Mobil versiya
Tamilla İbadova: “Ulu Öndərimizin qurduğu təməl üzərində Azərbaycanın yaratdığı yeni reallıqlar xalqımızın daha firavan yaşamasına, dövlətimizin daha qüdrətli olmasına xidmət edəcək”
Tarix: 14-03-2023 | Saat: 16:00
Bölmə:Siyasət | çapa göndər

Tamilla İbadova: “Ulu Öndərimizin qurduğu təməl üzərində Azərbaycanın yaratdığı yeni reallıqlar xalqımızın daha firavan yaşamasına, dövlətimizin daha qüdrətli olmasına xidmət edəcək”

“Bu il bütün Azərbaycan xalqı xilaskar oğlu Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük fərəh və sonsuz ehtiramla qeyd edir. Görkəmli dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin sarsılmaz təməlini yaradan və onu möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və həlledici mərhələsini təşkil edir. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması bütün xalqımızın öz xilaskar oğluna tükənməz sevgisinin, Ulu Öndərin əziz xatirəsinə sonsuz ehtiramın ifadəsidir. Qeyd olunmalıdır ki, respublikanın həmkarlar ittifaqlarında çalışan insanlar üçün, təşkilatın bütün üzvləri üçün bu ilin önəmi və özəlliyi ikiqat daha artıqdır. Məhz bu il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası özünün 30 illik yubileyini qeyd edir. 1993-cü ilin fevral ayının 5-də keçirilmiş təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini yeni yaradılmış konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürdü. Qurultay iştirakçılarının təklifi və yekdil səsi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsinə cənab Səttar Möhbalıyev seçildi. Əlbəttə ki, bu təşkilatın yaranması Azərbaycanda həmkarlar hərəkatında bir sıra mütərəqqi yeniliklər gətirildi. Lakin həmin dövrdə ölkədə yaşanan və artıq pik həddinə çatmaq üzrə olan böhran vəziyyəti bütün digər sahələr kimi respublikanın həmkarlar ittifaqlarını da son dərəcə çətin, öz gücləri ilə həll edə bilməyəcəkləri ciddi problemlərlə üz-üzə qoymuşdu. Cari ilin 7 fevral tarixində AHİK-nın 30 illik yubileyi münasibətilə keçirilmiş tədbirdə çıxış edən cənab Səttar Möhbalıyevin də qeyd etdiyi kimi, həmin dövrdə həmkarlar ittifaqlarının sanatoriyalarını, hətta inzibati binasını əlindən almağa çalışırdılar. Yalnız xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev imzaladığı müvafiq fərman və sərəncamla həmkarlar ittifaqlarının üzləşdiyi çətinlikləri aradan qaldırdı. 1994-cü ildə isə Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” Qanun qəbul edildi. Beləliklə, qurumun cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaradıldı. Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi dövrdə həmkarların müstəqil olması, müəssisə daxilində qanunlar çərçivəsində söz sahibinə çevrilməsi demokrtaiyanın inkişafında danılmaz rol oynadı.”

Bu sözləri aia.az-a açıqlamasında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Bərdə rayon komitəsinin sədri Tamilla İbadova deyib.

Müasir dövlətçilik tariximizi Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı salnaməsi kimi tərif edən komitə sədri qeyd edib ki, Ulu Öndər ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə hazırlamaq, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası işləyib-hazırlamış və həyata keçirmişdir: “Ulu öndər Heydər Əliyev unikal keyfiyyətlərə sahib olan bir siyasətçi kimi bir-birilə ziddiyyət təşkil edən iki müxtəlif ictimai-siyasi quruluşda ölkəyə inamla rəhbərlik etmiş, hər iki mərhələdə Azərbaycan dövlətinin möhkəmlənməsinə, tərəqqisinə çalışmış, xalqın mənafeyini hər zaman üstün tutmuşdur. İdarəçilik fəlsəfəsi özünəməxsus cəhətlərlə zəngin olan Ümummilli liderin Sovet Azərbaycanına rəhbərlik mərhələsi ölkəni sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyə etibarlı zəmin formalaşdıran amillərlə də zəngin olub. Həmçinin neft sənayesinin iqtisadi inkişafdakı müstəsna rolunu düzgün qiymətləndirən Ulu öndər Heydər Əliyev 70-ci illərdə bu sahənin dinamik inkişafına, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsinə nail olub. Beləliklə, hələ sovet dönəmində, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə davamlı olaraq həyata keçirilən və cəmiyyət həyatının ən müxtəlif sahələrini əhatə edən genişmiqyaslı islahatlar ölkəmizin potensial imkanlarını artırmışdır. Bu arada bir məqamı xüsusi olaraq vurğulamaq lazımdır ki, bütün bu illər ərzində möhtəşəm nailiyyətlərin qazanılmasına səbəb olmuş uğurlu daxili və xarici siyasət Heydər Əliyev zəkasının yaratdığı milli azərbaycançılıq konsepsiyasının tərkib hissəsidir. XX əsrin 30-cu illərində formalaşmağa başlayan azərbaycançılıq vətənpərvərlik, milli özünüdərk dünyagörüşünün təşəkkülü ilə bağlı olmuşdur. Bu mənada Heydər Əliyevin əslində ən böyük azərbaycanlı olması Ulu öndərin özünün siyasi nitqində də öz parlaq təzahürünü tapmışdır: “Hər bir kəsin milli mənsubiyyəti onun üçün qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.” Azərbaycançılıq dünyagörüşü ulu öndərin siyasi fəaliyyətinin bütün sahələrində geniş kontekstdə öz ifadəsini tapmışdır. Hələ 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə ulu öndərin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu.”

Müsahibimiz həmçinin ölkəmizin əldə etdiyi nailiyyətlərdən bəhs edərək vurğulayıb ki, bu uğurların da əsasında Azərbaycanda Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi faktı durur: “Hazırda Azərbaycan iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, xalq-dövlət-ordu birliyinin təşəkkül tapdığı bir ölkədir. 1993-2003-cü illər ərzində Ulu Öndər tərəfindən görülmüş və əsası qoyulmuş işlər hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi gündən keçən dövr ərzində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olmuşdur. Bu illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir. Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan hər gün yeni zirvələr fəth edir, Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir. Əlbəttə ki, qazanılan bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. 20 il bundan əvvəl Azərbaycan xalqının cənab İlham Əliyevə etimad göstərməsindən sonra həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Heydər Əliyev siyasi kursunun bütün bu illər ərzində Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə və uğurla inkişaf etdirilməsi bu gün dövlətimiz və xalqımız qarşısında uzun illərdən bəri duran ən vacib problemin həllini - işğal olunmuş torpaqlarımızın azad edilməsini təmin etmişdir. Azərbaycan artıq yeni reallıqlar yaradan ölkədir və bu reallıqlar xalqımızın daha firavan yaşamasına, dövlətimizin daha qüdrətli olmasına xidmət edəcək”, - deyə Tamilla İbadova müsahibəsini sona çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024