Mobil versiya
Azərbaycanda elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir
Tarix: 15-02-2023 | Saat: 11:27
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanda elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir

Hər dəfə xalqımızın tarixində silinməz yeri olan böyük simaların, müdrik insanların sırasına nəzər salanda ümummilli liderimiz Heydər Əliyevin yeri ön cərgədə görünür. Bu xalqın və onun tarixinin ən böyük qazanclarından biridir.
Ötən əsrin 70-ci illərindən ümummilli liderin apardığı müdrik və uzaqgörən siyasət, əsaslı quruculuq işləri sayəsində respublikamızda müstəqil fəaliyyət göstərmək imkanı qazanmış energetika sistemi bu gün möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə öz potensialını daha da artıraraq, əhalinin və iqtisadiyyatın keyfiyyətli elektrik enerjisinə tələbatını tam ödəyir.
Yüz ildən artıq tarixi olan Azərbaycan elektrik energetikasının vüsətli inkişaf dövrü ulu öndərin respublikaya rəhbər seçildiyi 1969-cu ildən başlanmışdır. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikamızın ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-mədəni həyatında köklü dəyişikliklərin əsası qoyuldu. Öz miqyasına görə həmin dəyişikliklər Azərbaycanın müasir inkişaf tarixinin ən dolğun səhifələrini təşkil edir.
Sosial-iqtisadi həyatın mühüm sahələrindən olan energetika sistemində də sürətli inkişafı təmin etmək məqsədilə 1970-80-ci illərdə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bir sıra irimiqyaslı layihələr reallaşdırılmışdır. Ümummilli liderimiz Heydər Əliyev respublikanın elektrik enerjisinə olan tələbatını yerli imkanlar hesabına ödəməyi qarşıya məqsəd qoyaraq, bu istiqamətdə gərgin fəaliyyət göstərmişdir.
Ulu öndər Heydər Əliyevin tariximizdəki ən böyük xidmətlərindən biri də budur ki, o, respublikamızın enerji təhlükəsizliyi məsələsinin həllinə hələ ölkəyə birinci rəhbərliyi dövründə nail olmuş, bu nailiyyət Azərbaycanın dövlət müstəqilliyinin elan edildiyi çətin və mürəkkəb siyasi şəraitdə ölkəmizi burada xüsusi maraqları olan kənar dövlətlərin enerji təhdidlərindən qorumuşdur.
Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkənin təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.
Bu gün Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. 
Ölkəmizdə enerji səmərəliliyinin təmin edilməsi üçün önəmli tədbirlər həyata keçirilir. Tədbirlər paralel olaraq, həm istehsal, həm də istehlak sektorunda həyata keçirilir:
İstehsal sektorundakı tədbirlərə misal olaraq müasir tələblərə cavab verən yeni elektrik stansiyalarının tikintisi, istifadədə olan stansiyaların modernləşdirilməsi, neft emalı sahəsində yenidənqurma işlərinin aparılması, energetika sistemində itkilərin azaldılması, elektrik stansiyalarının xüsusi sərfiyyatının müasir normalara çatdırılması istiqamətində görülən işləri qeyd etmək olar.
Eyni zamanda energetika sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, normativ texniki bazanın işlənilməsi, müasir standartlara cavab verən idarəetmə strukturunun yaradılması enerji səmərəliliyinin təmin edilməsinə müsbət təsir göstərməkdədir.
Enerji daşıyıcılarının istehlakında ev təsərrüfatları, nəqliyyat və sənaye sektorları əsas yer tutur. İstehlakçıların maarifləndirilməsı istiqamətində həyata keçirilən tədbirlər bu sektorlarda enerjidən səmərəli istifadə edilməsində mühüm rol oynamaqdadır.
İstehlak sektorunda həyata keçirilən tədbirlərin mühüm hissəsini əhalinin maarifləndirilməsi və istehlakçıların enerji səmərəliliyi tədbirlərinə cəlb edilməsi məqsədilə təbliğatın genişləndirilməsi təşkil edir. Enerji resurslarının səmərəli istifadə edən cihaz və avadanlıqların istifadəsi, tikinti və təmir işlərində enerji səmərəliliyi normalarına əməl edilməsi, müasir standartların tətbiqinin genişləndirilməsi, effektivlik norma və qaydalarına riayət edilməsi istehlakda səmərəliliyin təmin edilməsinin əsas hissəsini təşkil edir.
Müasir dövrümüzdə məhz enerji təhlükəsizliyi dünya ölkələrinin qarşısında duran ən vacib məsələlərdən biri olduğu üçün, Azərbaycanın da Avropanın enerji təhlükəsizliyində rolu getdikcə daha önə çəkilir. O cümlədən Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının tikintisinə başlanması da dövlətimizin bu istiqamətdə fəaliyyəti daha da genişləndirmək qərarından xəbər verir. Fevralın 13-də Bakıda “Gülüstan” sarayında keçirilmiş İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində etdiyi çıxışında cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, açılışı 2025-ci ilə planlaşdırılan bu stansiya ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq.
Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir.
Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Digər tərəfdən, Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir.
-Bütövlükdə, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. 

Hacıyeva Gülnarə Həsənqulu qızı,
Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024