Mobil versiya
Heydər Əliyev siyasi kursu Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizi və xalqımızı qələbədən-qələbəyə, zəfərdən-zəfərə aparır
Tarix: 22-11-2022 | Saat: 18:00
Bölmə:Gündəm / Özəl | çapa göndər

Heydər Əliyev siyasi kursu Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizi və xalqımızı qələbədən-qələbəyə, zəfərdən-zəfərə aparır

1992-ci ildə ölkədə yaranmış son dərəcə təhlükəli vəziyyətin doğura biləcək fəsadları nəzərə alaraq, Azərbaycanın taleyini düşünən insanlar respublikanı böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.

Ölkə Prezidenti cənab İlham Əliyev cari ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə etdiyi çıxışında həmin dövrdə cərəyan edən hadisələrin əsaslı təhlilini verərək vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransından sonra ölkəmizdə yeni siyasi qüvvə yarandı. Ümummilli liderimizin ilk gündən rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. YAP ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir.

YAP-ın təsis konfransından yeddi ay sonra, 1993-cü ilin iyun ayında Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi və parlamentin sədri seçildi. Artıq oktyabr ayında isə Azərbaycan xalqı tarixi seçimini edərək, Ulu Öndər Heydər Əliyevi Ölkə Prezidenti vəzifəsinə seçdi. Öz çıxışında möhtərəm dövlət başçımızın da dediyi kimi, Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan artıq müstəqil dövlət idi, amma bu dövlətin hələ də Konstitusiyası yox idi. Yalnız 1993-cü ildən müstəqil Azərbaycanda dövlətçiliyin əsasları qoyuldu, dövlət təsisatları düzgün zəmində formalaşmağa başladı.

Bu gün də Heydər Əliyev siyasi xətti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizi və xalqımızı qələbədən-qələbəyə, zəfərdən-zəfərə aparır.

Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, cənab İlham Əliyevi Ölkə Prezidenti seçməklə Heydər Əliyev siyasətinə səs verdi. Həmin tarixi gündən keçən 19 il ərzində Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. Öz siyasi vəsiyyətində ümummilli liderimiz demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Heydər Əliyev siyasi irsinin ən layiqli davamçısı, Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurdu.

Bu gün müstəqil Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Möhtərəm dövlət başçımız bu siyasəti də uğurla davam etdirir. Bu gün Azərbaycanda dünya miqyasında nadir və təkrarolunmaz həmrəyli mühiti yaradılıb. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdırlar.

Əlbəttə ki, Qarabağ probleminin həlli Ulu Öndər Heydər Əliyevin ən vacib siyasi vəsiyyəti idi. Cənab Prezident İlham Əliyev bu problemi hər zaman xüsusi diqqət mərkəzində saxladı. 17 il ərzində dövlətimizin başçısı Azərbaycanı əzm və iradə ilə bu hədəfə doğru apardı. Nəhayət 2020-ci ildə Azərbaycan xalqı öz Prezidenti, öz Ali Baş Komandanı ətrafında bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində tarixi ədaləti bərpa etdi, düşməni torpaqlarımızdan qovdu. Bununla da ölkəmizin həyatında tamamilə yeni bir dövr, tariximizin ən şərəfli dövrü başlandı.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024