Mobil versiya
Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvləri Azərbaycan Ağsaqqallar Şurasının qonağı olublar
Tarix: 06-02-2023 | Saat: 11:00
Bölmə:Siyasət | çapa göndər

Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvləri Azərbaycan Ağsaqqallar Şurasının qonağı olublar

Fevralın 3-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti – Uğur Bayraktutan, Yunus Kılıç, Öncü Güneş və başqaları Azərbaycan Ağsaqqallar Şurasının üzvləri ilə görüşüblər.

Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin Türk Dövlətləri Təşkilatında səlahiyyətli nümayəndəsi, dövlət xadimi Həsən Həsənov, Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili, akademik Əhliman Əmiraslanov, Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavinləri – millət vəkili, professor Eldar İbrahimov, professor Elmira Süleymanova, Bayram Yusifov, professor Vahid Novruzov, həmçinin Şuranın Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev və başqaları iştirak ediblər.

Səmimi şəraitdə keçən söhbət zamanı qardaş Türkiyənin Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə Respublika Ağsaqqallar Şurasında görüşdükləri üçün məmnun olduğunu bildirən Eldar Quliyev Şuranın və onun ölkəmizin 77 şəhər və rayonunda mövcud olan yerli təşkilatlarının fəaliyyəti barədə məlumat verərək, qurumdakı müsbət dəyişikliklərdən, dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan söhbət açıb. O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə uyğun olaraq Azərbaycan Ağsaqallar Şurasının sonuncu VIII qurultayı 44 günlük Vətən müharibəsi başlayan dövrdə – 29 sentyabr 2020-ci ildə keçirilib. Şuraya yeni sədrin, idarə heyətinin seçildiyi və bir sıra dəyişikliklərin həyata keçirildiyi bu qurultayın elə bir həssas dövrdə keçirilməsi bir daha dövlət başçısının ağsaqqallara və onların fəaliyyətinə yüksək dəyər verməsini göstərir. Eldar Quliyev müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı böyük Zəfərdən də söhbət açaraq, qardaş Türkiyənin həmişə olduğu kimi müharibə dövründə də ölkəmizə göstərdiyi hərtərəfli dəstəyi vurğulayıb. Əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında ölkələrimizin və xalqlarımızın dostluğu və qardaşlığı əbədi davam edəcəkdir.

Natiq, həmçinin, Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımın uğurla rəhbərlik etdiyi Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzv ölkələri ilə həyata keçirilən yaxın əməkdaşlıq əlaqələrindən bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Ağsaqqallar Şurası may ayının 3-də “Heydər Əliyev və müasir türk dünyası” mövzusunda beynəlxalq konfrans keçirəcəkdir ki, bu tədbirə qardaş və dost ölkələr olan Türkiyədən, Qaxıstandan, Türkmənistandan, Qırğızıstandan və digər dövlətlərdən qonaqlar dəvət edilir.

Ölkəmizin tanınmış insanlarının, ziyalılarının təmsil olunduğu Azərbaycan Ağsaqqallar Şurasının respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak etdiyini vurğulayan Əhliman Əmiraslanov, Həsən Həsənov, Eldar İbrahimov və başqaları türk dövlətləri, o cümlədən qardaş Türkiyə ilə son zamanlar daha da artan sıx əməkdaşlıqdan bəhs ediblər. Həmçinin eyni ilə təsadüf edən iki əlamətdar tarixi hadisənin – Türkiyə Respublikasının yaranmasının və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərin əhəmiyyətindən danışıblar.

Azərbaycan Ağsaqqallar Şurasında onları belə səmimi şəkildə qəbul etdikləri üçün öz minnətdarlıqlarını bildirən Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım və nümayəndə heyətinin üzvləri bir daha qürurla qeyd ediblər ki, Türk dünyası böyük bir ailədir və biz – bu ailənin ayrılmaz üzvləri olan türk dövlətləri bundan sonra da bütün sahələrdə bir-birimizə qarşılıqlı dəstək və həmrəylik göstərəcəyik.

Daha sonra qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024