Mobil versiya
AZAD LAÇININ FİRAVAN GÜNLƏRİ BAŞLAYIR
Tarix: 01-12-2022 | Saat: 17:26
Bölmə:Gündəm / Özəl | çapa göndər

AZAD LAÇININ FİRAVAN GÜNLƏRİ BAŞLAYIR

Laçın rayonu respublikanın cənub-qərbində, Qarabağ silsiləsində yerləşir. Rayonun reylefi dağlar və dağlıq yaylalardan ibarətdir. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594 m). Bitki örtüyü kolluq və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq və s.), subalp və alp çəmənliklərindən ibarətdir. Ərazisinin çox hissəsində qışı quraq keçən mülayim-isti, soyuq iqlim, Qarabağ yaylasında isə dağ-tundra iqlimi üstünlük təşkil edir. İllik yağıntının miqdarı 600-900 mm-dir. Rayon ərazisindən Həkəri çayı və onun qolları keçir.
Əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub. XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tağı Şahbazi Simurq yaxınlıqdakı dağın adını şəhərə verib. “Laçın” sözü "məğrurluq" mənasındadır. 1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarət olan rayonun ümumi sahəsi 1835 kvadrat kilometrdir.
Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.
İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb və dağıdılıb.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi və Laçın şəhərində üçrəngli Azərbaycan bayrağının dalğalanması ilə rayon ərzisinin tanmamilə Azərbaycanın yurisdiksiyasına qaytarılması prosesi başa çatmış oldu.
Azərbaycan Prezidenti İlham Əliyev 1 dekabr 2020-ci ildə televiziya ilə müraciətində Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edərək dedi:
“Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”, - deyə dövlət başçısı bəyan edib.
Laçının işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində yenidən həyat canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri həyata keçiriləcək.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.
Artıq Laçına həyat yenidən qayıdır. Hazırda Laçın istiqamətində dövlət sərhədləri kifayət qədər möhkəmləndirilmiş, düşmənin ərziliərimizi tam tərk etməsi işi başa çatmışdır. Eyni zamanda, Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək.
Ali Baş Komandan, Prezident İlham Əliyev Laçın rayonuna səfəri zamanı vurğulayıb: “Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək”.
Şiş qayalar məskəni olan azad Laçının firavan günlərinin başlanmasına az qalıb.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-10-2024