Mobil versiya
Yaşıl enerji ilə bağlı potensial çox böyükdür.
Tarix: 22-01-2023 | Saat: 14:02
Bölmə:Siyasət | çapa göndər

Yaşıl enerji ilə bağlı potensial çox böyükdür.

Azərbaycanda bərpaolunan enerjinin istehsalı üçün böyük potensialın olması bu sahədə mühüm layihələrin həyata keçirilməsinə zəmin yaradır. Təsadüfi deyil ki, “Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsi də əhəmiyyətli yer alıb. Hədəf ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır.
Bu istiqamətdə mühüm addımlar atılır. Azərbaycanın uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin edilməsi prosesinə xarici investorlar da həvəs və inamla qoşulublar. Bu ilin yanvar ayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının tikintisinə start verilib. Daha sonra – martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti “Qaradağ” Günəş-Elektrik Stansiyasının təməli qoyulub.
Külək elektrik stansiyasının tikintisinin aparılacağı yerlərdə - Pirəkəşkül və Sitalçayda artıq 6 ədəd külək ölçü-müşahidə stansiyası quraşdırılıb, layihənin ətraf mühitə və sosial sahəyə təsirlərinin qiymətləndirilməsi aparılır. Günəş-Elektrik Stansiyasının inşa olunacağı ərazidə də ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar davam etdirilir. Stansiyaların elektrik enerjisi şəbəkəsinə qoşulması üçün investorların 3 yeni yarımstansiya tikməsi planlaşdırılır. Bu stansiyalar hesabına ümumilikdə ildə təxminən 1,4 milyard kilovat-saat elektrik enerjisinin istehsalı, 300 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tona yaxın karbon qazı tullantısının azaldılması gözlənilir.
Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri – 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. 44 günlük Vətən müharibəsindən sonra 2020-ci ilin iqtisadi yekunlarına dair 6 yanvar 2021-ci il tarixli müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji baxış irəli sürülmüş və bunun üçün həmin ərazilərdə kifayət qədər bərpa olunan enerji potensialının olması bildirilmişdir.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2021-ci il tarixli 2620 nömrəli Sərəncamı ilə beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi nəzərdə tutulmuşdur. Sərəncamın icrası istiqamətində Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanılmış və müvafiq Konsepsiya sənədi hazırlanmışdır.
Konsepsiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır. Bunun üçün müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanmışdır.
Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulmuşdur.
Yeri gəlmişkən qeyd edək ki, keçən ay işğaldan azad edilmiş ərazilərdə “yaşıl texnologiya”ların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun tərkibində yaradılmış alt İşçi Qrupun növbəti iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın icrası ilə bağlı görüləcək işlərin effektivliyinin artırılması üçün tematik tədbirlər, həmçinin məsul şəxslər müəyyən olunub.
Həyata keçirilən bütün tədbirlər Azərbaycanın enerji siyasətinin mühüm hissəsinə çevrilən bərpaolunan enerji ilə əlaqədar işlərin ardıcıllıqla, inam və uğurla irəlilədiyini göstərir.
Yaşıl enerji sahəsində pilot layihələrin də həyata keçirilməsini əlaqələndirən xüsusi komissiya dövlət başçısına layihələrin icrası üçün torpaq sahələrinin ayrılması ilə bağlı təkliflərini təqdim etməli, bu cür layihələrə investisiya qoymaq istəyən investorlara dövlət zəmanətləri barədə təkliflər hazırlamalı və müqavilələr üzrə investorlar qarşısında dövlət zəmanətlərinin icrası tədbirlərini müəyyənləşdirməlidir.
Beləliklə, qeyd etmək olar ki, ötən ilin sonunda ölkədə alternativ enerji sahəsində yeni genişmiqyaslı kampaniyaya start verilib. Artıq yaxın illərdə ölkənin elektroenergetikasının əlavə güc və kilovatt qazanacağı faktı bir tərəfdən ölkənin artan elektrik enerjisi tələbatını ödəyəcəyinə, digər tərəfdən isə ixrac həcmini artıracağına şübhə yeri qoymur.
Öz növbəsində Almaniyanın “Kaiserwetter Energy Asset Management” şirkəti də alternativ enerji mənbələri ilə işləmək və bərpa olunan enerjiyə keçid prosesindəki enerji sistemləri haqqında informasiyanın təqdim olunması üçün nəzərdə tutulan bulud servisləri əsasında yeni platformanın uğurla istifadəyə verildiyini elan edib.
Nəhayət, beynəlxalq enerji şirkəti olan “Enel” bərpaolunan enerji sahəsində modernizasiya proqramını elan etdi. Təşəbbüs çərçivəsində şirkət rəqəmsal transformasiya və ağıllı enerji şəbəkələrin avtomatlaşdırılması ilə bağlı vəzifələrin həlli üçün 13 milyard dollardan çox vəsait ayıracaq.

Nəsimi rayon sakini Hüseynli Billurə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024