Mobil versiya
İlhamə Abdullayeva: “Dövlət başçısı azad edilmiş şəhərlərdə idman qurğularının yaradılacağını bildirməklə bu sahəyə diqqətin daha da artırılacağını yenidən vurğulamış oldu”
Tarix: 10-01-2023 | Saat: 17:33
Bölmə:Siyasət | çapa göndər

İlhamə Abdullayeva: “Dövlət başçısı azad edilmiş şəhərlərdə idman qurğularının yaradılacağını bildirməklə bu sahəyə diqqətin daha da artırılacağını yenidən vurğulamış oldu”

“Dövlətimizin və şəxsən cənab Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində ötən illərdə olduğu kimi, 2022-ci il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Yanvarın 9-da keçirilmiş və ötən ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tədbirdə çıxış edərək bildirmişdir ki, bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələr icra edilib, Azərbaycanın dinamik inkişafı təmin olunub. Xüsusilə qeyd etmək lazımdır ki, idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyib. Həqiqətən də ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. İdmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medallar olub. Bu çox böyük nəticədir. Çünki müasir dünyada idman sahəsində rəqabət getdikcə artır, hər il yeni idman ölkələri meydana çıxır. Buna baxmayaraq, 2022-ci ildə keçirilmiş dünya və Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Həmçinin ötən il qardaş Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandası 56 ölkə arasında 99 medalla 4-cü yerə layiq görülmüşdür.”

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva deyib.

Müsahibimiz qeyd edib ki, ölkəmizdə idmana göstərilən dövlət dəstəyi bu sahənin inkişafının əsasında duran başlıca amildir: “Cənab Prezident İlham Əliyevin dediyi kimi, idmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, yüksək nəticələr də olacaq. Məlumdur ki, idman ölkəmizin ictimai həyatının önəmli bir hissəsidir. Sağlam həyat tərzinin təbliğ edilməsi Azərbaycan üçün son dərəcə önəmli məsələdir və bu, dövlət siyasətinin prioritet istiqamətlərindən sayılır. Bu gün ölkəmizdə hər kəsin idmanla məşğul olması üçün bütün imkanlar var. Hazırda respublikamızın regionlarında 50-yə yaxın Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. İdman qurğu və obyektlərinin inşası prosesi bu gün də yüksək intensivliklə davam etdirilir. Təbii ki, idmanın təbliği baxımından ən təsirli vasitələrdən biri də beynəlxalq yarışların keçirilməsidir. Qeyd edə bilərik ki, son illər Bakı şəhərində ən mötəbər idman yarışları yüksək səviyyədə təşkil olunub. Həmçinin 2023-cü ildə də ölkəmizdə həm dünya, həm Avropa çempionatları və böyük ehtimalla bəzi idman növləri üzrə Olimpiya Oyunlarının təsnifat turnirləri də keçiriləcək. Bütün dünyanın idman ictimaiyyəti kimi, Azərbaycan da Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindədir. Dövlət başçımızın dediyi kimi, bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin.”

Daha sonra İ.Abdullayeva 2022-ci ildə azad edilmiş ərazilərdə bir neçə beynəlxalq idman yarışının keçirilməsinin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Məlumdur ki, ötən il paytaxt Bakıdan başqa artıq respublikamızın azad edilmiş ərazilərində də bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Bunun çox böyük tarixi əhəmiyyəti vardır. Çünki azad edilmiş ərazilər indi canlanır, o torpaqlara həyat qayıdır. Öz dədə-baba yurdlarından didərgin salınan və 30 il məcburi köçkün həyatı yaşamağa məhkum olunan insanlar bu gün artıq öz tarixi torpaqlarına qayıdırlar. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə iki il bundan əvvəl əldə olunmuş tarixi Zəfərimizdən dərhal sonra Azərbaycan azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlayıb. Məhz buna görə də həmin bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Öz çıxışında möhtərəm dövlət başçımız azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılacağını bildirməklə bu sahəyə diqqətin daha da artırılacağını bir daha vurğulamış oldu. Bu gün biz birmənalı olaraq deyə bilərik ki, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir”, - deyə İlhamə Abdullayeva fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024