Mobil versiya
Rəşad Səfərov: “Ulu Öndər Heydər Əliyevin tövsiyyələri həmkarlar ittifaqlarının əsas fəaliyyət strategiyasına çevrilib”
Tarix: 16-02-2023 | Saat: 10:35
Bölmə:Manşet / Siyasət | çapa göndər

Rəşad Səfərov: “Ulu Öndər Heydər Əliyevin tövsiyyələri həmkarlar ittifaqlarının əsas fəaliyyət strategiyasına çevrilib”

“Bu il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) özünün 30 illik yubileyini qeyd edir. 1992-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasına daxil olan 6 həmkarlar ittifaqı – Elektrik Stansiyaları və Elektrotexnika, Avtonəqliyyat və Yol Təsərrüfatı, Rabitə, Sahibkarlıq, Aviasiya və İnşaat Kompleksi İşçiləri Həmkarlar İttifaqları növbədənkənar qurultay çağırmaq təşəbbüsü irəli sürdülər. Bundan bir müddət sonra, 5 fevral 1993-cü il tarixində təsis qurultayı keçirildi. Bu qurultayda Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini yeni yaradılmış konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürdü. Təsis qurultayında iştirakçıların təklifi və yekdil səsi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsinə cənab Səttar Möhbalıyev seçildi. Bu təşkilatın yaranması Azərbaycanda həmkarlar hərəkatında bir sıra mütərəqqi yeniliklər gətirdi. İlk növbədə Səttar Möhbalıyevin təşəbbüsü və səyləri ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati-amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri yenidən özlərinə qaytarıldı.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (NRYTİHİRK) sədri Rəşad Səfərov deyib. Qeyd edək ki, Rəşad Səfərov 4 fevral 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Müsahibimiz qeyd edib ki, Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyətində köklü dəyişikliklər məhz Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra yer almışdır: “1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən ölkə rəhbərliyinə gəlməsi ilə Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, ictimai təşkilatların, o cümlədən həmkarlar ittifaqlarının da həyatında köklü dəyişikliklər baş verdi. 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” qanun qəbul edildi. Bununla da təşkilatın fəaliyyəti genişləndi, nüfuzu özünə qaytarıldı, ictimai proseslərə mövcud səlahiyyətləri çərçivəsində müdaxilə etmək imkanları artdı, üzvlərin sayı artmağa başladı, qarşısında ictimai təşkilat kimi sərbəst və müstəqil imkanlar açıldı. Sovet dövründə formal xarakter daşıyan həmkarlar ittifaqlarında dövrün tələbinə uyğun olaraq bütün sahələr üzrə islahatlara başlandı. Həmkarlar ittifaqlarına şamil edilən hüquqlar 1995-ci ildə qəbul edilən və müəllifi Ulu Öndər Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyası ilə də təsbit edildi. Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi dövrdə həmkarların müstəqil olması, müəssisə daxilində qanunlar çərçivəsində söz sahibinə çevrilməsi demokratiyanın inkişafında danılmaz rol oynadı. Heydər Əliyev hər bir insanın haqqının, hüququnun qorunması, sosial rifahının yaxşılaşdırılmasını meyar seçərək, həmkarlar ittifaqlarını bu işlərin avanqardı kimi təqdim edirdi. 1998-ci ildə keçirilmiş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının I Qurultayında Ulu Öndərin qurultay iştirakçılarına müraciəti oxundu. Ölkə rəhbərinin “Əmin olduğumu bildirmək istəyirəm ki, həmkarlar təşkilatları öz işini yeniləşən cəmiyyətimizin tələblərinə uyğun quracaq, Azərbaycanda müstəqil, demokratik, dünyəvi dövlət quruculuğunda yaxından iştirak edəcəkdir”, - fikri həmkarlar ittifaqlarının strategiyasına çevrildi. 1999-cu ildə yaradılan Əmək Məcəlləsində Həmkarlar İttifaqları Konfederasiyasının 120-dən çox təklifinin nəzərə alınması Səttar Möhbalıyevin sədrliyi ilə qəbul edilən qərarların bilavəsitə təsiri ilə baş verdi. Bununla Həmkarlar İttifaqları Konfederasiyasının cəmiyyətdə rolu və statusu yüksəldi. İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklər isə Konfederasiyanın maliyyə dayaqlarının möhkəmlənməsinə geniş imkanlar açdı. 1993-2003-cü il ərazində Həmkarlar İttifaqları Konfederasiyası 50-dək normativ aktların hazırlanması və ekspertizadan keçirilməsi prosesində əsas qüvvələrdən biri kimi irəli çıxdı.

Daha sonra NRYTİHİRK-nın sədri 2003-cü ildə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə həmkarlar ittifaqlarının qarşısında yeni imkanların açıldığını xüsusi vurğulayaraq bunları deyib: “Bu gün Azərbaycanda AHİK-in sərbəst və müstəqil fəaliyyət göstərə bilməsi üçün geniş imkanlar mövcuddur. Əlbəttə ki, bu imkanlar ilk növbədə Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi kursun sayəsində ölkəmizdə bərqərar olan demokratik mühit, insan hüquq və azadlıqlarına göstərilən ali münasibət, vətəndaş cəmiyyətinin inkişafına verilən dövlət dəstəyi nəticəsində yaranıb. Qeyd etmək lazımdır ki, hələ 2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında iştirak edən xarici ölkələrin nümayəndə heyətlərinin başçılarını qəbul edərkən cənab Prezident İlham Əliyev ölkələrimizin müvafiq strukturları arasında mövcud olan əməkdaşlığı yüksək qiymətləndirilmişdir. Dövlətimizin başçısı Azərbaycan ilə qonaqların təmsil etdikləri ölkələr arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulamış, dövlətçiliyin möhkəmləndirilməsində, zəhmətkeşlərin hüquqlarının müdafiə olunmasında həmkarlar hərəkatının rolunu yüksək qiymətləndirərək milyonlarla insanı özündə birləşdirən həmkarlar ittifaqları arasında sıx əlaqələrin yaradılmasının önəmini qeyd etmişdi. Birmənalı olaraq deyə bilərik ki, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli kampaniyalarda iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Həmçinin əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində fəal iş aparılır”.

2023-cü il nəinki Həmkarlar İttifaqları üzvləri üçün əlamətdar ildir, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunacaqdır. Belə ki, bu il həm də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan edilmişdir. Heydər Əliyev nəinki Həmkarlar İttifaqları hərəkatında yeni mərhələnin təməlini qoydu, O ümumilikdə bütün Azərbaycanın inkişafı, tərəqqisi naminə Azərbaycan tarixində yeni səhifə açaraq xalqımızın qəlbində əbədi iz qoydu.

Ulu Öndər Heydər Əliyev ideyalarına, siyası kursuna sadiq olan və onun layiqli davamçısı olan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, zəhməti və iradəsi sayəsində Azərbaycan bütün nüfuzlu beynəlxalq siyasi, ictimai arenalarında söz sahibi olmasını vurğulayan Rəşad Səfərov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bütün üzvlərini 30 illik yubiley münasibəti ilə təbrik edir bu şərəfli işdə hər kəsə uğurlar arzuladığını qeyd etdi.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024