Mobil versiya
Azərbaycan-Misir münasibətləri yeni müstəviyə keçir
Tarix: 31-01-2023 | Saat: 12:51
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan-Misir münasibətləri yeni müstəviyə keçir

Bu günlərdə Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana səfəri, bu səfər çərçivəsində imzalanmış bir sıra sənədlər göstərir ki, Azərbaycan çoxqütblü xarici siyasət yürütmək istiqamətində irəliləyir. Yaxın Şərqin, eləcə də ərəb dünyasının əsas dövlətlərindən olan Misirlə əlaqələrin inkişaf etdirilməsi müsbət xarakter daşıyır.

Misir Prezidentinin məhz indi səfər etməsi onun göstəricisidir ki, Azərbaycanın Avropada və Şərqdə gedən proseslərdə artan nüfuzu bu bölgəyə diqqəti bir daha yönəldib. Bir sıra beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə edən Misir indi bölgədəki vəziyyəti daha dərindən öyrənmək, Azərbaycanla ticari-iqtisadi əlaqələri yaxşılaşdırmaq istəyir. Çünki Avropanın Azərbaycana münasibətindəki iqtisadi və geosiyasi amillər bu bölgənin yaxın vaxtda diqqət mərkəzində olacağını xəbər verir. Misir dövləti də bu prosesdən faydalanmaq, Azərbaycanla, eləcə də Türkiyə ilə münasibətlərə yeni müstəvidən yanaşmaq istəyir.

Cənab Prezident İlham Əliyevin rəsmi görüşdə ifadə etdiyi fikirlər də bunu təsdiq edir: “Biz bu gün həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə bir çox məsələləri müzakirə etdik və gələcək əməkdaşlıq haqqında vahid mövqeyə gəldik - bu əməkdaşlıq dərinləşdirilməlidir və genişləndirilməlidir. Bunun üçün bütün imkanlar var və bugünkü səfər bunu bir daha təsdiqlədi. Biz bundan sonra da beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərəcəyik, bir-birimizi bundan sonra da dəstəkləyəcəyik, necə ki, bu günə qədər iştirak etdiyimiz beynəlxalq təşkilatlarda - istər BMT olsun, Qoşulmama Hərəkatı olsun, İslam Əməkdaşlıq Təşkilatı olsun, bu təşkilatlar çərçivəsində qarşılıqlı dəstək göstəririk.”

Məlumdur ki, cənab Prezident BMT-də isahatların aparılması zərurətini dəfələrlə ən yüksək kürsülərdən səsləndirmişdir. İndiki dünya düzənində buna çox ehtiyac var. Hazırkı siyasi vəziyyət, Rusiyanın bu dünya təşkilatındakı tormozlayıcı rolu da bunu sübut edir. Həm də Qoşulmama Hərəkatı kimi önəmli bir təşkilata sədrlik edən Azərbaycan lideri öz mövqeyini ciddi arqumentlərlə əsaslandırır. Misirin qeyd edilən məsələyə münasibəti də mövqelərimizin üst-üstə düşməsini göstərir. Bu məsələyə münasibətini cənab İlham Əliyev belə ifadə etdi: “BMT ilə bağlı məsələlər artıq dünyada uzun illər müzakirə edilir, BMT-dəki islahatlar haqqında fikir mübadiləsi aparılır. Mən çıxışlarımın birində bildirmişdim ki, bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar. Çünki İkinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə, hesab edirəm ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcəkdir.”

Azərbaycanın enerji təhlükəsizliyi sahəsində önəmli rolu və mühüm nəqliyyat dəhlizinin üzərində olması sözsüz ki, Misirin siyasətinə təsir edir. İndiki məqamda Azərbaycanla münasibətləri inkişaf etdirmək, qlobal layihələrdə yer almaq istəyi açıq-aşkar görünür. Təbiidir ki, Misirin bu istəyi bizim üçün də maraqlıdır. Ən azından ona görə ki, Misir Azərbaycan-Ermənistan münasibətlərində neytral mövqeyini Azərbaycana dəstək mövqeyi ilə dəyişəcəkdir. Azərbaycan Prezidentinin hədəfində olan bu məsələ ciddi xarakter daşıyır və gələcək perspektivdən xəbər verir.

Misir Prezidentinin görüş zamanı ifadə etdiyi “İstərdim ki, ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı səylərimizi daha da gücləndirək. Ölkələrimiz arasında siyasi dialoqun hər iki xalqın mənafeyi naminə davam etdirilməsini istəyirik və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafında maraqlıyıq. Xalqlarımızın dini, tarixi yaxınlıqlarını nəzərə alaraq, iqtisadi, ticari və mədəni sahələrdə əlaqələrimizi daha da inkişaf etdirmək niyyətindəyik”, - fikri Azərbaycan-Misir münasibətlərinin yeni müstəviyə keçdiyini göstərir.

Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024