Mobil versiya
Novruz xalqımızın milli-mənəvi dəyərlərini əks etdirən bayramdır
Tarix: 27-03-2023 | Saat: 11:09
Bölmə:Cəmiyyət | çapa göndər

Novruz xalqımızın milli-mənəvi dəyərlərini əks etdirən bayramdır

Ulu Öndər Heydər Əliyev deyirdi ki, “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.” Çox zəngin potensiala malik olan Azərbaycanın bu özünəməxsus  dəyərlərinə dünya dövlətlərinin maraq göstərməsinin bir çox obyektiv səbəbləri vardır. Bunların sırasında ölkəmizin reallıqları, tarixi, bu günü və bəşəriyyətin mədəni inkişafına, mədəniyyətlər arası və sivilizasiyalar arası dialoqa, tolerantlığın, humanizmin tərəqqisinə verdiyi töhfəsi dayanır. “Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır. Biz öz milli mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”, - deyən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət əslində Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin şaxələndirilmiş şəkildə davamıdır.
Xalqımızın milli-mənəvi irsinin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi vurğulanmalıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti ilə milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısına və etibarlı müdafiəçisinə çevrilmişdir. Azərbaycanın birinci xanımının milli-mənəvi dəyərlərin qorunması və dünyada təbliğ olunması üçün həyata keçirdiyi layihələr onun əsl vətəndaşlıq mövqeyinin, yüksək mənəvi keyfiyyətlərə malik olmasının bariz nümunələridir. Onun səyi nəticəsində 2009-cu ildə Novruz bayramı aşıq sənəti ilə birlikdə UNESCO-nun qorunan qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan olunmuşdur. Eyni zamanda, Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınmışdır. Bütün bunlarla yanaşı, Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmişdir. Eyni zamanda Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Ümumdünya İrs siyahısına salınmışdır.2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımƏliyevanın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir.
      Bir məsələni də vurğulamaq lazımdır ki, dünyada gedən qloballaşma prosesində milli dövlətçilik ideyaları, milli mədəniyyətin və dəyərlərin qorunması və ötürülməsi məsələsi xüsusi olaraq diqqətdə saxlanılmılıdır.    Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edir ki, “müasir və müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub”. Biz öz mədəniyyətimizi, adət-ənənələrimizi daha geniş miqyasda təbliğ etmək, qorumaq, gələcək nəsillərə çatdırmaq kimi çox mühüm vəzifənin öhdəsindən ləyaqətlə gəlməliyik. Ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu, mütləq lazımdır”. Adət-ənənələrimiz və onların formalaşdırdığı milli- mənəvi dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var.  Burada ailə dəyərləri, ailə mühiti, ailədə yetişən yeni nəslə verilən tərbiyə də xüsusi olaraq qeyd edilməlidir. Belə ki, hər bir dövlətin gücü, ilk növbədə, cəmiyyəti əxlaqi, milli  vətənəpərvərlikbaxımından  düzgün  istiqamətə yönəltməsindən,  onları  saf  təməllər üzərində tərbiyə etməsindən  asılıdır. Bu baxımdan bütün dövrlərdə ailə dəyərləri, ata-ana, baba-nənə tərbiyəsi, ağsaqqal - ağbirçək nəsihəti, milli mənəvi dəyərlər, adət və ənənələr hər bir dövlətin qüdrətli və uzunömürlü olmasında əvəzsiz rol oynayır.  Elə bizi güclü edən də, 30 ilə yaxın davam edən erməni işğalına 44 gündə son qoyan da qeyd etdiyimiz dəyərlərlə böyüyən cəsur, rəşadətli ordumuz, ordusuna dayaq olan xalqımız oldu.
     Hər il xalqımız bu bayramı böyük coşqu ilə qeyd edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev hər il Novruz bayramı münasibətilə Azərbaycan xalqını  təbrik edir. Artıq üç ildir ki, biz bu qədim və tarixi bayramımızı böyük ruh yüksəkliyi, sevinclə keçiririk. Çünki, Qarabağ və Şərqi Zəngəzur azaddır. Prezident İlham Əliyev  iki il bundan əvvəl Şuşada Cıdır düzündə xalq müraciətində də deyirdi ki, “Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır... Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik... Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik.” Bundan sonra bu torpaqlarda ancaq bayramlar keçiriləcəkdir. Novruz bayramının fəlsəfi, sosial mahiyyətinin əsasında bir harmoniya vardır. Sosial ədalət, tolerantlıq, bərabərlik kimi xüsusiyyətləri özündə əks etdirən bu bayram milli dəyərlərlə yanaşı, həm də bəşəri dəyərləri də yaşadır. Evdə hazırlanan yemək və şirniyyatlardan qonşulara pay verilir, xüsusi ehtiyacı olanlara yardım edilir, sovqat göndərilir. Hamı çalışır ki, hər kəsin evində bayram süfrəsi açılsın. Biz başqa xalqlardan, millətlərdən olan qonşularımızı, döstlarımızı unutmuruq, onlara bayram payı göndərilirik. Belə yüksək əxlaqi-mənəvi keyfiyyətləri aşılayan ailələrimiz milli və bəşəri dəyərlərə hörmətlər yanaşan vətənpərvər nəsil yetişdirir.
Novruz bayramı zamanı hər kəs yad edilir, insanlar dünyadan köçən əzizlərini, doğmalarını ziyarət edir.  Vətən uğrunda şəhid olan qəhrəman əsgər və zabitlərimizi, etməni terrorunun qurbanı olan dinc əhalimizi dərin ehtiram və hörmət hissi ilə yad edirik. Yaralı əsgərlərimizə, vətədaşlarımıza Allahdan şəfa diləyirik!   Bu əziz günlərdə heç kəs onları, ailələrini tək qoymur. Bu bizim adətlərimizdən, igid oğullarımıza, qardaşlarımıza, bacılarımıza, balalarımıza olan mənəvi borcumuzdan irəli gəlir.

İlqar İsayev,
YAP Göygöl rayon təşkilatı üzrə Aşıqlı kənd ərazi partiya təşkilatının sədr müavini
 



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-05-2023