Mobil versiya
Haqq davamızın növbəti hədəfi Qərbi Azərbaycana qayıdışdır
Tarix: 30-12-2022 | Saat: 12:01
Bölmə:Siyasət | çapa göndər

Haqq davamızın növbəti hədəfi Qərbi Azərbaycana qayıdışdır

200 ildən artıq bir müddətdə imperialist ağalarından dəstək alan ermənilər “dənizdən dənizə” Ermənistan dövləti yaratmaq xəyalı ilə Azərbaycan xalqına, o cümlədən “türkəm” deyən hər kəsə qarşı gsnosid siyasəti yeridiblər. Özlərinin uydurduqları və dünyanı da inandırmağa çalışdıqları bu mif erməniləri iki əsr boyunca terror və qan bataqlığına sürükləyib. Nəticədə indi Ermənistan adlandırılan ərazidə- tarixi Azərbaycan torpaqlarında xalqımız dəfələrlə soyqırıma, talan və terrora məruz qalıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin tarixi səhvi- İrəvanın ermənilərə güzəştə gedilməsi bu soyqırımın daha təhlükəli və məkrli surətdə aparılmasına rəvac vermişdir. Bundan sonra tarixi ərazilərimizə yiyələnməyə başlayan ermənilər bu günə qədər də öz faşist xislətlərindən əl çəkmədən uydurduqları miflərə və əfsanələrə söykənərək öz siyasətlərini davam etdirirlər.
Ermənilər torpaqlarımıza yiyələnməklə bərabər Qərbi Azərbaycanda bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki nəsillərin qan yaddaşından, tarixi sənədlərdən, xəritələrdən bu torpağın əzəli və əbədi sahibləri olan azərbaycanlıların izini silmək mümkün deyildir.
1948-1953-cü illərdə SSRİ rəhbərliyinin ermənipərəst siyasəti nəticəsində yüz minlərlə soydaşımız deportasiya olunmuş, tarixi adlar erməniləşdirilmiş, insanlarla bərabər onların min illərlə yaratdıqları maddi-mədəniyyət abidələri də soqırıma məruz qalmışlar.
1980-ci illərin sonlarında Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm də onların sovet hökumətindəki havadarları azərbaycanlılara qarşı həyata keçirdikləri sistemli cinayətləri davam etdiriblər. Ümummilli Lider Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldıraraq və sovet hökumətinin dəstəyini alaraq, həm Qarabağda, həm də Ermənistan SSR-də xalqımıza qarşı növbəti cinayətə başlayıblar. Azərbaycanlılar tarixi diyarları Qərbi Azərbaycandan deportasiya ediliblər.
Növbəti cinayət ünvanı kimi özlərinə Qarabağı və Şərqi Zəngəzuru hədəf seçən Ermənistan o vaxt Azərbaycanda hakimiyyətdə olan antimilli qüvvələrin xəyanətkar siyasətindən yararlanaraq bu tarixi torpaqlarımızı da işğal etmişdilər, daha yüzminlərlə azərbaycanlını məcburi köçkünə çevirmişdilər.
Lakin tarix ədalətsizliyi sona qədər sürdürməyə heç kimə imkan verməyib. Bu dəfə də belə oldu. Xalqımız öz müdrik rəhbərlərinin səbrli və qətiyyətli siyasi iradəsinə, həyata keçirdikləri tədbirlərin nəticələrinə böyük inamla mübarizəsini davam etdirdi və 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atmaqla bu ədalətsizliyə, erməni vandalizminə qalib gəldi. O gündən başlayaraq Qarabağ və Zəngəzurda aparılan quruculuq işləri dünyaya sübut etdi ki, bu torpaqların əbədi sakinləri Azərbaycan türkləridir. Ermənilərdən fərqli olaraq biz dağıtmaqla yox, qurub yaratmaqla torpağı Vətən edən millətik. Müzəffər Ali Baş Komandan İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin inzibati binasında ziyalılarla görüşündə bunu belə ifadə etdi: “İki il bundan əvvəl biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır.
Özünün ad günündə Qərbi Azərbaycan İcmasının inzibati binasında ziyalılarla görüşən Prezident İlham Əliyev bizi uzaqlara aparacaq hədəfləri ifadə edən çıxışı ilə bütün Azərbaycan xalqına daha bir xoş ismarış verdi. Dövlət başçısı əvvəllər Qarabağın azərbaycanlı icmasına məxsus binanı qərbi azərbaycanlılara hədiyyə etməklə, həm də bu soydaşlarımızın da tezliklə tarixi torpaqlarına qaytarılacağına rəmzi işarə vurdu:
"Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".
Bəli, artıq nə dünya, nə də Azərbaycan 100 il bundan əvvəlki deyil. Zaman çox şeyləri unutdursa da, bir millətin Vətən sevgisini, qanla suvarılmış torpaq məhəbbətini ürəklərdən, yaddaşlardan silə bilməyib. Əksinə, bu sevgi daha da artıb, xalqda qayıdışa inam möhkəmlənib. Çünki bu inamı yaradan, bu inama söykənib bizi haqq davamıza səsləyən müdrik rəhbərimiz, qətiyyəti və mübarizə əzmi ilə çoxlarına örnək olan Prezidentimiz İlham Əliyev var. Məhz onun böyük inamla söylədiyi “Biz qayıdacağıq” kəlməsi bu prosesin başlandığına və tezliklə sona çatacağına əminlik yaradır. Cənab Prezidentin “Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz” deyə söylədiyi fikir haqq davamızın yeni hədəflərini göstərdi. Haqq uğurunda yolumuz davam edir və bu yolun sonunda bütöv Azərbaycan dayanır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024