Mobil versiya
Akif Məmmədov: “Azərbaycan xalqı bundan sonra da Ulu Öndər Heydər Əliyevin siyasi kursu ilə daha böyük zəfərlərə, daha parlaq qələbələrə doğru öz yoluna inamla davam edəcək”
Tarix: 06-12-2022 | Saat: 10:33
Bölmə:Özəl | çapa göndər

Akif Məmmədov: “Azərbaycan xalqı bundan sonra da Ulu Öndər Heydər Əliyevin siyasi kursu ilə daha böyük zəfərlərə, daha parlaq qələbələrə doğru öz yoluna inamla davam edəcək”

“Azərbaycanın ən yeni tarixinin ən əhəmiyyətli dövrü Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti ilə sıx bağlıdır. İstər 1969-1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə, istərsə də müstəqilliyimiz bərpa olunandan sonrakı dövrdə respublikamızda gedən bütün mütərəqqi proseslər, müşahidə olunan inkişaf yalnız Heydər Əliyev siyasi kursunun həyata keçirilməsi sayəsində mümkün olub. Əlbəttə ki, ümummilli liderimizin respublikaya rəhbərlik etdiyi hər iki dövrün müasir Azərbaycan dövlətinin qurulması üçün müstəsna əhəmiyyəti olub. Bununla belə qeyd etmək lazımdır ki, Ulu Öndərin ölkədə siyasi hakimiyyətə məhz ikinci dəfə gəlişi Azərbaycan dövlətini yox olmaq təhlükəsindən qurtardı. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Müstəqilliyimizin ilk illərində ölkədə yaşanan hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Həmin il xalqın təkidli tələbi ilə ölkədə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev bu addımı atmaqla Azərbaycan dövlətini real yox olmaq təhlükəsindən xilas etdi.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının sədri Akif Məmmədov deyib.


Akif Məmmədov həmin çətin və təhlükəli dövrdə Azərbaycan xalqının öz müdrik oğlunun xilaskarlıq missiyasına güvəndiyini vurğulayaraq bunları deyib: “Azərbaycan öz xilaskar oğlunun xalqı və dövləti bu çətin vəziyyətdən xilas edəcəyinə inanırdı. Ulu Öndər çox böyük real təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Bundan sonra ulu öndərimizin rəhbərliyi ilə ölkəmizdə möhtəşəm uğurlara imza atıldı, islahatlar həyata keçirildi, iqtisadi dirçəliş baş verdi, ordu gücləndirildi. Bu fikirlərin təsdiqi kimi, “Əsrin müqaviləsi”nin əhəmiyyətini vurğulamaq kifayət edər. Həmin beynəlxalq neft sazişi Azərbaycanın sonrakı uğurlu inkişafında əsaslı rol oynadı. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın dövlət mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar əldə edildi. Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da əhəmiyyətli dəyişikliklərin əsası qoyuldu. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. Nəticədə iqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Xarici investorlarla neft müqavilələri üzrə fəal danışıqlara başlandı və çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. Ümummilli lider müasir Azərbaycan Respublikasında aparılan bütün islahatların təşəbbüskarı və müəllifidir. Həmin islahatlar bu gün də böyük uğurla davam etdirilir. Ulu öndərin əsasını qoyduğu Milli qurtuluş fəlsəfəsi, sözün geniş mənasında, Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini beləcə təmin etdi.”

Daha sonra A.Məmmədov 2023-cü ilin ölkəmizdə Heydər Əliyev İli elan olunmasını Azərbaycan xalqının öz əbədiyaşar Liderinə sonsuz məhəbbət və rəğbətinin bir ifadəsi olduğunu qeyd edib: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkədə siyasi hakimiyyətə gəldiyi ilk gündən böyük çətinliklərə baxmayaraq, respublikada ictimai-siyasi sabitliyi bərqərar etdi, cəmiyyətin demokratikləşməsi, dünyəvi dövlət quruculuğu istiqamətində ardıcıl işlər həyata keçirdi. XX əsr tariximizin ən dinamik inkişaf dövrü məhz görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın siyasi tarixində, dövlət müstəqilliyinin qorunub saxlanılmasında dünyanın nüfuzlu təşkilatları və dövlətləri ilə çoxşaxəli münasibətlərin qurulmasında Ulu öndərin misilsiz xidmətləri olmuşdur. Ölkəmizdə 2023-cü ilin Heydər Əliyev İli elan edilməsi də Azərbaycan xalqının Ulu Öndərin əziz xatirəsinə olan ehtiramın, əbədiyaşar Liderimizin siyasi irsinə sədaqətinin və öz xilaskar oğluna sonsuz məhəbbətinin bir ifadəsidir. Bu gün də Azərbaycan öz dinamik inkişafını Heydər Əliyevin ideyaları əsasında davam etdirir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində ölkəmiz hazırda öz şanlı tarixinin ən parlaq və şərəfli dönəmini yaşamaqdadır. 19 il bundan əvvəl Azərbaycan xalqının cənab İlham Əliyevə etimad göstərməsindən sonra həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən müddət ərzində qarşıya qoyduğu bütün strateji məqsədlərə nail olub. Müasir dövlət quruculuğu strateji prioritet kimi müəyyənləşdirilib, ölkənin ümumi inkişaf strategiyası müasir dövrün tələblərinə uyğunlaşdırılaraq uğurla həyata keçirilib. Rasional və praqmatik xarici siyasət Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsini, dostlarının və tərəfdaşlarının sayının mütəmadi olaraq artmasını təmin edib. Ötən müddət ərzində regional güc mərkəzinə çevrilən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun ən mühüm məntiqi nəticəsi olaraq Azərbaycan Ordusu 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində parlaq tarixi Qələbə əldə edərək ölkəmizin ərazi bütövlüyünü təmin edib. Azərbaycan xalqı bundan sonra da Ulu Öndər Heydər Əliyevin siyasi kursu ilə daha böyük zəfərlərə, daha parlaq qələbələrə doğru öz yoluna inamla davam edəcək”, - deyə Akif Məmmədov öz fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024