Mobil versiya
Novruzəli Aslanov: “Bir millət, iki dövlət amalı ilə yaşayan Azərbaycan və Türkiyə hər zaman bir-birnin sevincini də, kədərini də bölüşüblər”
Tarix: 10-02-2023 | Saat: 14:49
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Novruzəli Aslanov: “Bir millət, iki dövlət amalı ilə yaşayan Azərbaycan və Türkiyə hər zaman bir-birnin sevincini də, kədərini də bölüşüblər”

“Fevralın 26-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ bütün Türk dünyasını və sözsüz ki, ilk növbədə Azərbaycanı sarsıtdı. Bir millət, iki dövlət amalı ilə yaşayan Azərbaycan və Türkiyə hər iki dövlətin, hər iki xalqın istər pis, istər yaxşı günlərində hər zaman bir-birinin yanında olublar, bir-birnin sevincini də, kədərini də bölüşüblər. Əlbəttə ki, təbii fəlakət səbəbilə əsil faciə yaşanan bu günlərdə də Azərbaycan Türkiyənin yanındadır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Azərbaycan dövləti zəlzələnin baş verdiyi ilk gündən qardaş Türkiyəyə yardım göstərilməsi ilə bağlı tədbirlər görməyə başlayıb. Cənab Prezident İlham Əliyevin göstərişi ilə FHN-nin xilasetmə briqadalarını, o cümlədən tibbi heyəti aparan təyyarələr dərhal Türkiyəyə, fəlakət zonasına göndəriliblər. Həmçinin təyyarələr və avtomobil karvanı ilə qardaş ölkəyə xilasetmə avadanlıqları, mobil səhra hospitalı, humanitar yardım, 4 səhra mətbəxi, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair aparılıb. Bunu da qeyd edim ki, birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq göstərişləri əsasında həyata keçirilən qardaş ölkəyə humanitar yardım kampaniyasının tərkib hissəsi olaraq, Azərbaycanın ən böyük humanitar təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm, Türkiyə!” adlı kampaniya elan edib. Kampaniya çərçivəsində istənilən fiziki və hüquqi şəxslər birbaşa maliyyə yardımı göstərə bilərlər.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov deyib.

Deputat xüsusi olaraq vurğulayıb ki, Azərbaycan dövlətinin qardaş Türkiyəyə dəstəyi ilə yanaşı Heydər Əliyev Fondu da zəlzələdən zərər çəkmiş insanlara yardım göstərilməsi istiqamətində intensiv tədbirlərini davam etdirməklə bu işə misilsiz töhfələr verməkdədir: “Məlum olduğu kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd etmiş, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulamışdır. Fəlakətdən dərhal sonra Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərildi. Yardım çərçivəsində Türkiyəyə dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və sair tibb ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdırılıb. Təqdim olunan məlumatlara görə faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən hələ ilkin mərhələdə ümumilikdə 36 ton humanitar yardım göndərilib. Bundan başqa, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Mehriban xanım Əliyevanın göstərişinə əsaslanaraq, həmçinin, Türkiyənin ölkəmizdəki səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Bakı şəhərində yardım kampanyasına start vermişdir. Kampaniya çərçivəsində 8-14 fevral tarixlərində Türkiyənin zəlzələ olan regionalrında ehtiyac duyulan ləvazimatlar toplanaraq təbii fəlakət zonasına yola salınacaqdır. Qürurverici haldır ki, son iki gündə Bakıda sərt hava şəraitinin olmasına baxmayaraq, kampaniya keçirilən məkanlarda paytaxt sakinlərinin yardım bağlamaları ilə buraya axın etdiklərini, həmin məkanlarda əsl izdiham yarandığını görmək mümkündür. Eyni zamanda Azərbaycanın bütün bölgələri də Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulub. Qeyri-sabit, qarlı-yağışlı hava şəraitinə baxmayaraq, ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər artıq səhər saatlarından etibarən axın-axın təşkil olunan yardım toplama məntəqələrinə gəlir, gətirdikləri əşyaları könüllülərə təhvil verirlər. Bu gün hər bir azərbaycanlı qardaş Türkiyəyə yardım etməyi özünün mənəvi borcu hesab edir.”

Həmçinin N.Aslanov özəl sektorun və ictimai təşkilatların Türkiyəyə yardım kampaniyasında yaxından və fəal iştirak etdiklərini vurğulayaraq bunları deyib: “Azərbaycan dövlətinin qardaş Türkiyəyə yardımı həqiqətən də çoxşaxəlidir. Bilavasitə fəlakət zonasında axtarış-xilasetmə işlərində iştirak edən mütəxəssislərdən, səhra şəraitində yaralılara ən yüksək səviyyədə tibbi yardım göstərn peşəkar həkim və tibbi personaldan, Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər və ASAN könüllülərindən başqa bu gün Azərbaycanda fəaliyyət göstərən bir çox səhiyyə müəssisələrində də qardaş Türkiyədən yaralıların qəbulu üçün hazırlıqlar görülüb. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, ölkənin xəstəxanalarında yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Bu məqsədlə artıq həm Bakıda, həm də digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında müvafiq tədbirlər görülüb, xəstəxanalarda çarpayılar ayrılıb. Bütün bunlarla yanaşı ölkənin özəl sektoru və ictimai təşkilatlar da zəlzələdən zərərçəkənlərə humanitar yardım göstərilməsində yüksək fəallıqları ilə seçilirlər. Bu baxımdan Türkiyə Respublikasının Azərbaycandakı səfirliyi ilə əlaqələndirilməklə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan şöbəsi (MÜSİAD Azərbaycan), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB), eləcə də bir sıra ictimai birliklərin dəstəyi ilə təsis olunmuş “Qardaş köməyi” platforması kimi təşəbbüsləri yüksək dəyərləndirmək lazımdır. Mətbuata təqdim olunan məlumatlarda isə Türkiyəyə yardım məqsədi ilə qeydiyyatdan keçən Azərbaycan sahibkarlarının sayının artıq bir milyondan çox olduğu bildirilir. Bütün bunlar Türkiyə-Azərbaycan qardaşlığının əbədi və sarsılmaz olduğunu bir daha bütün dünyaya nümayiş etdirir”, – deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024