Mobil versiya
Mais Məmmədov: “Heydər-Xalq, Xalq-Heydər ifadəsi sarsılmaz xalq-iqtidar birliyinin ən ali təzahürüdür”
Tarix: 08-12-2022 | Saat: 09:00
Bölmə:Siyasət | çapa göndər

Mais Məmmədov: “Heydər-Xalq, Xalq-Heydər ifadəsi sarsılmaz xalq-iqtidar birliyinin ən ali təzahürüdür”

“Hər il olduğu kimi, bu il də bütün dünya azərbaycanlıları tərəfindən ulu öndər Heydər Əliyevin əziz xatirəsi böyük ehtiramla qeyd edilir. Məlumdur ki, hər bir xalqın əsrlər boyu formalaşan dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və milli iradə ilə yanaşı, güclü lider amilinin də olması mühüm şərtdir. Güclü, qətiyyətli, vətənpərvər və müdrik liderə malik olmayan xalq hətta real imkanlar daxilində belə öz müstəqilliyinə qovuşa bilməz. Heydər Əliyev də məhz öz xalqının əsrlər boyu bəslədiyi ali məqsədləri gerçəkləşdirməklə sözün əsl mənasında ümummilli lider səviyyəsinə yüksəlmiş dahi şəxsiyyətdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda Heydər Əliyev İli elan olunması da xalqın öz Ulu Öndərinə sonsuz sevgi və ehtiramının bir ifadəsidir.”

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının üzvü Mais Məmmədov deyib.

Hakim partiya təmsilçisi bildirib ki, müstəqil Azərbaycanımızın iqtisadi-sosial inkişafının möhkəm əsasları da sovet dönəmində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur: “Ulu öndər Heydər Əliyevin bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaradan və onu möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. Müasir dövlətçilik tariximiz Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı salnaməsidir. Ulu öndərimiz ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə hazırlamaq, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası işləyib-hazırlamış və həyata keçirmişdir. Ulu öndər Heydər Əliyev unikal keyfiyyətlərə sahib olan bir siyasətçi kimi bir-birilə ziddiyyət təşkil edən iki müxtəlif ictimai-siyasi quruluşda ölkəyə inamla rəhbərlik etmiş, hər iki mərhələdə Azərbaycan dövlətinin möhkəmlənməsinə, tərəqqisinə çalışmış, xalqın mənafeyini hər zaman üstün tutmuşdur. Keçən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanın müasir tarixinin bütün mərhələləri, məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun uzaqgörənliyi sayəsində Azərbaycan iqtisadiyyatının qurulması, respublikada hərbi kadrlar yetişdirən hərbi liseyin yaradılması məhz müstəqil Azərbaycanın bugünkü inkişafı üçün nəzərdə tutulmuş addımlar idi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyub, sözün əsl mənasında, öz intibah dövrünü yaşayıb. İqtisadi asılılığın aradan qaldırılmasının siyasi müstəqilliyin təməlində duran əsas amillərdən biri olduğunu aydın görən ulu öndər hələ sovet dönəmində respublikanın istehsal potensialının mühüm hissəsinin ittifaq şəbəkəsindən ayırıb və bununla da respublika iqtisadiyyatının əsaslı şəkildə müstəqilləşdirilməsinə, sənaye potensialının gücləndirilməsinə nail olub. Mənz həmin illərdə Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı sayəsində keçmiş sovetlər ittifaqının bir çox qabaqcıl texnologiyalara əsaslanan sənaye istehsal müəssisələri Azərbaycanda inşa olunub. Ulu öndərin atdığı bu taleyüklü addımlar sayəsindəAzərbaycanın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılıb. Həmçinin neft sənayesinin iqtisadi inkişafdakı müstəsna rolunu düzgün qiymətləndirən ümummilli lider 70-ci illərdə bu sahənin dinamik inkişafına, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsinə nail olub.”

Daha sonra M.Məmmədov ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətinin varlığına son qoyulma təhlükəsinin birdəfəlik aradan qaldırıldığını vurğulayaraq bunları deyib: “XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə də üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Həmin il xalqın təkidli tələbi ilə ölkədə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev bu addımı atmaqla Azərbaycan dövlətini real yox olmaq təhlükəsindən xilas etdi. Məhz həmin çətin anlarda xalq müdrik bir liderə, xalqı və dövləti bu çətin vəziyyətdən xilas edəcək uzaqgörən siyasətçiyə inanır, güvənirdi. Ulu öndərin əsasını qoyduğu Milli qurtuluş fəlsəfəsi, sözün geniş mənasında, Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Ulu öndər çox böyük real təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin gündən ötən dövr ərzində ulu öndərimizin rəhbərliyi ilə ölkəmizdə möhtəşəm uğurlara imza atıldı, islahatlar həyata keçirildi, iqtisadi dirçəliş baş verdi, ordu gücləndirildi. Bu fikirlərin təsdiqi kimi, “Əsrin müqaviləsi”nin əhəmiyyətini vurğulamaq kifayət edər. Həmin beynəlxalq neft sazişi Azərbaycanın sonrakı uğurlu inkişafında əsaslı rol oynadı. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın dövlət mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar əldə edildi.

Ulu öndər Heydər Əliyevin xalqına, xalqın isə ümummilli liderinə olan sarsılmaz inamı və sonsuz sevgisi belə bir deyim yaratdı – “Heydər-Xalq, Xalq-Heydər!” Əslində bu ifadə özündə bəlkə də bəşər tarixində indiyədək mövcud olmuş ən möhkəm və sarsılmaz xalq-iqtidar birliyini təcəssüm etdirir. Məhz bu birlik sayəsində iki il bundan öncə Azərbaycan xalqı Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində apardığı Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq ölkənin ərazi bütövlüyünü və öz qürurunu bərpa etdi. Azərbaycanın bu gün əldə etdiyi bütün tarixi nailiyyətlər də xalqın öz Prezidenti ətrafında sarsılmaz birliyi sayəsində təmin olunur. Azərbaycan xalqı öz xilaskar oğlu Heydər Əliyevin əziz xatirəsini daim yaşadacaq, Ulu Öndərin müəyyənləşdirdiyi yolla möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra daha böyük qələbələrə doğru inamla addımlayacaq”, - deyə Mais Məmmədov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024