Mobil versiya
Könül Nurullayeva: “Azərbaycan ən vacib mövzuların müzakirə olunduğu beynəlxalq tədbirlərin təşəbbüskarı kimi tanınır”
Tarix: 26-11-2022 | Saat: 14:24
Bölmə:Manşet / Siyasət | çapa göndər

Könül Nurullayeva: “Azərbaycan ən vacib mövzuların müzakirə olunduğu beynəlxalq tədbirlərin təşəbbüskarı kimi tanınır”

Bakıda​ "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfrans postmünaqişə reallıqlarının təhlili baxımından mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsi hər il daha çox genişlənir, iştirakçılarının sayı daha da artır.
Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasətə beynəlxalq ictimaiyyətin artan marağının göstəricisidir.
Orta dəhliz mövzusunda keçirilən konfrans iştirakçılarının Prezident İlham Əliyevə ünvanladığı suallar və dövlət başçımızın cavablarında da Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları geniş
müzakirə olundu. Əsas diqqət bir daha Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələlərinə yönəldi.
Bu tədbirdə eyni zamanda normallaşma prosesi ilə bağlı təfərrüatlar bir daha diqqətə çatdırıldı. Prezident İlham Əliyev Praqa görüşündən bir həftədən də az sonra Fransa Prezidenti Makronun müsahibəsində Azərbaycanı tənqid etməsinin, ölkəmizi əsassız​ ittiham etməsinin, Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsinin qəbul olunmasının və bunun ardınca Fransanın Frankofoniya Sammiti vasitəsilə Azərbaycana qarşı hücum cəhdinin qəbuledilməz olduğunu bildirdi. Aydın oldu ki, Bakı bütün bunları nəzərə alaraq Fransanın sülh danışıqlarında iştirakını mümkün saymır. Bunun günahı isə elə Fransanın özündədir.
Azərbaycan Prezidenti həmçinin dekabrın 7-də Brüsseldə Ermənistanla keçirilməsi nəzərdə tutulan görüşün baş tutmayacağını və rəsmi Bakının digər alternativləri nəzərdən keçirəcəyini də bəyan etdi. Belə ki, Ermənistanın baş naziri Paşinyanın həmin görüşdə Makronun iştirak etməsi tələbini irəli sürməsi sülh danışıqlarını pozmaq cəhdidir, odur ki, rəsmi Bakı bu məsələdə öz prinsipial mövqeyini bəyan etdi. Bununla da beynəlxalq ictimaiyyət üçün də sülh prosesinin kimin pozduğu aydın oldu.
Dövlətimizin başçısı bir daha bəyan etdi ki, Azərbaycan sülh istəyir. “Biz ərazilər istəmirik və müharibə arzulamırıq. İstəsəydik, bunu edərdik”, deyə Prezident İlham Əliyev bildirdi.
Bu platformada verilən əsas mesajlardan biri də bu idi ki, “biz heç bir xarici aktorun öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza diktə etməsinə imkan verməyəcəyik.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi



Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-02-2023