Mobil versiya
Sistemli islahatların davamı
Tarix: 11-03-2023 | Saat: 12:01
Bölmə:Seçki 2024 | çapa göndər

Sistemli islahatların davamı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10. 03. 2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış etmiş, ölkədə baş verən ictimai-siyasi hadisələr barədə məlumat vermiş, bir çox məsələlərə aydınlıq gətirmişdir. Qeyd edilmişdir ki, sistemli islahatların davamı olaraq növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi.
Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat vermişdir. “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” - Aİ tərəfindən verilmiş bu qiymət, seçkilərin tanınması demək idi. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Bu proses Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirilməsi üçün böyük əhəmiyyətə malikdir.
Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılmaqla, Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq və bu sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıdığı üçün kadr islahatları da aparılır.
Ölkədə aparılan islahatlar prosesi parlamentdən də yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verməsi gözləntilərdəndir. Deputatlar qarşısında böyük vəzifələr durur. Parlamentin əsas işi qanunvericilik olduğu üçün bu sahədə də həlli vacib məsələlər dayanır və siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır, çünki dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir.
Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur. Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalı, xarici təsir altına düşməməlidirlər və gənclərin Parlament seçkilərində çox sayda mandat almasının səbəbi bununla izah olunur. Deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar. Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır.
Ölkə xaricində anti-Azərbaycan qüvvələri yaratmaq istəyi ilə yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Bu yol xəyanət yoludur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir, çünki aparılan islahatların mahiyyəti də budur. Avropanın dırnaqarası demokratiya beşiyi sayılan ölkələrində xalqın gözü qarşısında, dünyanın gözü qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini çıxarırlar, öldürürlər, həbs edirlər. Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən təşkilatlarla daha səmərəli iş görülməlidir. O təşkilatlarda ki, ölkəmizə qarşı, qərəzli bəyanatlar verilir, həmin qurumlarda ölkəmizin mövqeləri gücləndirilməlidir. Hökumət və parlament üzvləri xalqla daha sıx təmasda olmalıdırlar. Bununla da, hökumət üzvlərinin məsuliyyəti, həm parlamentin rolu artacaq. Parlamentin fəaliyyətində məsuliyyət və şəffaflıq amili hökm sürməlidir. İqtisadi sahədə görülən işlərlə bağlı Milli Məclisin rolu artmalı, hazırlanan qanunlar dəyişən reallıqlara adekvat olmalıdır. Sahələrin inkişafına xidmət edən peşəkar qanunvericilik təşəbbüsü öndə olmalı, xalqa xidmət etməlidir. Eyni zamanda qanunvericilikdə dünyəvilik prinsipinə əsaslanmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır.
Milli maraqların təminatı və təhlükəsizlik mühiti yaratmaq üçün əldə edilən ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir, çünki təhlükəsizlik və sabitlik dayanıqlı inkişafının zəmanətidir. Perspektiv əməkdaşlıq istiqamətində mühüm işlər görülməlidir Qeyd edilmişdir ki, Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır. Avropa İttifaqı ilə əməkdaşlıq artım dinamika ilə inkişaf edir. Avropa İttifaqına üzv olan doqquz ölkə ilə Azərbaycanın strateji tərəfdaşlıq sənədləri vardır. 9 ölkə Avropa İttifaqına üzv ölkələrin üçdə birdir. Azərbaycanın xarici siyasəti situativ deyil. Qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər var. Müsəlman aləmində ölkəmizin böyük nüfuzu var. Ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir. İslahatların səmərəliliyi naminə siyasi dialoq mühiti dərinləşməlidir.
Aparılan islahatların ümdə bir istiqaməti və vəzifəsi vardır: xalqımızın rifahının yüksəldilməsi, ölkəmizin dünya dövlətləri içərisində öz layiqli yerini qoruyub saxlamaq və inkişaf etdirmək.

Fəxrəddin Vəliyev,
Yeni Azərbaycan Partiyası Şəmkir Rayon Təşkilatının Sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024