Mobil versiya
YENİ AZƏRBAYCAN PARTİYASI ZƏRURƏTDƏN DOĞAN SİYASİ REALLIQDIR
Tarix: 30-11-2022 | Saat: 09:45
Bölmə:Gündəm | çapa göndər

YENİ AZƏRBAYCAN PARTİYASI ZƏRURƏTDƏN DOĞAN SİYASİ REALLIQDIR

XX əsrin 90-cı illərinin müstəsna tarixi-siyasi əhəmiyyətə malik n hadisələrdən biri də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasıdır. Yeni Azərbaycan Partiyasının yaradılması ərəfəsində Azərbaycanda mövcud hakimiyyətin milli maraqlara zidd, yarıtmaz, uğursuz siyasəti və xəyanətkar mövqeyi nəticəsində ölkəmizdə ictimai-siyasi böhran, iqtisadi tənəzzül hökm sürürdü, respublikamız regional və beynəlxalq səviyyədə, demək olar ki, geosiyasi təcrid vəziyyətində idi. Ölkə daxilində siyasi ziddiyyətlərin dərinləşməsi, vətəndaş qarşıdurmasına yol açan gərginliyin artması, Azərbaycana beynəlxalq təzyiqlərin güclənməsi, Ermənistanın ölkəmizə təcavüzünün genişlənməsi - torpaqlarımızın işğal edilməsi, digər neqativ hadisə və proseslər Azərbaycanın formal xarakter daşıyan müstəqilliyinin itirilməsi təhlükəsini aktuallaşdırmışdı.Belə bir məqamda Azərbaycanı qeyd edilən böhranlı vəziyyətdən çıxarmağa qadir olan liderə, onun sioyasi rəhbərliyi ilə fəaliyyət göstərən, xalqın iradəsinə söykənən siyasi təşkilata ehtiyac var idi.
Ziyalıların məktubuna yazdığı cavabda Ulu Öndər vurğulamışdı ki, “belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransının keçirilməsi, Ulu Öndər Heydər Əliyevin partiyanın Sədri seçilməsi xalqımızın gələcək taleyini, ölkəmizin perspektivini müəyyənləşdirən çox mühüm, əlamətdar hadisə oldu.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın yaranmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında da bəyan etdiyi kimi “partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir.”

Beləliklə, noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Bu, xalqın Ümummilli lider Heydər Əliyevə böyük inamının, Onun rəhbərlik etdiyi partiyaya dəstəyinin bariz ifadəsi idi. 
Cənab Prezident İlham Əliyevib qeyd etdiyi kimi o dövrdə “Ölkə qarşısında çox ciddi, böyük problemlər var idi. Məhz Heydər Əliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın ona olan inamı və əlbəttə, Yeni Azərbaycan Partiyasının üzvlərinin fəaliyyəti, ictimai fəalların fəaliyyəti birlikdə bizə imkan verdi ki, bu çətin vəziyyətdən şərəflə çıxaq. Məhz Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atılmışdır. İlk növbədə, Konstitusiya qəbul edilmişdir. Təsəvvür edin ki, Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan artıq müstəqil dövlət idi, amma bizim Konstitusiyamız yox idi. Konstitusiyanın qəbul edilməsi çox önəmli tarixi hadisədir. Dövlətçiliyin əsasları qoyulmuşdur, dövlət təsisatları düzgün zəmində formalaşmışdır. Biz beynəlxalq aləmdə bizə qarşı olan əsassız mövqeyə düzəlişlər edə bildik, tam aradan qaldırmadıq, çünki beynəlxalq müstəvidə bizə qarşı çox ciddi qüvvələr fəaliyyət göstərirdi. Amma hər halda biz beynəlxalq təcridi, o cümlədən informasiya blokadasını yara bildik, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıra bildik”.
İndiki reallıq isə bundan ibarətdir ki, YAP hakim partiya kimi həm cəmiyyətin irəliyə doğru, keyfiyyətcə yeni inkişaf mərhələlərinə daxil olmasını və onun mütərəqqi inkişafını təmin edən aparıcı siyasi qüvvə kimi çıxış edir, həm də yaratdığı yeni çağırışları və reallıqları özü tənzimləyərək, gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələr müəyyənləşdirir.


YAP-ın hakim partiyaya çevrilməsindən sonra Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verildi, iqtisadiyyatın bazar iqtisadiyyatı modelinə uyğunlaşdırılması sürətlə həyata keçirildi. Azərbaycanın dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edilmiş oldu. Xarici siyasətdə milli maraqların önə çəkilməsi əsasında atılan addımlar xalq tərəfindən dəstəkləndi və təqdir edildi. Bir neçə il ərzində güclü ordu yaradıldı. Bunu xüsusi vurğulayan cənab Prezident yubiley tədbirindəki çıxışında qeyd etmişdir ki, “Bu gün bütün Azərbaycan xalqı Ordumuzla fəxr edir. Yəni, bu tarixi addımlar ölkəmizin uzunmüddətli strateji inkişaf modelini özündə ehtiva edirdi. Əlbəttə ki, bütün planlarımızı həyata keçirmək üçün bizim güclü maliyyə imkanlarımız olmalı idi. Yaxşı başa düşürdük ki, xarici sərmayələr gəlmədən buna nail olmaq mümkün deyil. Xarici sərmayələrin ölkəyə qoyulması üçün də ilk növbədə sabitlik olmalı idi və bu sabitlik yaradıldı. O ölkədə ki, 1991-1993-cü illərdə Azərbaycan xalqı faktiki olaraq sabitlik nədir bilmirdi. Qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakı və digər şəhərlərin küçələrində əli avtomatlı insanlar faktiki olaraq hökmranlıq edirdi, kütləvi itaətsizlik hökm sürürdü. Belə bir vəziyyətdə sabitliyi yaratmaq ancaq Heydər Əliyevin nüfuzu, onun cəsarəti və xalqın ona olan inamı hesabına mümkün idi və xarici sərmayələr də ondan sonra dərhal gəlməyə başlamışdır. Məşhur “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı. O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün bizə imkan verir ki, müstəqil iqtisadi siyasət aparaq və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özümüzü təsdiqləyək”.
Bu gün YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti gənclərdən ibarətdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun inkişafına xüsusi diqqət yetirib. Partiyamız tarixi ənənələrə, müasir çağırışlara və mütərəqqi dəyərlərə əsaslanan fəaliyyəti ilə milli həmrəyliyin ideoloji düsturu olan azərbaycançılıq məfkurəsinin geniş təbliğinə və mənimsənilməsinə vacib töhfələr verir. Dünya azərbaycanlılarının, o cümlədən mütərəqqi qüvvə olan gənclərin milli ideologiyanı əxz edərək yüksək vətənpərvərlik nümayiş etdirməsində YAP-ın bu istiqamətdə məqsədyönlü fəaliyyətinin müstəsna rolu var.
Azərbaycan milli tərəqqinin yeni mərhələsinə qədəm qoyub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. İnamla demək olar ki, partiyamız öz müdrik rəhbərinin müəyyən etdiyi istiqamətlər üzrə yeni reallıqlar fonunda öz vəzifələrini layiqincə yetirəcək və dövlətimizin inkişafı üçün yeni töhfələr verəcəkdir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024