Mobil versiya
Azərbaycan artıq yaşıl enerji ixracatçısı kimi yeni bir istiqamət üzrə hərəkətdədir
Tarix: 23-01-2023 | Saat: 10:30
Bölmə:Cəmiyyət | çapa göndər

Azərbaycan artıq yaşıl enerji ixracatçısı kimi yeni bir istiqamət üzrə hərəkətdədir

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan şaxələndirilmiş xarici siyasət həyata keçirilir, ikitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlıq prinsipi əsas götürülür. Çünki iqtisadi əməkdaşlıq siyasi tərəfdaşlığın əsas təməlidir. Azərbaycanda yürüdülən dövlət siyasəti və onun əsas prioritet istiqamətləri ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınmasını təmin edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs ölkəmizin maraqlarının təmin olunmasına xidmət edir, qarşıya qoyulan hədəflərə çatmağa imkan verir. Son 20 ildə Azərbaycan bütün ölkə və təşkilatlarla dostluq və tərəfdaşlıq münasibətlərini hansısa geostrateji təsirə məruz qalmadan müəyyənləşdirib, ikitərəfli və çoxtərəfli əməkdaşlıqda ali geosiyasi iradəsini nümayiş etdirib.
Qeyd edək ki, yeni dövrün çağırışlarına əsaslanan əməkdaşlıq öz aktuallığı ilə seçilir və Azərbaycan yenidən sivilizasiyalar üçün əsas platformaya çevrilir. Dövlət başçısı dəfələrlə qeyd edib ki, Azərbaycan qarşıdurma, rəqabət deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu hazırkı real siyasi proseslərdə özünü doğruldur - beynəlxalq münasibətlərin mürəkkəb mərhələsində də Azərbaycan strateji tərəfdaşlıq üçün cazibə mərkəzidir. Bu günlərdə reallaşan Əbu-Dabi Dayanıqlılıq həftəsi, ardından isə Davosda keçirilən Dünya İqtisadi Forumunda önə çıxan arqumentlər bu faktı növbəti dəfə təsdiqlədi.
Azərbaycana olan maraq və diqqət ölkəmizin beynəlxalq arenada qazandığı yüksək nüfuzun əyani göstəricisi kimi ifadə edilir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, eyni zamanda, dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlət kimi tanınmasına hədəflənib. Bunun nəticəsidir ki, Əbu-Dabidən Davosa uzanan qlobal iqtisadi bağlar Azərbaycanın təmsilçiliyi ilə möhkəmlənir, etimad qazanır. Azərbaycan Şərq ilə Qərbin həm sivilizasiyalararası, həm iqtisadi əməkdaşlıq, həm də siyasi tərəfdaşlıq platforması kimi çıxış edir. Dünyanın təhlükəsizliyinə böyük töhfələr verən Azərbaycan Cənub Qaz dəhlizinin ardından yaşıl enerji dəhlizi layihəsini irəli sürərək mühüm bir coğrafiyanın - Yaxın Şərq ilə Avropanın, eləcə də Çinin ümumi maraqlar ətrafında birləşməsini təmin edə bilər.
Eyni zamanda, Azərbaycan regionda sabitləşdirici aktor kimi strateji əhəmiyyətli layihələr reallaşdırmaqla Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsini formalaşdırır - yeni geostrateji əməkdaşlıq platformaları yaradır. Azərbaycan Prezidentinin sözü isə imzasıdır. Dövlət başçısı Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində bildirib ki, yerinə yetirə bilmədiyim sözü heç vaxt vermirəm: "Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam".
Vurğulamaq lazımdır ki, son vaxtlar Azərbaycanın təşəbbüsü ilə keçirilən üçtərəfli, dördtərəfli formatda "əməkdaşlıq masaları" diplomatik münasibətlərin inkişafına xidmət edir. Prezident İlham Əliyevin müdrik strateji baxışları, eləcə də regional və qlobal miqyasda siyasi ab-havanın düzgün müəyyənləşdirilməsi yönündə atılan praktiki və əməli addımlar Azərbaycana uğur gətirir. Vətən müharibəsində əldə olunan tarixi Qələbədən sonra Azərbaycan bir sıra güc mərkəzləri üçün önəmli bir platformaya çevrilib. Yeni geosiyasi reallıqlar onlar üçün də maraq doğurur. Bu baxımdan, Azərbaycan artıq Şərq ilə Qərb arasında önəmli bağlantını həyata keçirir. Belə ki, Çin ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsində önəmli həlqəni təşkil etməyi hədəfləyən Azərbaycan həm də öz nəqliyyat, kommunikasiya, tranzit, logistika potensialını inkişaf etdirmək, zəruri infrastruktur bazasını formalaşdırmaqla yanaşı, enerji diplomatiyası sahəsinə də böyük diqqət ayırır. Respublikamızda neft-qaz əməliyyatları ilə yanaşı, son dövrlər alternativ və bərpaolunan enerji sektoru ilə bağlı planlar müəyyənləşdirilir. İşğaldan azad edilmiş ərazilər Prezident tərəfindən yaşıl enerji zonası elan edilib. Olduqca mühüm amillərdən biri də Azərbaycana Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanının müvafiq bərpaolunan enerjiyönümlü şirkətlərin sərmayə yatırmasıdır.
Prezident İlham Əliyevin BƏƏ-yə səfəri və səfər çərçivəsində Əbu-Dabi Dayanıqlılıq həftəsindəki çıxışı da əsas etibarı ilə Azərbaycanın alternativ və bərpaolunan enerji sahəsinə həsr olunmuş və dövlət başçısı bu sahəyə sərmayələrin yatırılmasının önəmini bildirmişdi. Digər tərəfdən, qlobal məkanda ən önəmli hadisəyə çevrilən Davos Qlobal İqtisadi Forumunda Prezident mühüm görüşlər keçirdi.
Bəli, bu gün dövlətimiz qarşıya qoyduğu hədəflərə doğru uğurla irəliləyir. Azərbaycan özünün gücünü təkcə siyasi formatda deyil, eyni zamanda, iqtisadi sferada da göstərir. Müstəqil siyasət aparmaq üçün dövlətin iqtisadi gücünün artırılması vacib şərtdir. Ölkəmiz iqtisadi gücünü artırmaq üçün dayanıqlı və texnoloji inkişaf modellərindən istifadə edir.
Ən əsası, Azərbaycan artıq yaşıl enerji ixracatçısı kimi yeni bir istiqamət üzrə hərəkətdədir. Əbu-Dabi Dayanıqlılıq Həftəsi statusuna və təqdimat imkanlarına görə ölkəmiz yaşıl enerji imkanlarının nümayiş olunması üçün mühüm platformadır.

Cavid Əsgərzadə,
YAP Göygöl rayon təşkilatı aparatının məsləhətçisi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024