Mobil versiya
İrandakı səfirliyimizdə cinayət törədənlər qısa vaxt ərzində layiqli cəzalarını almalıdır
Tarix: 27-01-2023 | Saat: 19:31
Bölmə:Manşet / Siyasət | çapa göndər

İrandakı səfirliyimizdə cinayət törədənlər qısa vaxt ərzində layiqli cəzalarını almalıdır

Azərbaycanın İrandakı səfirliyinə qarşı həyata keçirilmiş hücum terror aktıdır. Bu cinayəti törədənlər ən qısa vaxt ərzində layiqli cəzalarını almalıdır.

Bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov deyib.


O qeyd edib ki, Azərbaycanın diplomatik nümayəndəliyinə hücumla bağlı İranın müvafiq qurumları ən qısa vaxtda bütün zəruri tədbirləri görməlidir.

Milli Məclisin deputatı vurğulayıb ki, bu terror aktı İranın faktiki olaraq Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərini yerinə yetirmədiyini göstərir: “Konvensiyanın 22-ci maddəsi, hər bir dövlətin üzərinə ərazisində olan diplomatik nümayəndəlik binalarını edilə biləcək hücumlardan qorumaq, diplomatik nümayəndəliyin fəaliyyətinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək öhdəliyi qoyur. Lakin biz görürük ki, İran Azərbaycan tərəfinin diplomatik missiyalarının təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi ilə bağlı qaldırdığı məsələyə kifayət qədər həssas yanaşmayıb. Bu faktın özü çoxlu suallar doğurur”.

Soltan Məmmədov vurğulayıb ki, terror aktının son dövrlər İran mətbuatında Azərbaycan əleyhinə aparılan davamlı və sistemli kampaniya fonunda baş verməsi də diqqəti çəkən məqamlardan biridir. Baş verən hadisələrin terror aktı olduğunu İran tərəfi rəsmi şəkildə etiraf etməli və hadisəyə məhz bu kontekstdə qiymət verməlidir. Bu, beynəlxalq hüququn normalarının tələb etdiyi bir yanaşmadır.

Deputat bildirib ki, İran beynəlxalq birliyin məsuliyyətli üzvü kimi, indiki şəraitdə üzərinə düşən bütün hüquqi addımları atmalıdır. İran tərəfi məsələni obyektiv, beynəlxalq hüquqa uyğun araşdıracağını rəsmən bildirməlidir. “Hesab edirəm ki, bu prosesin ədalətli və tam obyektiv olması üçün azərbaycanlı mütəxəssislərin də cəlb olunmasına ehtiyac var. İran beynəlxalq birliyin üzvü kimi qoşulduğu konvensiyalardan irəli gələn öhdəliklərin məsuliyyətini anlamalıdır. Bu, bir terror aktıdır və İran bu terror aktına öz münasibətini aydın şəkildə ifadə etməlidir”, - deyə Soltan Məmmədov diqqətə çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024