Mobil versiya
Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir
Tarix: 15-12-2022 | Saat: 14:22
Bölmə:Siyasət / Özəl | çapa göndər

Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir

Azərbaycan regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur. Müxtəlif regional əməkdaşlıq formatları məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb. Mühüm məqamlardan biri ölkəmizin region dövlətləri ilə əlaqələrinin inkişaf etməsidir. Bu baxımdan, Azərbaycanla Türkiyə, Azərbaycanla Türkmənistan arasında qarşılıqlı-faydalı əməkdaşlıq ayrıca qeyd edilməlidir.  Hər üç ölkə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi kimi istiqamətlərdə sıx əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirirlər. Müxtəlif dövrlərdə qarşılıqlı səfərlər təşkil edilir, təhlükəsizliyə və əməkdaşlığa dair ən aktual məsələlərlə əlaqədar fikir mübadiləsi, məsləhətləşmələr aparılır.
Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır. Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir.
Azərbaycan-Türkmənistan münasibətləri son 5 ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Karbohidrogen ehtiyatları ilə zəngin olan Xəzərətrafı bu ölkə ilə Azərbaycan arasında əlaqələrin əsas spektrini nəqliyyat-tranzit, logistika və enerji resurslarının daşınması sahələri təşkil edir. Belə ki, Qafqaz və Mərkəzi Asiya regionlarını birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsilə  bu iki ölkədən keçir . Bu da, öz növbəsində, Azərbaycan və Türkmənistanı ''TRACECA'' , ''Lapis Lazuli'', ''Xəzər dənizi - Qara dəniz'', ''Şərq - Qərb'' kimi transkontinental nəqliyyat dəhlizlərinin önəmli iştirakçısına çevirir.
Son 5 ildə Türkmənistan və Azərbaycan arasında imzalanmış müqavilələr, eləcə də 2018-ci ildə açılmış Ələt Beynəlxalq Dəniz Ticarəti Limanı və Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanı iki ölkə arasında ticarət dövriyyəsini nəzərəçarpacaq dərəcədə artırmış, eləcə də məhsulların daşınma müddətini önəmli dərəcədə azaltmışdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi bu ölkəni Türkmənistan üçün Avropaya açılan pəncərə durumuna gətirmişdir . Bakı-Tbilisi-Qars dəmiryolu infrastrukturu Türkmən mallarının Türkiyəyə və Avropaya, eləcə də əks istiqamətdə daşınması üçün önəmli bir vasitəyə çevrilmişdir. Bu, əsasən resurs və xammal ixracatçısı olan Türk Şurasının Özbəkistan, Qırğızıstan kimi üzvlərinə də öz yükdaşımalarını bu xətlə həyata keçirilməsinə imkan yaradaraq, Şuranın inkişaf perspektivlərinə xidmət edir. Belə ki, BTQ dəmiryolu Avrasiyanın bir ucundan digər ucuna yükdaşıma müddətini 15 günə endirib və bu da öz növbəsində eyni istiqamətdə su daşımalarından iki dəfə qısa vaxta və hava daşımalarından iki dəfə ucuz vəsaitə başa gəlir .
Dekabrın 14-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə bu məsələrə toxunan cənab Prezident İlham Əliyev qazanılmış uğurların gələcəkdə davam etdirilməsi üçün qarşılıqlı faydalı əməkldaşlıq perspektivlərinin olduğunu qeyd etmişdir. Beləliklə, Azərbaycan, türkiyə və Türkmənistan arasında müxtəlif sahələrdə olan əməkdaşlığın mümkün inkişafı Türk coğrafiyasının rolunu beynəlxalq arenada gücləndirir. Türkmənistanla imzalanmış 5 sənəd bu mənada çox mühüm önəm daşıyır. Bu görüşdə imzalanan sənədlər, dövlət başçımızın nitqində əksini tapan məsələlər bir daha göstərdi ki, Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024