Mobil versiya
Azərbaycanla Serbiyanın həm enerji təhlükəsizliyi, həm də bir çox digər sahələrdə əlaqələri daha da güclənəcək
Tarix: 23-12-2022 | Saat: 14:50
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanla Serbiyanın həm enerji təhlükəsizliyi, həm də bir çox digər sahələrdə əlaqələri daha da güclənəcək

Dekabrın 21-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə görüşü keçirildi. Xatırladaq ki, hər iki Prezidentin Belqradda son görüşü bir ay bundan əvvəl olmuşdu. Qısa zaman kəsiyində ölkə başçılarının təkrar bir araya gəlməsi onu göstərir ki, Mərkəzi Avropanın ən önəmli ölkələrindən biri olan Serbiya Azərbaycanla əlaqələrə xüsusi önəm verir. Azərbaycana gəlincə, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir.

Ölkələrimiz arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. Ölkələrimiz arasında əlaqələrin qurulmasının 25 illiyi münasibətilə bu il avqustun 21-də Azərbaycan və Serbiya prezidentləri arasında telefon danışığı olub. Telefon danışığı zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı, Azərbaycan və Serbiyanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub.

Serbiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Serbiyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında mütəmadi olaraq iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Serbiya prezidenti Aleksandr Vuçiçlə görüşdən sonra mətbuta verdiyi Bəyanatında qeyd edildi ki, “Təbii ki, energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır. Onu da bildirməliyəm ki, dörd gün bundan əvvəl Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır və biz bu sahədə, əlbəttə ki, ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəyik.”

Rusiya-Ukrayna müharibəsindən sonra Avropanı gözləyən enerji problemlərində əsas çıxış yollarından biri də məhz Azərbaycanla əməkdaşlığın genişləndirilməsidir. Bu gün Avropa ciddi enerji böhranı ilə üz-üzədir. Buna görə də enerji məhsullarının idxalı məsələsində, eyni zamanda bir çox sahələr üzrə yeni bazarlar axtarışındadır. Avropa ölkələrində bir çoxları haqlı olaraq belə düşünür ki, bu məsələdə ən etibarlı tərəfdaş Azərbaycan hesab edilməlidir. Serbiya prezidenti bir neçə dəfə vurğulayıb ki, cənab prezident İlham Əliyev verdiyi hər bir sözü yerinə yetirib. O baxımdan Azərbaycanla Serbiyanın həm enerji təhlükəsizliyi, həm də bir çox digər sahələrdə əlaqələri daha da güclənəcək. Özəlliklə imzalanan yeni sazişlər iki ölkə arasındakı iqtisadi, ticari münasibətləri növbəti dəfə yüksək səviyyəyə çatdıracaq.



Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024