğulayıb: “Onu da bildirməliyəm, əfsuslar olsun ki, vaxtilə Qarabağı Ermənistan kimi tanıyan Ermənistan rəhbərliyi sülh şansını itirmişdir. 2019-cu ildə Ermənistanın bugünkü baş naziri demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə” və bu, faktiki olaraq sülh danışıqlarına vurulan ən böyük zərbə idi. 44 günlük Vətən müharibəsi zamanı biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Biz bu nida işarəsini 2020-ci il noyabrın 8-də Şuşada qoyduq. İndi isə sülhün zamanı çatıbdır. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq, nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır”.
Görüşdə diqqətçəkən məqamlardan biri də Almaniya Kansleri Olaf Şoltsun mətbuata bəyanatındakı fikirləri idi. Cənab Şoltsun qeyd etdiyi kimi, Azərbaycan Almaniya, eləcə də Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır. Bununla yanaşı, kansler həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatı üçün Azərbaycanın böyük potensialı olduğunu, eyni zamanda bərpa olunan enerji üzrə əməkdaşlığın aktuallığını vurğuladı. Prezident İlham Əliyev çıxışında Avropa İttifaqı-Azərbaycan əlaqələrindən danışaraq bildirdi ki, bu qurumla imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun sürətlə icra olunması ölkəmizin niyyətinin göstəricisidir. Prezident bir daha bəyan etdi ki, Azərbaycan Avropa məkanına qaz ixracatını artırmaq haqqında düşünür.
2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac etdiyimiz halda, bu rəqəm təqribən 12 milyard kubmetrə çatacaq. Azərbaycan lideri gələcək illərdə də ixrac coğrafiyamızı Avropada genişləndirmək niyyətində olduğunu bildirdi. Məhz ölkə rəhbərimizin nüfuzu sayəsində dünya siyasi sistemində Qoşulmama Hərəkatı ikinci ən böyük diplomatik platforma və güc mərkəzinə çevrilib. Eyni zamanda, Azərbaycanın enerji resurslarının Avropa üçün əhəmiyyəti ölkəmizi Qərb üçün də mühüm tərəfdaşa çevirib. Bütün bu faktorlar isə dövlətimizin gücünün və qüdrətinin təsdiqidir. Bu baxımdan, Prezident İlham Əliyevin Almaniyaya səfəri dövlətimizin həm iqtisadi, həm də beynəlxalq qüdrətini Avropada nümayiş etdirmiş oldu. Hazırda qarşılıqlı faydalı tərəfdaşlığımızın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar vardır. Azərbaycan ilə Almaniya arasında istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində fəal əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcək.

Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon Təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024