Mobil versiya
Deputat: Orta Dəhliz layihəsinin icrası üçün ölkəmizdə bütün amillər mövcuddur
Tarix: 29-11-2022 | Saat: 11:42
Bölmə:Siyasət | çapa göndər

Deputat: Orta Dəhliz layihəsinin icrası üçün ölkəmizdə bütün amillər mövcuddur

Dünyanın beyin mərkəzlərinin, tanınmış siyasi ekspertlərin iştirakı ilə ADA Universitetində təşkil edilən beynəlxalq konfrans artıq üçüncü dəfədir ki, keçirilir. Konfrans Azərbaycanın Vətən müharibəsindən sonra regionda yaratdığı yeni reallıqları, eyni zamanda, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında çox mühüm əhəmiyyətə malik olan bir platforma rolunu oynayır.

aia.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Noyabrın 25-də keçirilən beynəlxalq konfransın “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusuna həsr olunduğunu diqqətə çatdıran deputat əlavə edib: “Orta Dəhliz çox böyük beynəlxalq əhəmiyyətə malik irimiqyaslı layihədir. Tədbirdə çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq. Ümumiyyətlə, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində isə ölkəmizdə möhkəm əsaslı sabitlik mövcuddur ki, bu da öz növbəsində Azərbaycanın regional və beynəlxalq əhəmiyyətli layihələrdə yer almasına gətirib çıxarır. Orta Dəhliz layihəsinin də icrası üçün siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir.

Konfransda Azərbaycanın həyata keçirdiyi, eləcə də planlaşdırdığı enerji layihələri, bu layihələrin beynəlxalq əhəmiyyəti, həmçinin ölkəmizdə mövcud olan böyük nəqliyyat-kommunikasiya potensialı haqqında geniş məlumat verən Prezident İlham Əliyev mövcud imkanları və bu istiqamətdə xarici ölkələrlə olan əlaqələri dəyərləndirdi. Dövlətimizin başçısı Azərbaycan xalqının və dövlətinin milli maraqlarının bütün məsələlərin önündə dayandığını bir daha sübut etdi”.

Cavid Osmanovun sözlərinə görə, Prezident İlham Əliyev tədbirdən mesaj verdi ki, Azərbaycan faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələri Ermənistanla deyil, Rusiya ilə aparır. Ermənistanın dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur və Ermənistan asılı ölkədir. Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir və bu ölkə faktiki olaraq dalana dirənmiş ölkədir. Odur ki, Ermənistan, eləcə də regional kommunikasiya layihələrinə əks gedən İran bu layihələrdə maraqlı olmalıdır. Regional layihələrinin icrasında maraqlı olan Azərbaycana qarşı çıxmaq həmin ölkənin təcrid olunması ilə nəticələnəcək. Ümumiyyətlə, İran və ya Ermənistan regionun nəqliyyat-infrastruktur layihələrinə əngəl törədə bilməyəcək.

“İran-Azərbaycan münasibətlərinə də diqqət çəkən dövlətimizin başçısı İranda yaşayan azərbaycanlıların bizim millətin bir parçası olduğunu, dövlətimizin hər bir azərbaycanlının yanında olduğunu, hər bir soydaşımızın, o cümlədən İranda yaşayanların öz doğma dilində təhsil almaq hüququ olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev vurğuladı ki, İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. İrandan fərqli olaraq, Azərbaycanda 340 məktəbdə tədris rus dilində aparılır, bundan əlavə, 10 gürcü məktəbi var. Lakin Gürcüstanda 200-300 minə yaxın azərbaycanlı yaşasa da, burada 116 Azərbaycan məktəbi vardır. Bildirildi ki, heç bir xarici aktora öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza tətbiq etməyə imkan verilməyəcək.

Dövlətimizin başçısı diqqətə çatdırdı ki, Ermənistan öz ideoloji əsaslarını dəyişməli, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün səylər göstərməlidr. Azərbaycan Zəngəzur dəhlizininin reallaşmasını və tarixi xəritələr əsasında sərhədlərin delimitasiya olunmasını istəyir. Ərazi bütövlüyünü beynəlxalq hüququn başlıca prinsipi olduğunu bildirən Azərbaycan Prezidenti müxtəlif ölkələrin ərazi bütövlüyünə selektiv yanaşmanın olmasını qeyd etdi. Azərbaycan da belə selektiv yanaşmadan əziyyət çəkib. Artıq vəziyyət dəyişib, vəziyyəti dəyişən isə beynəlxalq hüquq, BMT, Ermənistanın konstruktiv yanaşması deyil, Azərbaycan Ordusu, xalqımız və ölkə Prezidentinin siyasi iradəsi oldu”, - deyə deputat vurğulayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024