Mobil versiya
Millətin mövcudluğu sağlam gənclikdən asılıdır
Tarix: 13-01-2023 | Saat: 14:25
Bölmə:Siyasət | çapa göndər

Millətin mövcudluğu sağlam gənclikdən asılıdır

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyət həyatının bütün sahələrində çoxsaylı uğurlar qazanmaqdadır. Ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artmasını təmin edən həmin uğurların hər biri bizim üçün dəyərlidir. Ancaq elə uğurlar var ki, onlar dünya miqyasında təqdim edilərkən, dövlət himnimiz səsləndirilir və ya bayrağımız qaldırılır. Həmin uğurları bizə idmançılarımız – ölkə əhalisinin böyük sevgi və məhəbbətini qazanmış gənclərimiz qazandırırlar.
Hər kəsə məlumdur ki, Azərbaycan idman dövlətidir. Bunu bütün dünya, idman ictimaiyyəti qəbul edir, bilir. Azərbaycanda idmanla, Olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır. Məhz bu siyasət nəticəsində biz bu gün bu uğurlar haqqında danışa bilərik. Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycanda, cəmiyyətdə önəmli bir ictimai amilə çevirmişdir. Ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən işlər Azərbaycan idmanının dünyadakı nüfuzunu xeyli artırıb.
Bu inkişaf və nüfuz idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi medalların və ölkəmizdə keçirilən beynəlxalq turnirlərin sayında əksini tapıb. Ölkədə idmana göstərilən diqqət və qayğı nəticəsində son illər Azərbaycan idmançıları beynəlxalq yarışlarda böyük uğurlar əldə edirlər.
2022-ci ildə də bu sahədə xeyli uğurlar əldə olunmuşdur. Bunu cənab Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan 9 yanvar tarixli mərasimdə çıxışında qeyd edərək yüksək qiymətləndirmişdir. Cənab prezident qeyd etmişdir ki, “İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Doğrudan da böyük nailiyyətdir. Çünki dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunlarını qeyd etmək istərdim. Bildiyiniz kimi, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir. Çünki İslam Həmrəyliyi Oyunlarında rəqabət çox böyük idi, demək olar ki, bütün komandalar əsas heyətlə təmsil olunurdu. Gərgin mübarizə zamanı 4-cü yeri tutmaq əlbəttə ki, böyük qələbədir, böyük nailiyyətimizdir.”
Azərbaycanda idmana olan münasibət digər ölkələrə nümunə kimi göstərilməkdədir. Ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, təmsilçilərimizin mötəbər yarışlarda medallar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın dünya miqyasında idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət kimi idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. Cənab Prezident İlham Əliyevin dediyi kimi- “Sevindirici hal ondan ibarətdir ki, bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Eyni zamanda, biz Bakı şəhərində ən mötəbər idman yarışlarını qəbul etmişik və yeni yarışları qəbul edəcəyik. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ona görə bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri, əlbəttə, əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin.”
"Sağlam bədəndə sağlam ruh olar" prinsipinə söykənərək demək olar ki, Azərbaycan həm də sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir. Ölkəmizdə idmana qayğı bu sahənin inkişafına böyük töhfələr verir. Tarixi Zəfərin qazanılmasında bu siyasətin böyük rolu danılmazdır. Bunu cənab Prezident öz çıxışında fəxrlə, qürur hissi ilə qeyd etmişdir: “Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi - bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi. Bu amil əlbəttə ki, bütün sahələrdə özünü göstərir. Yəni, artıq iki ildən çoxdur ki, xalqımız müzəffər xalq kimi yaşayır və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq. Sadəcə olaraq, bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq. Əminəm ki, indi idmançılarımız beynəlxalq yarışlarda iştirak edərkən onlar tamamilə başqa bir həvəslə, hətta başqa bir hərəkətlə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər.”
Bəli, bu günün gəncləri həm də cəmiyyətin, dövlətin keşikçiləridir. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi Azərbaycan dövlətinin və gənclərimizin qarşısında duran əsas vəzifədir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024