Mobil versiya
Mətbuat Şurası bəyanat yaydı
Tarix: 16-01-2023 | Saat: 14:18
Bölmə:Media | çapa göndər

Mətbuat Şurası bəyanat yaydı

Azərbaycanlı fəalların və qeyri-hökumət təşkilatları təmsilçilərinin Laçın-Xankəndi yolunda keçirdikləri aksiyanın dünyanın bir sıra media vasitələrində təqdimatı cəmiyyətimizin müxtəlif təbəqələri kimi, ölkəmizin jurnalist ictimaiyyətinin nümayəndələrini də ciddi şəkildə narahat etməkdədir.

aia.az xəbər verir ki, bununla bağlı Azərbaycan Mətbuat Şurası bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, bu təqdimatlar söz və ifadə azadlığının imkanlarından sui-istifadədir, qərəz və qeyri-obyektivlikdir.

"Qarabağ Azərbaycanın suveren, beynəlxalq səviyyədə tanınmış ərazisidir. Bölgədə yaşayan ermənilər də hüquqi baxımdan ölkəmizin vətəndaşlarıdırlar. Lakin erməni lobbi və diaspor təşkilatlarının, habelə, Qarabağdakı qondarma rejimin“dövlət naziri” kimi oyuncaq postu tutan Ruben Vardanyanın çirkli maliyyəsi hesabına məqsədli formada hərəkətə gətirilmiş dünyanın bəzi media orqanları elə görüntü yaradırlar ki, sanki, azərbaycanlı fəalların Laçın-Xankəndi yolunda keçirdikləri aksiya Qarabağ ermənilərinin yaşam hüququna təhdiddir. Bu fonda humanitar fəlakət, Azərbaycanın erməni əhaliyə qarşı soyqırımı, etnik təmizləmə, 120 min erməninin blokadada qalması, onlardan 30 mininin uşaq olması, Xankəndi xəstəxanalarında ağır xəstələrin mövcudluğu kimi yalan şablonlar dövriyyəyə buraxılır. Belə təqdimatlar reallığı qətiyyən əks etdirmir. Çünki azərbaycanlı fəalların etirazının konkret məqsədi var. Aksiya heç bir halda Qarabağı blokadada saxlamaq məramına xidmət etmir, bölgəyə humanitar yüklərin daşınmasında hər hansı problem, maneə yoxdur".

Bəyanatda xatırladılır ki, Laçın-Xankəndi yolundakı aksiya artıq bir aydan çoxdur ki davam edir: "Qeyd edilmiş media vasitələri ermənipərəst siyasətin əsirinə çevrilməyib duruma bir qədər həssas yanaşsaydılar, vardanyanların və digərlərinin şablonlarının mahiyyətinə diqqət yetirər, müəyyənləşdirərdilər ki, bölgədə humanitar fəlakət kimi qiymətləndiriləcək durum tam istisnadır. Təəssüf ki, biz belə həssas yanaşmanı deyil, qeyri-peşəkarlığı görürük. Bu yol isə aksiya ilə bağlı əsl gerçəklikdən diqqəti yayındırmaqdır, aşkar manipulyasiyadır.

O da təəssüf doğurur ki, bilərəkdən, yaxud bilməyərəkdən manipulyasiyaya yol verənlər dünyanın və Avropanın ictimai rəyində çəkiyə malik olduğunu, fikir plüralizmini rərbər tutduğunu, yaradıcılıqlarının bəşəri dəyərlərə xidmət amalına söykəndiyini bəyan edən media vasitələridir. Onların məqalələri, faktiki olaraq, bir-birinin təkrarıdır. Eyni məzmun, eyni qərəzli iddialar, hətta, bəzi hallarda cümlələr belə eynidir.

Halbuki, obyektiv media R.Vardanyanın kimliyini araşdırmalı, onun böyük məbləğdə pul maxinasiyaları həyata keçirdiyini, kriminalla yaxın olduğunu bildirməli, belə bir şəxsin qanunsuz və cinayət xarakterli fəaliyyət həyata keçirdiyini diqqətə çatdırmalıydı. Bu, bəşəri dəyərlərə xidmət nümunəsi olardı.

Azərbaycan Mətbuat Şurası dünyanın aparıcı media vasitələrini Laçın-Xankəndi yolundakı aksiyaya obyektiv qiymət verməyə, onunla bağlı əsl həqiqətlərə diqqət yetirməyə, birtərəfli və qeyri-obyektiv təbliğatın aləti olmamağa çağırır. Onlar nəzərə almalıdırlar ki, bu aksiyanın, ümumiyyətlə, Azərbaycan və Ermənistan arasındakı münaqişəli durumun beynəlxalq miqyasda ədalətli təqdimatı, bütövlükdə Cəbubi Qafqaz coğrafiyasında sülhün, əminamanlığın, dinc birgəyaşamın formalaşması baxımından son dərəcədə vacibdir", - deyə Mətbuat Şurasının bəyanatında bildirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə