Mobil versiya
Bayram Hacıyev: “Heydər Əliyev İli” Azərbaycan xalqının və dövlətinin tarixində çox böyük nailiyyətlərlə, yeni möhtəşəm qələbələrlə əlamətdar olacaq”
Tarix: 13-03-2023 | Saat: 11:30
Bölmə:Siyasət | çapa göndər

Bayram Hacıyev: “Heydər Əliyev İli” Azərbaycan xalqının və dövlətinin tarixində çox böyük nailiyyətlərlə, yeni möhtəşəm qələbələrlə əlamətdar olacaq”

“Bu il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təsis olunmasından 30 il keçir. 1992-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasına daxil olan 6 həmkarlar ittifaqı – Elektrik Stansiyaları və Elektrotexnika, Avtonəqliyyat və Yol Təsərrüfatı, Rabitə, Sahibkarlıq, Aviasiya və İnşaat Kompleksi İşçiləri Həmkarlar İttifaqları növbədənkənar qurultay çağırmaq təşəbbüsü ilə çıxış etdilər. 1993-cü ilin fevral ayının 5-də isə təsis qurultayı keçirildi. Bu qurultayda Azərbaycan Həmkarlar İttifaqları Şurası buraxılaraq, səlahiyyətləri yeni yaradılmış konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) verildi. Təsis qurultayında AHİK-in sədri vəzifəsinə yekdilliklə cənab Səttar Möhbalıyev seçildi. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illik yubileyinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə eyni ilə təsadüf etməsi təşkilatın bütün üzvləri üçün əlavə bir qürur mənbəyi, eyni zamanda da hər kəsin öz sahəsində daha böyük əzmlə çalışması üçün güclü stimuldur. Cari ilin 7 fevral tarixində AHİK-nın 30 illik yubileyi münasibətilə keçirilmiş tədbirdə çıxış edən cənab Səttar Möhbalıyevin də qeyd etdiyi kimi, Konfederasiyanın yaranması elə bir dövrdə baş vermişdi ki, həmkarlar ittifaqlarının sanatoriyalarını, hətta inzibati binasını əlindən almağa çalışırdılar. Yalnız xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev imzaladığı müvafiq fərman və sərəncamla həmkarlar ittifaqlarının üzləşdiyi çətinlikləri aradan qaldırdı. 1994-cü ildə isə Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” Qanun qəbul edildi. Beləliklə, qurumun cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaradıldı. Həmkarlar ittifaqlarına şamil edilən hüquqlar 1995-ci ildə qəbul edilən və müəllifi Ulu Öndər Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyası ilə də təsbit edildi. Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi dövrdə həmkarların müstəqil olması, müəssisə daxilində qanunlar çərçivəsində söz sahibinə çevrilməsi demokrtaiyanın inkişafında danılmaz rol oynadı.”

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev deyib.

Öz fikirlərini davam etdirən müsahibimiz müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən hərc-mərcliyin dövlətçiliyimiz üçün real təhdid olduğunu və bu təhdidin yalnız 1993-cü ildən sonra, xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ulu Öndərin titanik səyləri nəticəsində aradan qaldırıldığını qeyd edib: “1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Azərbaycanın müstəqilliyi bərpa olundu. Lakin bir tərəfdən ölkədə formalaşmış separatçılıq meyilləri və bu zəmində yetişməkdə olan vətəndaş qarşıdurması, digər tərəfdən erməni işğalı Azərbaycanda dövlətçiliyin itirilməsi təhlükəsini bir reallıq olaraq ortaya çıxarmışdı. Belə bir təhlükəli və mürəkkəb məqamda Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevi təkidlə hakimiyyətə çağırdı. Ulu öndər xalqın israrlı dəvətini qəbul etdi, bununla da Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi aradan qalxdı. 1993-cü il iyunun 15-də isə Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin gün ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ümummilli lider Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra Ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi və sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Ən əsası, 1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsindən sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addımlar atıldı. Reallaşdırılan ardıcıl və sistemli tədbirlərin nəticəsi kimi, ölkədə əmin-amanlıq yarandı, sabitlik bərqərar oldu, azad bazar iqtisadiyyatına keçidlə bağlı genişmiqyaslı islahatlara başlandı.”

Daha sonra B.Hacıyev Ulu Öndərin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyasının və siyasi kursunun bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edərək bunları deyib: “Azərbaycan artıq uzun illərdir ki, Cənubi Qafqaz regionunun tək lider dövlətidir. Ölkəmiz hazırda Avropanın enerji təhlükəsizliyinin təminatı baxımından önəmli rol oynayır. Azərbaycan Avrasiya məkanında həyata keçirilən irimiqyaslı beynəlxalq enerji və logistik layihələrin vacib və zəruri iştirakçısıdır. Ölkəmiz Şimal-Cənub, Şərq-Qərb transmilli nəqliyyat dəhlizlərinin mühüm tranzit məntəqəsidir. Ən əsası da bu gün Azərbaycan artıq özünü dünyaya öz torpaqlarını işğaldan azad etmiş qalib ölkə olaraq təqdim edir. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması da birmənalı olaraq Azərbaycan xalqının öz böyük oğluna tükənməz sevgisinin və sonsuz ehtiramının ən bariz təzahürüdür. Heç bir şübhə yoxdur ki, bu il Azərbaycan xalqının və dövlətinin tarixində çox böyük nailiyyətlərlə, yeni möhtəşəm qələbələrlə əlamətdar və yaddaqalan olacaq”, - deyə Bayram Hacıyev müsahibəsini yekunlaşdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024