Mobil versiya
Ağacları kim qırır? - Dövlət qurumları üz-üzə
Tarix: 17-06-2016 | Saat: 16:56
Bölmə:Gündəm | çapa göndər

Ağacları kim qırır? - Dövlət qurumları üz-üzə


Bu günlərdə paytaxtın bir sıra küçə və prospektlərində yol kənarlarında ağaclar kütləvi şəkildə budanır. Budanmış ağac budaqları isə avtomobil yoluna tökülür. İki gündür budanma işləri aparılsa da, qalıqlar hələ də təmizlənməyib. Deyəsən, budamanı aparanlar onun qalıqlarını təmizləməyi öz işlərinin bir hissəsi hesab etməyiblər.

Paytaxtda ağacların budanmasını Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi həyata keçirir. Ağacların hansı səbəbdən budanması və küçənin ortasına atılması ilə bağlı adıçəkilən qurumla əlaqə saxladıq. Qurumdan bildirdilər ki, budama işləri onlar tərəfindən həyata keçirilmir. Bu işlərə Dövlət Polis İdarələri nəzarət edir. Çünki budanma onların sifarişi əsasındadır. Daha sonra bizi “Green servis”MMC-yə yönləndirdilər.

“Green servis”MMC-nin direktoru Orxan Məmmədov Publika.az-a açıqlamasında budama işlərinin Dövlət Yol Polisi tərəfindən həyata keçirildiyini dedi: “Həmin ərazidə ağaclar Dövlət Yol Polisinin görüntü kameraları ilə əlaqədar budanıb. Ağacların budaqları kameraların görüntüsünü məhdudlaşdırdığı üçün bizə müraciət etmişdilər. Lakin biz bu işi yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən təqdim edilən ekspertiza rəyi əsasında həyata keçirə bilərik. Bu barədə onlara da məlumat verdik. Lakin budanma işlərinin təcili olduğunu və ekspertiza rəyinə qədər gözləməyin mümkün olmadığını bildirdilər. Buna baxmayaraq biz budama işlərini etmədik. Budama işlərini Dövlət Yol Polisi əməkdaşları özləri edib. Bildiyimiz qədəri ilə rəy almaq üçün nazirliyin aidiyyəti qurumuna müraciət ediblər. Lakin cavab verilməsi bir neçə gün çəkir”.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə budanma işlərinin onlar tərəfindən aparılmadığını dedi: “İl ərzində yol nişanları, işıqforların və eləcə də kameraların qarşısını kəsən ağacların budanması ilə bağlı mütəmadi olaraq müraciətlər edirik. Məqsəd yolda təhlükəsiz hərəkətin təmin edilməsidir.. Mütəmadi olaraq müayinələr aparılır, hansı yolda ağacların budanmasına ehtiyac varsa, aidiyyatı təşkilat qarşısında məsələ qaldırılır. İşlər də həmin təşkilat tərəfindən həyata keçirilir”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov Publika.az-a açıqlamasında bildirdi ki, bu vaxta qədər yol nişanları və işıqforların qarşısını kəsən ağaclarla bağlı yoxlamalar aparılıb. Paytaxtın müxtəlif küçə və prospektlərində təxminən 70-dən çox belə ağac aşkarlanıb:
“Həmin ağacların budanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişik. Çünki ağacların budaqları bəzən yol nişanlarının qarşısını kəsir ki, bu da hərəkət iştirakçılarına mane olur. Bildiyim qədəri ilə artıq bu işlər həyata keçirilir, bir çox yerdə problem aradan qaldırılıb. Hazırda işlər davam etdirilir”.

Ağacların DYP əməkdaşları tərəfindən kəsilməsi ilə bağlı iddialara gəldikdə, V.Əsədov belə bir şeyin mümkün olmadığını dedi: “Dövlət Yol polisi əlinə mişar alıb ağac kəsəndi? Biz sadəcə müraciət edirik, aidiyyatı qurum da budamanı həyata keçirir. Bu işi Yaşıllaşdırma Təsərrüfat Birliyi həyata keçirir”.

Ağacların budanmasının həyata keçirildiyi ərazilərdən biri də M.Ə.Rəsulzadə qəsəbəsidir. Qəsəbə bələdiyyəsindən Publika.az-a bildirdilər ki, bələdiyyədə budanma işləri mütəmadi olaraq təşkil edilir.

“Vətəndaşların müraciəti edəndə, yaxud da bizim əməkdaşlarımız tərəfindən qurumuş budaqlar aşkar ediləndə budanma işləri həyata keçirilir. Dünən Azadlıq prospekti boyunca həyata keçirilən budanma işləri də Dövlət Yol Polisinin müraciəti əsasında həyata keçirilib. Ağacların budaqları çox şaxələnmişdi, yol nişanların görünməsinə mane olurdu. Bu baxımdan bələdiyyə əməkdaşları tərəfindən budanma işləri həyata keçirildi. Bu işlər Yaşıllaşdırma İdarəsinin razılığı əsasında həyata keçirilir” – deyə bələdiyyədən bildiriblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a bildirdilər ki, paytaxt ərazisində həyata keçirilən budanma işləri yol nişanları və kameraların normal görüntüsünü təmin etmək üçündür: “Daxili İşlər Nazirliyi tərəfindən ərazidəki ağacların budaqlarının görüntü kameralarının işinə mane olmasına görə budanması ilə bağlı müraciət edilib. Dövlət Ekspertiza İdarəsinin rəyi əsasında şəhərin bütün küçə və prospektlərində yarışlarla əlaqədar kameraların işinə mane olacaq ağaclarda budama işləri həyata keçirilir. Bu gün kütləvi şəkildə işlər həyata keçirilir ki, “Formula1 “ yarışı zamanı baş verəcək hər hansı hadisənin kameralarda dəqiq görünməsi üçündür”.

Nazirlikdən bildirdilər ki, işlər qısa zamanda başa çatdırılacaq və ağacların qalıqları tam təmizlənəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024