Mobil versiya
20 Yanvar həm də milli iradəmizin zəfər çaldığı gündür
Tarix: 19-01-2023 | Saat: 18:43
Bölmə:Siyasət | çapa göndər

20 Yanvar həm də milli iradəmizin zəfər çaldığı gündür

1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən nadir səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir və bu baxımdan 20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir. 20 Yanvar həm də milli iradəmizin zəfər çaldığı gündür. Ona görə də gənclərimiz tarixi həqiqətləri bilməlidirlər.

Ulu öndər Heydər Əliyevin bu bəyanatı özündə bütün məqamları ehtiva edirdi. Vətənini, xalqını canından artıq sevən, daim Azərbaycanın gələcəyi barədə düşünən Ümummilli Lider bütün məqamlarda xalqının yanında olmaqla, xalqına arxalanmaqla hazırkı uğurlarımıza yol açdı. 20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz isə o vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildi. Heydər Əliyev təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.Məhz həqiqətləri dünyaya çatdırmaq məqsədilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 1990-cı il 21 noyabr tarixli Qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi.

1990-cı il yanvar ayının 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Yurdunun azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağrı və acı ilə deyil, həm də şan və şərəf günü kimi xatırlanır. Xalq həmin gün üstünə hücum edən qorxunc sovet ordusuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacarmışdır. Məhz həmin hadisələr sübut etdi ki, xalqımız pozulan hüquqlarının, suverenliyinin, ölkənin ərazi bütövlüyünün bərpa olunması uğrunda savaşmaq əzminə malikdir.Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyev şəhid ailələrinin, 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin qayğılarını daim diqqət mərkəzində saxlayır. 20 Yanvar əlilləri və şəhid ailələri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Dövlətimizin başçısının fərmanlarına əsasən 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin və Şəhid ailələri üçün Prezident təqaüdlərinin artırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Qeyd edək ki, 20 Yanvar şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün Prezident İlham Əliyevin 13 yanvar 2023-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2023-cü il 1 yanvar tarixindən 600 manat müəyyən edilmişdir.

Bir məqamı xüsusilə qeyd etmək istərdim ki, məhz xalqımızın azadlıq uğrunda mübarizliyinin nəticəsidir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi 8 noyabr tarixində Azərbaycanın möhtəşəm Qələbəsi ilə sona çatdı. Bu tarixi Zəfər ilə bütün soyqırım, faciə, qətliam qurbanlarının, eyni zamanda Qarabağ müharibəsi şəhidlərinin qisası alındı. Bu gün Azərbaycan xalqı dünyada qalib və müzəffər xalq kimi tanınır. Artıq 3 ildir Şəhidlər xiyabanında uyuyan qəhrəmanlarımızın ruhları da şaddır. Çünki qanları yerdə qalmayıb. İndi həmin müqəddəs məkana üz tutan hər bir azərbaycanlı məzarlar önündə mətin dayanaraq ona müstəqillik qazandıran ölməz qəhrəmanların ruhlarına dualar oxuyur. Hər kəs qürurludur, şəhidlərin isə ruhları şaddır. Cünki azadlığı, müstəqilliyi uğrunda canını fəda etdiyi ökə bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024